“İnsan əti yeyən Muqabe”

“İnsan əti yeyən Muqabe”
Oxunma sayı: 1891

Azər Qismət

Nəhayət ki, Muqabeni devirdilər. İstədiklərinə çatdılar. Kinoda deyildiyi kimi onlar bu xəbəri çoxdan gözləyirdilər. İngiltərədə təhsil alan və demolratik əhvallı insanı dəmir əl sahibinə çevirdilər. Ancaq o, öz xalqı üçün diktator deyildi. Bu, yalnız ona qarşı nifrət oyatmaq istəyənlərin işi idi. Robert Muqabe xalqını çox sevirdi. Onun gedişindən sonra yel əsəcək və təbii ki, yengələr oynayacaq. 

“Zimbabve prezidenti Robert Muqabe insan əti yeyir”. Bu xəbəri neçə il əvvəl Qərbin Kütləvi İnformasiya Vasitələri yaymışdı. Həmin xəbərlərdə vurğulanırdı ki, prezident Muqabe diktator olmaqla yanaşı, heç “insan”da deyil və əslində, onun içində iri bədheybət heyvan oturub. Bu xəbərə sadə əcnəbi inana bilərdi, çünki informasiyanın düzgünlüyünə əminlik üçün Zimbabvenin sapı özündən olan sakinlərindən müsahibələr də alınmışdı.

Doğrudanmı, Afrikanın sakit bir ölkəsinin prezidenti insan əti yeyir?

Məsələnin, dərin kökləri isə uzaqlara gedib çıxır. Robert Muqabe ilk dəfə Zimbabvenin prezidenti seçilib fəaliyyətə başlayarkən, ölkədə xaotik məqamları müşahidə etmişdi. Həmin xaotik məqamlar ölkənin münbit torpaqlarının xaricilərin əlində olmasından ibarət idi. Təsəvvür edin, prezident baxıb görmüşdü ki, Zimbabvenin münbit torpaqları xaricilərə satılıb. Ölkənin əvvəlki prezidentinin dövründə bağlanan müqavilələrə əsasən münbit torpaqlar əldən çıxıb. Əcnəbilər isə orada əkilən məhsulların dəyərindən, yaxud, fəaliyyət göstərən müəssisələrin qazancından dövlətə vergi vermirdilər. Xalq isə ərzağın bahalığından əziyyət çəkirdi. Ölkə sakinləri Vətəni tərk edərək xaricə üz tuturdular.

 Bunu görən Muqabe qərara alır ki, ölkəni bürüyən xaosa son qoysun. Qəti qərar qəbul edərək buna son qoyur və xarici icarədarlar ölkədən çıxarılır. Bununla da, Robert Muqabenin timsalında, ümumilikdə, Zimbabveyə təzyiqlər artır. Əgər hakimiyyət başına yeni gələn prezident əvvəlki aylarda Qərbin KİV-lərində təriflənirdisə, siyasi kursu bəyənilirdisə, ölkədə insan hüquqlarının qorunması işi nümunə göstərilirdisə, sonuncu addımından sonra tənqid atəşinə tutuldu. Deməli, bir prezident kimi öz ölkəsində, xaricilərin əlindən 1 sot torpaqda alma əkə bilməməsi Muqabeyə baha başa gələcəkmiş. O, hücumun belə ardıcıllıqla olacağını gözləmirdi. Deməli, xalqının gələcək taleyini düşünmək bu imiş? Və xaricilərin əlindən xalqa məxsus torpaqların alınması Qərbi qıcıqlandıra bilərmiş?!

Bundan sonra Zimbabve “diktatura şəraitində idarə edilən dövlət” elan edildi. Daha sonra bəyan olundu ki, bu ölkədə insan hüquqları pozulur. Hətta, daha uzağa gedərək mətbuata sızdırdılar ki, Robert Muqabe insan əti yeyir. 2003-cü ildə isə Zimbabve sanksiyalara məruz qaldı. ABŞ Avropadakı müttəfiqləri ilə bu sanksiyaları razılaşdırdı.

Buna baxmayaraq, Muqabe təslim olmadı. Çünki, o, öz xalqını sevirdi. O, Qərb təhsili alan prezident kimi siyasət aləmində, beynəlxalq münasibətlərdə, “Böyük Səkkizlər”in davranışında az qala hər gün dəyişən situasiyanı yaxşı bilirdi. O, bilirdi ki, hakimiyyətdən gedərsə, bu xalqın başına olmazın müsibətlər gətiriləcək. Ona görə də dəfələrlə prezident seçildi ki, o müsibətləri və sıxıntını xalqı gec görsün. Qərb yenə də bununla sakitləşməyib “öz adamı”nı – Morqan Svanqiraini ölkənin Baş naziri seçdirə bildi. Yeni Baş nazir arxalandığı super dövlətlərin gizli siyasətini Zimbabvedə tətbiq edərək hər gün prezident əleyhinə bəyanatlar verməkdə oldu. 

Kiçik haşiyə:

Tarixçilərin yazdıqlarına görə Stalin hər gün ona qəzetləri oxuyan sıravi əməkdaşdan soruşarmış:

-Qərb mətbuatı SSRİ-dən nə yazır?

-Tənqid edirlər, yoldaş Stalin.

-Deməli, düz yoldayıq. 

Stalinin gəldiyi bu qənaət neçə illərdir ki, öz qüvvəsində qalmaqdadır. Qərb tərifləyirsə, deməli, ölkə rəhbərliyi onun maraqlarına uyğun fəaliyyət göstərir. Tənqid edirsə, deməli, o ölkənin rəhbərliyi xalqın milli mənafeyini əsas tutur və böyük güclərin maraqlarını gözə almır. 

Azərbaycan dövlətinin son illər tənqid olunması da Zimbabvenin prezidenti Muqabenin başına açılan oyunu xatırladır. Muqabe öz xalqını sevir. Deməli, bundan sonra da tənqid olunacaq. Hətta, bir azdan yazılacaq ki, məhz Robert Muqabe hinduları son nəfərinə qədər məhv edib. Məhz, Muqabe elektrik stulu kəşf edib və ildə yüzlərlə adam edam edilərək kömürə dönür. Məhz, Muqabe “ərəb inqilabları” törədərək Qəddafinin, Mubarəkin yüz milyardlarla pulunu banklardan çıxarıb öz cibinə qoyub, əvvəldən söz verdiyi kimi xalqa bir qəpik də verməyib. Və məhz Muqabe, Bin Laden, Bağdadi adlı terrorçular yetişdirərək dünya müsəlmanlarını zülmə məruz qoyub. 

Robert Muqabe də belə getdi. Yeni prezident öz torpağını xaricilərin icarəsinə versə “yaxşı prezident” olacaq. Verməsə deyəcəklər ki, o da pişik əti yeyir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi