“İntellektual Birİnci” Naxçıvanda - Fotolar

intellektual-birinci-naxcivanda
Oxunma sayı: 2010

Bu gün “Azərbaycan İntellektual Birİncisi” layihəsinin  Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə  regional turniri Naxçıvan şəhərində  keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri  Azad Cabbarov Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən, Naxçıvanda gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında uğurlu gənclər siyasətindən, Gənclər Fondu olaraq maliyyələşdirilən layihələr, gənclərə göstərilən dəstək haqqında fikirlərini qeyd edib.

“İrəli” İctimai Birliyinin sədri  MirHəsən Seyidov qeyd edib ki, ölkəmizdə gənclərə, onların inkişafına dəstək istiqamətində çox addımlar atılır:

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir”.

Rəsmilərin çıxışı başa çatdıqdan  sonra komandalar 4 intellektual oyun üzrə yarışıblar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.  

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və 6 dekabr 2017-ci il tarixində,  Bakı şəhərində  keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi Azərbaycanda 11 regional turniri yekunlaşdırıb.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edib. Layihə zamanı regional turnirlər: Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində, Naxçıvan Muxtar Respublikasında keçirilib. Beləliklə Azərbaycanın 11 regional turniri 70 rayonda yekunlaşıb.