“İndiyə qədər heç sevgilim olmayıb...” - Boyu 1.93 olan çempion + Video

indiye-qeder-hec-sevgilim-olmayib
Oxunma sayı: 7148

Azərbaycan taekvondo millisinin və “Qəbələ” İdman Klubunun üzvü, Rio-2016 Yay Olimpiya Oyunlarının mükafatçısı, 2017-ci il dünya çempionu Milad Beiqi Harçeqaninin “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycana gəlişinizin maraqlı tarixçəsi var. Bu barədə bir az özünüz danışın...

- İranda taekvondo ilə məşğul olmağa başladım. Çalışdım və milli komandaya qədər yüksələ bildim. Orada olarkən gördüm ki, Rza Mehmandost (milli komandanın baş məşqçisi) Azərbaycanda işləyir. O, mənə təklif göndərdi. Bura gələndən sonra isə yoxlamaq üçün yarışlara apardı. Düzdür, həmin yarışlarda yaxşı nəticə əldə etmədim, amma hər halda istedadımı gördü. Burada saxladı və indiyə qədər də Azərbaycan üçün döyüşürəm. 

- Amma bildiyimə görə, siz İran millisində eyni çəkidə mübarizə aparan Mehdi Xodabaxşiyə rəqabətdə uduzduğunuz üçün yığmadan kənarda qalırdınız. Məhz bu da seçiminizdə rol oynayıb.

- Hər şeyi düz bilirsiz. İran millisində 3 idmançı var idi ki, 80 kq-da rəqabət aparırdı.  Mehdi, Məsut Həcizəvvari və mən. Hər dəfə yarışlara seçim edirdilər. 2015-ci il dünya çempionatı üçün seçmələr oldu. Bizim üçümüz dünya birinciliyinə yollanacaq idmançını aramızdan seçməli idik. Bu döyüşlərdən öncə artıq Rza müəllim məni Azərbaycana dəvət etmişdi. Bunun nəticəsi kimi həmin döyüşlərə həvəssiz və çox rahat qatıldım. Özüm də İran millisində qalmaq istəmirdim. Dedim ki, uduzsam, Azərbaycana gedəcəm və bu, daha yaxşıdır. Elə oldu ki, həmin döyüşləri uduzdum. Məni İranda saxlamaq üçün başqa çəkidə yarışlara qatılmamı istədilər. Amma dedim ki, mənim zədəm var. Davam etmək istəmirdim. İstəyimə nail oldum və Azərbaycana gəldim. 

- Demək ki, İran yığmasında qalmağı heç istəmirdiniz. Azərbaycana bu qədər gəlmək istəyinizin səbəbi nə idi?

- İlk öncə müəllimin sözünə qulaq asmaq lazım idi. Rza Mehmandost məni çağırırdısa, gəlməyim lazım idi. Gəlin sizə daha bir şey deyim. Əgər mən İranda 3 nəfər arasındakı o yarışdan qalib ayrılsaydım da, dünya çempionatına Mehdi Xodabaxşi gedəcəkdi. Çünki o, çox güclü idmançıdır. Baş məşqçinin sevimli idmançısı idi. 

- İsfahan İran şəhəri olsa da, siz Qaşqay tayfasındansınız. Bu tayfa da Azərbaycan mənşəlidir. Özünüzü azərbaycanlı sayırsınız?

- Qaşqaylar İsfahana yaxın ərazidə yaşayırlar. Ora Çarmaal Bəxtiyari adlanır. Burada xeyli sayda başqa millətlər yaşayır. Biz də Qaşqay türküyük. Amma orada yaşamamışıq. Əslimiz isə ordandır. 

- Ümumiyyətlə, orada Azərbaycandan dilindən istifadə edirsiniz?

- Bəli. Hər kəs Azərbaycan dilində danışır. Biz də evdə doğma dilimizdən istifadə edirik. 

- Azərbaycan millisinə gəldikdən sonra Rusiyanın Çelyabinsk şəhərində dünya çempionatına getsəniz də, döyüşə bilməmişdiniz. Həmin vaxt vətəndaşlıqla bağlı problem olmuşdu?

- Yox. Sadəcə İran milli komandası mənimlə bağlı şikayət etmişdi. Onlar həmin yarışa qatılmağımı istəmirdilər. İran Taekvondo Federasiyası məni blok etmişdi. Çünki uduza bilərdilər və bu, onlar üçün təhlükəli idi. 

- Bunu yenidən İrana qayıtmağınız üçün etmişdilər?

- Bəli, ona görə edirdilər. İstəyirdilər ki, ora qayıdım. İndiyə qədər də bunun üçün əllərindən gələni edirlər. Mən isə buranı istəyirdim və düşünürəm ki, bura bağlıyam. Əsas səbəblərdən biri müəllimim Rza Mehmandostun burada olmasıdır. Həmçinin komanda çox mehribandır və uşaqlar daim bir-birinə dəstək göstərirlər. 

- Mehdi Xodabaxşi sizin üçün prinsipial rəqibdir?

- Əlbəttə ki, elədir. Çünki o, çox güclü idmançıdır. Ümumiyyətlə, son zamanlar güclü rəqiblərin siyahısı artır. 

- Məhz Çelyabnskidə sizin qatıla bilmədiyiniz dünya çempionatını Xodabaxşi qazandı. Həmin an nələr düşündünüz?

- Düşündüm ki, kaş, döyüşə bilərdim. Çünki çox yaxşı hazırlaşmışdım. Qızıl medal qazana bilərdim. Biləndə ki, yarışa qatılmayacağam çox pis oldum. Vəziyyətim çox bərbad idi. Sağ olsun məşqçilər, mənə dəstək oldular. 

- Polşalı idmançı Pyotr Pazinski ilə bağlı maraqlı məqam var. “Rio-de-Janeyro-2016” Yay Olimpiya Oyunlarına vəsiqəni Türkiyədə məhz bu taekvondoçunu məğlub edərək qazandınız. Olimpiya Oyunlarında da bürünc medalı məhz bu idmançı üzərində qalibiyyətlə əldə etdiniz...

- Düzdür, onunla maraqlı görüşlər oldu. Xüsusən, Olimpiadadakı qarşılaşma yadda qalan idi. Pazinski mənimlə döyüşə çıxanda artıq məğlub olacağını bilirdi. Hiss edirdim ki, qarşılaşmaqdan çəkinir. Fikrimcə, zəif idmançı deyil. Lakin qorxduğunu hiss etmək çətin deyildi. 

- Olimpiya Oyunlarında yəqin ki, ən maraqlı görüşünüz məhz Xodabaxşi ilə olub. Onun üzərində 13:6 hesablı qələbə qazanmışdınız...

- Onunla hər zaman dost kimi danışırdıq. Onun uduzmağını görəndə pis oldum. Çünki bilirdim ki, onu İranda çətin anlar gözləyir. Mənə uduzduğuna görə çox tənqid edəcəklər. Məşqçiləri də onu danlayacaqdılar. Atmosfer çox pis idi. Danışdım onunla və özüm də pis oldum.  

- “Qəbələ” İdman Klubunun üzvüsünüz.

- Bəli, oranın üzvüyəm. Onlar da mənə hər zaman dəstək olublar. 

- Oradan maaş alırsınız?

- Əlbəttə. Klubum daim mənə diqqət göstərir, maaşımı da ordan alıram. 

- Bir az da şəxsi həyatdan danışaq. Universitet oxumusuz, idmanla yanaşı bunu etmək çətin idi?

- İxtisasim Elektron Mütəxəssisidir. İdmanla yanaşı oxumaq doğrudan çətin idi. 4 ilə universiteti başa vurmalı idim. Amma tənbəllik edib 6 ilə bitirdim. Həm də taekvondo üzrə milli komandaya gedirdim. Müəllimlər də mənə kömək etməli idilər. Amma qətiyyən bunu etmirdilər. Deyirdilər ki, idman ayrı, dərs ayrı. Mən də vaxt problemi baxımından imtahanlara getmirdim. Qiymətlərim də ortadan aşağı idi. 

- Yaşınız 27 olsa da, hələ evlənməmisiniz...

- İdmanla evlənmişəm (gülür). Yolum budur və bütün diqqətimi bura ayırıram. Həyat yoldaşı, uşaq adamın başını qarışdırır. Atam, anam-hər kəs məni evlənməyə məcbur edir. 

- Bəs qızlar? Yazmırlar?

- Hər zaman yazırlar. Amma peşəkar idmançı bunu başa düşməlidir. Mənim indiyə qədər sevgilim belə olmayıb. 

- İllərdir ki, oteldə yaşayırsız?

- Bəli. Amma ölkə başçısı İlham Əliyev mənə ev verdi. Sonra Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da mənə ev verib. Hazırda evin təmiri ilə məşğulam. Bitirdikdən sonra yəqin ki, orada yaşayacağam. Təsəvvür edin ki, 3 ildir oteldə qalıram. Adam sıxılır, darıxır. Evdə isə atam, anam olacaq. 

- Bakıda əylənə bilirsiz?

- Bakıda da əylənirəm. Amma daha çox Qəbələyə gedirəm. Ora çox xoşuma gəlir. Yaxın ölkələrdən Türkiyəyə istirahət üçün vaxt tapan kimi yollanıram. Düzdür, vaxtımız çox az olur. Məşq dalınca məşq. Səhər-axşam məşqdəyik. Yarışlardan sonra bir həftəlik istirahət olur. Onda da bərpa prosesi keçirik. İndiyə qədər bir aylıq istirahətə yollanmamışam. Axşam məşqlərindən sonra arada Bakıda gəzirik. Azərbaycan paytaxtı mükəmməl şəhərdir. Dostlarım İrandan bura gələndə deyir ki, sən çox gözəl şəhərdə yaşayırsan. 

- Sizin də bütün dostlarınız idmançılardır?

- Bakıda idmançılardır.

- Digər idman növlərini sevirsinizmi?

- Futbolu sevmirəm. Çünki özüm də yaxşı oynaya bilmirəm. Amma basketbola marağım var. Oradakı driblinqləri sevirəm. Bəlkə də boyuma görə hamı düşünür ki, basketbolçu ola bilərdim. Çünki 1,93 metr boyum var. Mən isə əksini fikirləşirəm: taekvondo üçün doğulmuşam. 

- Azərbaycan musiqilərini dinləyirsiniz?

- Çox. Populyar mahnılara qulaq asırıq. 

- Müğənnilərlə görüşünüz olurmu heç?

- Bir dəfə Röya ilə görüşdük. Hansısa tədbirdə idik birlikdə. Gəldi idmançılarla görüşdü və foto çəkdirib getdi. Belə heç biri ilə münasibətimiz yoxdur. 

- Paltarlarınızı haradan alırsınız?

- Siz öncə sual verin ki, paltar tapırsınızmı? Köynəyimin qolu qısadır. Çünki əynimə tam olanını tapa bilmirəm (gülür). Hələ ayaqqabıdan danışmıram. 49 ölçüdə ayaqqabı hardan tapmaq olar Bakıda?!

- İslam respublikasında doğulmusunuz. Namaz qılırsınız?

- Arada (gülür). Namaz qılmağa çalışıram, amma tənbəllik də olur. İdmandır da...

- Avropa Oyunlarında, İslam Oyunlarında medalları sizə ölkə başçısı İlham Əliyev təqdim etdi.

- Mən hər zaman döyüşə çıxanda düşünürəm ki, yaxşı nəticə qazanım ki, prezident sevinsin. Çünki onun idmana diqqəti, qayğısı çox yüksəkdir. Hər zaman bizə dəyər verib. 

- Ötən ilin sonunda ilin yekunları ilə bağlı tədbirdə prezidentlə yanaşı dayanarkən ölkə başçısından daha uzun boylu olduğunuz diqqət çəkdi. Bu müzakirələrə səbəb olmuşdu...

- Boy həyatda hər şey demək deyil. Prezidentin yanında dayanarkən nə qədər hündürboylu olsan da, insan özünü daha kiçik hiss edir. Təsəvvür edirsiniz ki, o, bir ölkənin rəhbəridir, mən isə adi bir idmançı. Bu, müqayisə olunmaz. 

- Aranızda hər hansı söhbət oldumu?

- Xeyr, heç bir danışığımız olmayıb. 

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal