İnternetin yenidən kəsilməsi gözlənilirmi?

internetin-yeniden-kesilmesi-gozlenilirmi-
Oxunma sayı: 1134

Azər Qismət

İnternet olmadı. İki gün ərzində eyni saatlarda axşam saat 16.00-da. Təsadüfdür, ya qeyri təsadüf, hər halda 2 gün, özü də eyni saatlarda.

İnternetin olmadığı anlarda adamların boşluq hiss etmələrindən, mənəvi dünyalarının yazıqlaşmağından, bəzilərinin nəhayət ki, aylarla görmədiyi qohum-əqrabası ilə hal-əhval tutmasından yazmayacağam.

Bircə onu yazacağam ki, ölkənin internet sistemini işlədən bir şirkətin alternativi ortaya gəlməlidir. Bəlkə də günah onlarda olmayıb. Bəlkə də günah elə kabel tüstüləməsindən yaranıb. Çünki indiyə qədər enerji təminatında problem olanda da generatorlar vasitəsi ilə serverlərə enerji ötürülürdü. Bəs, hansı səbəbdən belə oldu? Hətta havaların qeyri-normal keçməsi vəziyyətində də ölkədə internet sarıdan problem yaşanmayıb. Məntiqlə düşünsək tüstülənən bir kabelin düzəldilməsi ən azından 1 saat çəkməli idi. Doğrudanmı, kabeli dəyişmək belə çətin olub ki, 4-5 saat internetin fəaliyyətində məhdudiyyət yaranıb. Kabelin əriməsi nəticəsində tüstünün avadanlıqlarda nasazlıq yaratmasına niyə vaxtında nəzarət olunmayıb? Belə məlum olur ki, internet provayderinin vaxtında nəzarəti həyata keçirməməsi sonda belə halın ortaya çıxarmsına gətirib çıxardı. Adi bir yanğın faktoru niyə informasiya təhlükəsizliyində problem yaratmalı idi idi ki? Əgər avadanlıqlar köhnəlibsə bu barədə vaxtında tədbir görməlidir.

Burada iki variant var. “Delta Telekom” ya boynuna almalıdır ki, ölkəni internetlə təmin etməyə çətinlik çəkir, ya da digər alternativ qurumun yaradılması məqsədəuyğundur. Ümumiyyətlə, hər bir işin alternativi olmalıdır. Bunsuz mümkün deyil. Və belə halların təkrarlanmaması üçün alternativ variantın olması vacibdir. Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator nəzərə almalıdır ki, biz dünyanın bir parçasıyıq, modern ölkədə yaşayırıq, adamların rahatlığı üçün elektron sistemdən istifadə etmək gündəlik təlabatımızdır. Və Azərbaycanda hər gün internet istifadəçilərinin sayı artmaqdadır. İndi sadə vətəndaşımız karta pul yükləyib avtobus və metrodan istifadə edir, istənilən yerdə quraşdırılan bankomatlardan məvacibini, təqaüdünü çıxarır. İndi sadə vətəndaş evdə oturub işığın, qazın, suyun pulunu verir. Deyəsən, bizi internetlə təmin edən provayder unudur ki, internet təkcə sosial şəbəkələrə çıxış deyil, status yazıb mesajlaşmaq deyil. İndi internet həyatımızın mənasıdır, cəmiyyətin ayrılmaz hissəsidir. Onsuz informasiya təminatından mərhum olarıq, bank sisteminin fəaliyyətində məhdudiyyət yaranar, şirkətlərin işi donar, ölkə iqtisadiyyatı böyük təhlükə ilə üzləşər, bir sözlə qlobal dünyadan təcrid olunarıq.

Ümumiyyətlə, ölkəni internetlə təmin edən provayder daim gördüyü işlər barədə dövlət qarşısında hesabat verməlidir. Avadanlıqların texniki təhlükəsizliyinin gücləndirilməsinə dair tədbirlər paketi hazırlamalıdır. Əgər ikinci – alternativ provayder də yaradılsa, o da dövlətə tabe olmalıdır. Çünki son illər kommunikasiya, bank, vergi ödənişlərinin, eləcə də nəqliyyatın idarə edilməsi strukturunun məhz internetlə həll edilməsi bu sahədə təhlükəsizliyin vahid mərkəzdən idarə edilməsini şərtləndirir. Və bu sahə heç vaxt özəlləşdirilə bilməz.

Bəli, ölkədə internet olmadı. Ən çox narahat olan biz jurnalistlər olduq. Çünki informasiya vermək cəhətdən problemlər yarandı. Və istər-istəməz ortaya sual çıxdı ki, internet olmadığı vaxtlarda xaricdən informasiyalar necə alınıb? Onda faks sistemindən istifadə olunarmış. İndi demək olar ki, heç kim faksdan istifadə etmir. Məvacib və təqaüdlərin verilməsi isə kassaların, poçtların qarşısında uzun növbələrlə müşayiət olunardı. İndi adamların həyatının rahat olması üçün bütün tədbirlər görülür. Təki adamlar kommunal xərclərin ödənişini gecikdirməsinlər. Təki bütün bunları rahatlıqla həyata keçirsinlər. İnternet olmasa bütün bunların necə olacağını təsəvvür etmək çətindir.

Beləkilə, internetin dayanması onu deməyə əsas verdi ki, alternativ provayderin yaradılmasına ehtiyac yaranıb. Amma bir şərtlə: o, dövlətə tabe olmalıdır. Ciddi təhlükəsizlik məlumatlarının yükləndiyi bazanı özəl provayderə etibar etmək alınmaz. Ya da hazırkı provayder texniki məsələləri yüksək səviyyədə həll etməlidir.