“İndi hər şey sponsorla bağlıdır” - Elxan Məmmədov

“İndi hər şey sponsorla bağlıdır”
Oxunma sayı: 609

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın Çexiya yığması ilə ev oyunu öncəsi brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, qurum rəsmisi jurnalistlərin suallarını cavablandırıb.

- Millimizin son ev oyunundan nə gözləyirsiniz?

- Bəli, millimizin son ev oyunudur və komandamız seçmə mərhələdə öz meydanındakı son matçına xüsusi motivasiya ilə çıxacaq. Təbii ki, kapitan Rəşad Sadıqovun da son oyunudur. Millimiz buna görə də məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri sevindirsinlər. Ümid edirik ki, millimiz sabah yaxşı oyun göstərəcək və 3 xalı qazanmağa çalışacaq.

- Sabah AFFA-nın İcraiyyə Komitəsinin ixlasında digər məsələlər arasında baş məşqçi Probert Prosineçkinin gələcək taleyinin müzakirəsi nəzərdə tutulub?

- Yox. Sabahkı iclasın gündəliyi artıq elan olunub. Sabah Region Liqası ilə bağlı müzakirələr olacaq. İcraiyyə Komitəsinə bəzi təkliflərimizi hazırlamışıq. Buna baxsınlar və qərar versinlər. Bundan əlavə, lisenziyalaşdırma ilə bağlı dəyişiklər var və onları tətbiq edəcəyik. Baş məşqçi ilə bağlı heç bir danışıqlar aparılmayacaq. Çünki hələ 2 oyunumuz var.

- Bəzi klub rəsmiləri legioner limiti ilə bağlı çox narazılıqlar edirlər. Buna gələcəkdə baxılması planda var?

- Hal-hazırda gündəmdə belə məsələ yoxdur. Bildiyiniz kimi, İcraiyyə Komitəsi neçə il bundan qabaq legioner limiti ilə bağlı qərar verib. Artıq 4-cü ildir “6+5” sistemiylə gedirik. Fakt və rəqəmlər göstərir ki, həmin limit müsbət nəcitə verdi. Yadınızdadır, 2008-ci ildən sıfırdan başladıq, limit yox idi. Bundan sonra 2 ildən bir sitsematik limiti tətbiq edirdik. Həmin limiti tətbiq edəndən sonra “Neftçi”miz, “Qəbələ”miz, “Qarabağ”ımız Avropa Liqasının, Çempionlar Liqasının qrupuna düşdülər, milli komandamız, 21 yaşlılarımız daha yaxşı nəticələr göstərməyə başladı.

- Region Liqasında neçə komandanın olması planda var?

- Bir neçə alternativ var. Həmin təklifləri İcraiyyə Komitəsinin sabahkı iclasına təqdim edəcəyik. Orda bir neçə mexanizm var. Regionlar Liqasını 4 bölgəyə bölmək, seçmə mərhələ, sonra final mərhələsi. Və ya bir liqa olsun, ev-səfər prinsipi ilə oynasınlar. Təbii ki, bu liqa həvəskar statusunda olacaq.

- Mükafat məsələsi I Divizion komandalarının ora düşməsinə təsir edə bilər? Çünki divizionda ordan fərqli mükafat yoxdur...

- Əslində, orda mükafat olunması təklifi sabah olunacaq. Lakin onu da unutmayın ki, bu, pilot layihəsi olacaq. Biz istəyirik ki, region komandalarını bu liqaya cəlb edək. Təbii ki, ikinci stimullaşdırma faktı mükafatdır.

- PFL prezidenti Ramin Musayev bildirib ki, gələn mövsümdə I Diviziondan 4 komanda Premyer Liqaya gələcək. Aşağı liqada idə ildən-ilə komandaların sayı azalır. Bu, nə dərəcədə doğru ehtimaldır?

- Əslində, bu, ilk növbədə arzumuzdur ki, 8-dən 10-a qalxaq, sonra da 10-dan 12-yə. Lakin hal-hazırda I Diviziondan Premyer Liqaya komandanın gəlməsi ilə bağlı müraciət almamışıq. Məncə, 10-12 komanda Azərbaycan üçün daha idealdır.

- I Divizionda 4 yox, 3 dövrə keçiriləcək. Nəticədə bəzi komandalar 1 oyun az keçirəcəklər. Buna razı olacaqlar?

- Bəzi komandaların artıq razılığını almışıq, fikirlərini öyrənmişik. Düşünürük ki, problem olmayacaq. Bundan əlavə, biz istəyirik kubok da təsik edək və əlavə olaraq bu yarışı da keçirək. Bu, paytaxt kuboku ola bilər. Yaxud bir sponsor tapsaq, onun adıyla bağlı keçirək, I Divizion üçün əlavə matçlar olsun. Premyer Liqa klubları da bu kubok mübarizəsində iştirak edə bilərlər.

- Premyer Liqadan aşağı düşən komanda olacaqmı?

- Hazırda bunu demək çətindir. Bilirsiniz, I Divizionda şəraiti nəzərə almaq lazımdır. İndi hər şey sponsorla bağlıdır. I Diviziondakı komanda Premyer Liqada iştirak üçün lisenziya ala bilməsə, onun gəlməsinə icazə verə bilmərik.

- Onda belə çıxır ki, 8-ci yeri tutan komanda Premyer Liqada çıxış edə bilər?

- Bu, mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi