“İnsanları şantaj etməyin axırı yoxdur” - Əli Həsənov

“İnsanları şantaj etməyin axırı yoxdur”
Oxunma sayı: 3052

“Kimlərinsə öz ailəsinə rəva görmədiyini cəmiyyətə yayması yolverilməzdir. Siz jurnalistlər bunları yayanlara qarşı cəbhə açmalısınız”.
 
“Qafqazinfo”nun xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov qeyd edib ki, Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla inkişaf etdirilir: “Bu gün burada səsvermə keçirildi, özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın”.

Ə. Həsənov bildirib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın simvollarını təhqir edirlər: “Həmin şəxslər xaricdə olduqları ölkənin pasportlarını alaraq, Azərbaycana qarşı təlimatlandırırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar.
 
Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət etməlidir.  Mətbuat milli dəyərlərimizi, milli simvollarımızı müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir”.
 
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və antiazərbaycan fəaliyyəti, sizin dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".  
 
Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Ə. Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edib: “Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, "Mətbuat Şurası haqqında" qanun qəbul edilməsinin zamanı çatıb".
 
Ə. Həsənov onu da deyib ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları mənzil alan şəxslərin siyahısına da daxil edilməyəcək.
 
Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etiraz edilməsinin də düzgün olmadığını qeyd edib: "Təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq, dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız".

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi