“İnsanlar amerikalılardan beziblər” - Xamneyi

insanlar-amerikalilardan-bezibler-xamneyi
Oxunma sayı: 654

İran Silahlı Qüvvələrinin Akademiyasında məzunlar və zabitlər qarşısında çıxış edən Xamneyi bəyan edib ki, antiislam siyasəti yürüdən ölkələrin liderləri Məhəmməd Peyğəmbəri təhqir edən hərəkətlərə son qoymalı və sübut etməlidirlər ki, onların bu cinayətlə heç bir əlaqələri yoxdur.

"Bir çox Qərb ölkələrində heç kim Holokost və homoseksualizm məsələlərini açıq şəkildə qaldırmağa cürət etmədiyi halda, nə üçün İslamın təhqir olunmasına icazə verilir? Həmin ölkələr fikirlərini ifadə etmək azadlığına malik deyillər", - Xamneyi deyib.

Ali lider bildirib ki, insanlar amerikalılardan beziblər və məlum filmin çəkilməsi kimi cinayətlər baş verdikdə ictimai nifrət artır.

Qeyd edək ki, "Müsəlmanların məsumluğu" filmi bir çox müsəlman ölkələrində ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumlara səbəb olub. Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna hücum zamanı səfir Kristofer Stivens və daha üç nəfər həlak olub.

ABŞ mətbuatının yazdığına görə, filmin çəkilməsində Floridadan olan keşiş Terri Consun birbaşa əlaqəsi olub. O, dəfələrlə ictimaiyyət qarşısında Quranı yandırıb. Bundan başqa, film üzərində hazırda ABŞ-da yaşayan Misir xristianları da çalışıb.

"The Wall Street Journal" xəbər verir ki, film yəhudi əsilli amerikalı, daşınmaz əmlak sahəsində çalışan Sem Besil tərəfindən çəkilib. Film "Müsəlmanların məsumluğu" adlanır, orada İslam "xərçəng şişi" adlandırılır.