İngiltərəni Rusiyaya düşmən edən Skripal cinayəti - Bu, Putinə lazım idi?

ingiltereni-rusiyaya-dusmen-eden-skripal-cinayeti
Oxunma sayı: 3303

Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənib. Bu hadisədən sonra Rusiya ilə İngiltərə arasında münasibətlər gərginləşib. Belə ki, Böyük Britaniyanın baş naziri Tereza Mey olayla əlaqədar 23 rus diplomatın deportasiya edildiyini, onlara ölkəni tərk etmələri üçün bir həftə vaxt verildiyini elan edib.

“Qafqazinfo”nun məlumatına görə, politoloq Şahin Cəfərli bu məqamda cinayət hadisəsinin Rusiya prezidenti Vladimir Putin və ya ondan xəbərsiz “dərin dövlət” tərəfindən, eləcə də ABŞ və Britaniya kəşfiyyatı tərəfindən törədilməsi kimi bir neçə versiyanı təhlil edib.

Ekspert Putinin Qərbdə artıq çoxdan istifadəsi bitmiş və heç bir operativ önəmi qalmamış köhnə agenti niyə aradan götürmək istəməsində qaranlıq məqamlar olduğunu bildirib:

“Özü də Qərblə münasibətlərin onsuz da gərgin olduğu bir vaxtda, Rusiyada seçki və futbol üzrə dünya kuboku kimi iki mühüm tədbirin keçiriləcəyi ərəfədə? Məntiqlə izah etmək olmur.

Hazırlanması və istifadəsi beynəlxalq səviyyədə qadağan olunmuş çox təhlükəli kimyəvi silahın (“Noviçok”) hücum aləti kimi seçilməsi və onun Britaniya kimi bir dövlətin ərazisində az qala göstərə-göstərə tətbiq olunması da önəmli məqamdır. Bu maddənin 2 qramı ilə 500 adamı öldürmək mümkündür. Sui-qəsd üçün başqa - daha sadə, daha ucuz üsul və vasitə də seçilə bilərdi. Aydındır ki, sifarişçi bu aktın böyük hay-küy və kəskin əks-reaksiya doğurmasını istəyib. Bu, Putinə lazımdırdmı?

Məntiq heç də hər zaman bizi həqiqətlərə aparıb çıxarmır. Başqalarına məntiqsiz görünən bir addım müəllif, sifarişçi üçün həyati zərurət, yaxud məcburiyyət ola bilər”.

Oun fikrincə ehtimal edilir ki, adları “Kreml hesabatı”nda olan və sanksiyalara məruz qalacaqları gözlənilən bəzi rusiyalı oliqarxlar (rəsmilər də ola bilər) ABŞ-la əməkdaşlığa getməyi düşünür:

“Onlar Putin və ümumilikdə Rusiya hökuməti haqqında çox qiymətli informasiyalar təqdim etməyin əvəzində sanksiyalardan yayınıb, Qərbdə yaşamaq təminatı ala bilərlər. Skripal cinayəti ilə məhz bu şəxslərə mesaj göndərilib və onlara göz dağı verilib. Yəni haraya qaçsanız, sizə əlimiz çatacaq və Britaniyanın ortasında kimyəvi hücum təşkil edə biliriksə, deməli, bizim üçün qeyri-mümkün heç nə yoxdur”.

Ş. Cəfərlinin sözlərinə görə, bu hadisənin Putinin iradəsi xaricində, ondan xəbərsiz “dərin dövlət” tərəfindən törədilməsi versiyası da ağlabatan görünür:

“Burada iki bir-birinə zidd məqsəd ola bilər. Birincisi, olayı planlayıb həyata keçirənlər Putin və Qərb arasında bütün körpüləri yandırıb, mümkün güzəştləri, yumşalma və yaxınlaşma ehtimalını tamamilə yox etmək istəyirlər. İkincisi isə, əksinə, Putinin ölkəni yanlış istiqamətdə apardığını düşünən çevrələr onun daha da dibə batmasına, az qala terrorçu imicinin formalaşmasına çalışaraq, ondan tezliklə qurtulmağa, beləliklə, Qərblə münasibətləri düzəltməyə zəmin hazırlayırlar”.

Politoloq başqa bir versiyanın olduğunu da ifadə edib:

“Buna əsasən sui-qəsdi ABŞ və ya Britaniya kəşfiyyatının özü təşkil edib ki, Rusiyaya qarşı basqıları daha da ağırlaşdırmaq üçün legitim əsaslar əldə olunsun. Çünki qitə Avropası (Almaniya, Fransa, İtaliya başda olmaqla) Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və uzunmüddətli xarakter almasında maraqlı deyil. Hətta Almaniya Rusiya ilə birlikdə yeni enerji layihəsi həyata keçirir və “Şimal axını 2” kəmərini reallaşdırmağa çalışır. Avropalıları bu niyyətlərindən vaz keçirmək üçün təkcə Donbas münaqişəsinin həllolunmaz qalması faktı kifayət etmir, Putini daha da şeytanlaşdırmağa və toksikləşdirməyə ehtiyac var ki, hər kəs ondan uzaq dursun”.