İnsanlıqdan çıxanları necə durduraq?

insanliqdan-cixanlari-nece-durduraq
Oxunma sayı: 657

Dünya Sakit

Bu günlərin xəbərləri sözün həqiqi mənasında insanda dəhşət, vahimə yaradır: kişi arvadını və 2 uşağını öldürdü, kişi arvadını və 1 uşağını öldürdü, arvad 5 yaşlı qızını zəhərlədi... 

Sonuncu hadisə xüsusilə insanı lal edir: bir qadın mələk kimi qızını “eyninə” düşdüyünə görə zəhərləyib, özü də südlə. Allah-təalanın insan övladına sözsüz-söhbətsiz halal etdiyi yeganə nemətlə...

Bir müddət əvvəl Beyləqanda oğlunun başını kəsən məxluqla bağlı xəbər bütün ölkənin gündəmini zəbt etmişdi. İndi uşaqlarla bağlı ondan dəfələrlə qatı, dəhşətli cinayətlər ard-arda düzülür, cəmiyyətin reaksiyası sosial şəbəkə müzakirəsindən uzağa getmir. Əksəriyyət bu qətlləri sosial-iqtisadi vəziyyətlə izah edir. Halbuki Mingəçevirdə 2 övladını öldürən atanın maddi durumu heç də aşağı olmayıb. Nə də qəti şəkildə demək olmaz ki, Daşkəsəndəki çoban arvadını və 20-25 günlük körpəsini maddi çətinliklərə görə öldürüb. Yaxud Qusarda qızını zəhərləyən məxluq bunu sosial vəziyyətinə görə edib. 

Cəmi 2-3 gün əvvəl gözəllik salonunda bir qadınla həmsöhbət olmuşdum: məndən 3 yaş kiçik olsa da, oğlanları 9-10-cu siniflərdə oxuyur. Onun həyat hekayəsi neçə günüydü beynimdən çıxmırdı. Dediyinə görə, əri içki düşkünü, avara gəzməyə öyrəncəli biridir. Bu üzdən 2 oğlunun bütün əziyyətini bu qadın çəkir. Nəylə, necə çəkir, bilirsinizmi? Bir özəl xəstəxanada axşam növbəsində reanimasiyada tibb bacısı, bir dövlət xəstəxanasında isə gündüzlər “sanitarka”, yəni təmizlikçi işləyir.  Özəl xəstəxanada bütün iş yoldaşları üçün əvəzləyicidir – gününə 20 manat verirlər, işi olan, gecə rahat yatmaq istəyən hamının yerinə növbəyə qalır. Dövlət xəstəxanasında isə bütöv bir korpusda yerindən qalxa bilməyib, böyük və kiçik ehtiyaclarını yataqda etməli olanların əksəriyyətinə o baxır: “Adım dal təmizləyən qalıb ey, heç kim altını batıran xəstəyə yaxın durmur, hamı məni çağırır. Mən də gedib təmizləyirəm – 3-5 manat verir xəstə sahibləri, Allah min bərəkət versin. Böyük oğlum müəllim yanında hazırlaşır, gələn il kiçik oğlum da başlayacaq. 
Onların pulunu çatdırmalıyam axı. Artırdığımı qayınanama verirəm, xırda-xırda yığır, sağ olsun, hərdən öz pensiyasından da atır üstünə.” 

Dediyinə görə, əri ondan içki pulu tələb edir, verməyəndə də uşaqları məktəbdən ayırıb işləməyə göndərməyə çalışır. Qadınınsa uşaqlarla bağlı arzuları, planları tamam başqadır: “İkisi də əlaçıdır, qurban olum onlara. Onlar ali təhsil alan kimi dizimi qatlayıb evdə oturacam. Bircə oğlumun “sanitarka” işlədiyim “bolnitsa”nın qapısından baş həkim kimi girdiyini görsəydim, deyərdim ki, əziyyətlərim havayı getmədi...”

Bu, bir nümunədir: övladları üçün min əziyyətə, döyülüb-söyülməyə qatlaşan belə qadınlarımız, ən ağır yükün altına çiyin verən atalarımız da minlərlədir. Amma belələrindən heç kim gedib ağır işin, qarşıdakının qanmazlığının heyfini uşaqlarından çıxmır. Əksinə, uşaqların varlığı bir çoxlarını yaşamağa, mübarizə aparmağa, çalışıb-çarpışmağa stimullaşdırır.

Dediyim odur ki, bəli, sosial-iqtisadi vəziyyət insanlarda aqressiya yaradır. Bu aqressiyanı hamımız adi küçədə gedəndə bilmədən birinə bir azca möhkəm toxunanda belə hiss edirik. Sosial vəziyyətin ağırlığı insanı cinayətə də sövq edə bilər – oğurluğa, quldurluğa, yol kəsməyə və sair. Amma bu, doğma övladını amansızlıqla qətlə yetirmək üçün qəti səbəb, əsas ola bilməz. İnsanları buna sövq edən hər nədisə insani deyil və zamanla daha geniş yayılır. Böyük bir dalğaya çevrilib, getdikcə daha çox bölgəni ağuşuna alır...

Elə bir vəziyyət yaranıb ki, ölkənin ailə-uşaq institutuna cavabdeh olan qurumları hərəkətə keçməli, insanları insanlıqdan çıxaran bu dalğanın qarşısını almaq üçün nələrsə etməlidilər.

Qədimdə ağır cinayət törədənləri 2-3 şaqqa edib günlərlə görünən yerlərdən asırdılar ki, hamıya görk olsun. Günahsız körpələri öldürən məxluqlar üçün ən doğru cəza olardı..