İnstaqramda ayaq reklamı

instaqramda-ayaq-reklami
Oxunma sayı: 2483

Xuraman Hüseynzadə

Təsadüfən instaqramda çıxdı qarşıma. Əvvəlcə tanımadım. Qaşları, burnu, dodaqları, yanaqları tanınmaz eləmişdi onu. Xarici görkəminə elədiyi müdaxilə bircə baxışlarını dəyişdirə bilməmişdi.

Böyük bir şəhərin sakinləri qədər izləyiciləri var instaqramda. Bu, həmin A.-dır ki, hüzr yerlərinə, xəstə ziyarətinə gedəndə də kişiləri “ovlamaq” üçün açıq-saçıq geyinirdi. İstedadı, təhsili, iş-gücü yoxdur.

Şəkillər paylaşır. Məsələn, ayağının şəklini. Elədiyi paylaşımın məramını bildirir bir cümlə ilə: “Dəyərli izləyicilərim, pedikürüm xoşunuza gəldimi?”, “Dəyərli izləyicilər” tərifi tərifə calayır... Beləcə, virtual təbliğat da bir tərəfdən işini görür. Məqsəd lüks yaşamaqdır və A. artıq bunu bacarıb...

Tanış-bilişləri arasında onu tanıyıb təəssüflə başını bulayanlar da var, tanımayıb tərifini göyə qaldıranlar da...

Qoldinq, “Milçəklər kralı”nda Cek haqda deyir: “Maska artıq öz müstəqil həyatını yaşayırdı, Cek isə utancaqlığı və abır-həyanı bir tərəfə ataraq onun arxasında gizlənmişdi.” A. da özünü silikonun, botoksun arxasında bu cür gizlədir.

Öz oxucularından danışan ağsaqqal bir yazıçı söhbət boyu bir dəfə də dilinə “oxucularım” sözünü gətirmədi. Səbəbini soruşmağa ehtiyac yox idi: adam təvazökardır, abır-həya edir. Halbuki bu sözə mənsubiyyət şəkilçisi əlavə etməyə tam ixtiyarı çatırdı.

Publisist Robert İngersoll Musa Peyğəmbərin təvazökarlığından yazarkən qeyd edir ki, insanın əslində necə olduğunu bilmək istəyirsinizsə, ona hakimiyyət verin.

A.-ların at oynatdığı dərələr xəlvət olur adətən. Bu zaman cəmiyyət pisi yaxşıdan seçir, katarsis baş verir.

Xəlvət dərələri gülüstana döndərmək, bağ-bağat eləmək, bəylik iddiasına düşən tülkülərin kökünü kəsmək mümkünsüzdü. Əlac qalır həmin dərələri şumlamağa. Sosial şəbəkələrdə kimi izlədiyimiz real həyatda kiminlə ünsiyyət qurduğumuz, həmsöhbət olduğumuz qədər əhəmiyyətlidir.

Görərkən başımızı bulayıb, əlimizi yelləyib keçməməliyik. Düşünməliyik ki, A. kimilərin “dəyərli izləyicisi” olmağa dəyərmi?