İnsanlıqdan üstün tutulan itlər

insanliqdan-ustun-tutulan-itler
Oxunma sayı: 668

Emin Səfərov

Dünən gecə dostumla Bakıxanovda 2 manatlıq çay evlərinin birində oturub, nəlbəkidə qalan sonuncu "snickers" parçasına baxaraq yenə fikrə dalmışdıq. Adətən mövzumuz eyni olur: gah dolanışıqdan, gah həyatdan, gah da bəxtsizlikdən şikayətlənirik. Çaynikin boşaldığını hiss edəndə də, bir-birimizə "niyə evlənmirsən?" sualını verib, qanımızı bir saatdan çox masada qalıb, buz kimi olan çayın rənginə “döndəririk”. 

Əslində, sualın cavabını imtahandan "5+" qiymətini alacaq, diplom işi yazacaq səviyyədə bilirik. Səhərdən axşama kimi işlə, 300-400 manat maaş al, yarısını evin kirayəsinə, yarısını da kreditə ver, sonra da yarı ac-yarı tox vəziyyətdə növbəti məvacib vaxtını gözlə, üzərində Messinin şəkili olan divara yapışdırdığın təqvimin hər ötən gününün üstündən "x" çəkməyinə sevin. Belə durumda camaatın qızını gətirib, niyə bədbəxt edəsən ki?

İndi biz nə edək ki, ABŞ, İsveç, Norveç vətəndaşı deyilik, hovuz qırağında 5-6 şampan partlatmaqla  toyumuzu yola verə bilmirik? Mentalitet qurbanı olduğumuzdan əvvəlcə bir aylıq maaşı qızın üzüynə vermək məcburiyyətindəyik. Daha sonra da borc-xərcə girib,  birtəhər toy edib, otururuq bəy-gəlin masasında, “sizi görüm, nətər eliyim, nejə eliyim deməyəsiniz” sağlığına qulaq asırıq. Bu dəfə də başlayırıq düşünməyə: “Toydan sonra nağayracuğa?”

Hələ qız tərəfinin cehiz dərdini demirəm. Get kreditə “gir”, qızına cehiz al, sonra da başla canın çıxa-çıxa hər ay banka borcunu qaytar. Qız da bilmir öz dolanışığının dərdini çəksin, yoxsa ata-anasının kreditinin…

Vallah, hər dəfə gəlinlik yaşına çatmış qızları olan xalalar, bibilər, "niyə evlənmirsən?" sualını verəndə, elə bilirəm, məni söyürlər. Guya mən yaşımın ötdüyünün, indilərdə evlənməsəm, uşaqlarımın canıma yox, goruma and içəcəyinin fərqində deyiləm. Guya mən onun da fərqində deyiləm ki, yeganə Səfərov soyadını daşıyan nəvəyəm, evlənməsəm, nəslimiz tükənəcək.

Dünənə qədər fikirləşirdim ki, mənimki xoruz ili, şir bürcü, it günüdür. Amma bugündən etibarən həyat devizimi dəyişmək məcburiyyətindəyəm. Bundan sonra nə özümün, nə də dolanışığı aşağı səviyyədə olan başqa birinin yaşayışına baxıb, “it günündə” deyə, şikayətlənməyə haqqım yoxdu. 

Çünki Goranboyda  o boyda kişi iti insanlıqdan üstün tutaraq, Amon və İsida adlı  köpəklərini aşıqlı, aşlı-qaralı toy edərək, evləndirib. Bu azmış kimi, əməli ilə heyvanlığı yox, insanlığı təhqir edən Mustafayev Qalib adlı biznesmen, utanmaz-utanmaz dost-tanışları ilə yanaşı, əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib.

İnanın ki, mən heç vaxt “filankəs oğluna yarım, bəhmənkəs də qızına 3 milyonluq toy elədi” tipli xəbərlərə aqressiv reaksiya göstərmirəm. Varıdı, eləyir, mənim də olsa, mən edər, Tarkandan tutmuş, Şakiraya qədər ən bərkgedən müğənilləri şad günümə çağıraram. Amma, itinə toy etmək nədir, ayyy oğul?

Belələrinin etdiyinin sadəcə, bir adı var, o da QUDURĞANLIQ! Halbuki iti evləndirməkdənsə, ətrafında evlənmək yaşına çatıb, “subaylıq sultanlıqdı” deyiminə nifrət edən gənclərdən birinə köməklik etsəydi, bu qədər aqressiya ilə qarşılaşmaz, əvəzində alqış qazanmış olacaqdı. Amma…

Mənim fikrimə görə, itlərin toyunda ən ağıllı adam elə əqli qüsurlu olduğu üçün məclicə dəvət edilib, ələ salınan şəxs olub.  Adama deyərlər ki, ay Qalib, sən onları evləndirsən də, evləndirməsən də, bunlar bir yer tapıb, cütləşəcək, nəsillərini artıracaq. Bunlar insan deyil ki, aralarında ən azından molla nigahı olmadan yatağa girməsinə pis baxılsın, elin şimalından tutmuş cənubunadək biabır edilsin.  Bunlar itdi, it!!! Nə utanmağı var, nə də çəkinməyi. Harada gəldi ayağını qaldırıb, özündən sonra iz buraxırsa, sənin onlara toy etməyinin hansı məntiqə sığır?

Adamda ağıl olar, məntiq olar. Vallah, ağlı başında olan biri itlərinə xüsusi tort hazırlatdırıb, üstünə də “Amon və İsida, xoşbəxt olun!” yazdırmaz.  Cəhənnəmə, yazdırsa da,  o tortdan yeməz! Hələ utanmaz-utanmaz, itlərinin Allah tərəfindən xoşbəxt edilməsini də diləməz.  Allahın da başına döndüm, pulu, var-dövləti də verəndə elələrinə verir ki…

Belə məqamda Seyid Əzim Şirvanin “Köpəyə ehsan”ı yada düşür.

Harınlamış bəyin Bozlar adlı öz sevimli itini kənd qəbiristanında basdırdığını eşidən molla dilə gəlir: 

Dindən çıxdı bu güruhi-əvam, 
Bərtərəf oldu hörməti-islam. 
İt nədir, dəfnü kəfnü qəbristan, 
Getdi əldən şəriətü Quran.

Bəy mollanın ağzını yummaq üçün ona 40 qoyun  göndərir. Tamahkar molla da dərhal fikrini dəyişir: 

İt demə, ol dəxi bizim birimiz, 
Belə ölmüşlərə fəda dirimiz.