İnşaatçılardakı qəza ilə bağlı - Açıqlama

insaatcilardaki-qeza-ile-bagli-aciqlama
Oxunma sayı: 758

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 27-də saat 06:50 radələrində paytaxtın Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti 24 ünvanında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq piyada Əbdülova Badam Rəcəb qızını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsinin «Mersedes Benz-C 200» markalı «10-VX-861» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Cinayətin törədilməsində şübhəli bilinən H.Abbasov martın 4-də tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.
Martın 6-da saat 18:30 radələrində Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yaxınlığındakı «Fatma» aptekinin qarşısında Fərid Səlimov sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozmaqla həmin ərazidə ictimai asayişin qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Arzu Kalbalıyevin qanuni tələblərinə tabe olmaqdan yayınıb. Daha sonra o, öz qanunazidd hərəkətlərini davam etdirərək xidməti vəzifələrini yerinə yetirən A.Kalbalıyevə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə xəsarət yetirib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.