İnterpolun həbs etdiyi azərbaycanlı iş adamı sərbəst buraxıldı

interpolun-hebs-etdiyi-azerbaycanli-is-adami-serbest-buraxildi
Oxunma sayı: 4811


Azərbaycanın axtarışa verdiyi iş adamı Dəyanət İsmayılovun Birləşmiş ərəb Əmirliyində həbs olunması barədə yayılan xəbərlər yalan çıxıb. Bu barədə “Qafqazinfo”ya iş adamının yaxınları məlumat verib. 

Onların sözlərinə görə, azərbaycanlı iş adamı İnterpol tərəfindən BƏƏ-də saxlanılsa da, aparılan qısamüddətli araşdırma nəticəsində sərbəst buraxılıb. 

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən "Ekstreme" MMC-nin sədri olan Dəyanət İsmayılov iki şəxsi girov götürməkdə təqsirli bilinir. Onun 2011-ci ildə "Smart Mobile" firmasının direktoru Vahabzadə Mehman Ramiz oğlunu və onun biznes ortağı Mikayılov Samid Rasim oğlunu təxminən 1.4 milyon ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı aralarında yaranmış mübahisəni həll etmək bəhanəsi ilə noyabrın 20-də cəmiyyətin Nəsimi rayonunda yerləşən ofisinə dəvət etdiyi barədə məlumatlar yayılmışdı. Məlumatda həmçinin qeyd olunurdu ki, D. İsmayılov həmin şəxslərin ofisdən çıxmalarına məhdudiyyət qoyaraq qeyd edilən vəsaiti tam ödəyənə və mülkiyyətlərini onun adına keçirənə qədər onları ofisdə saxlayacağını, əks təqdirdə isə işgəncə verəcəyini bildirib.

Lakin sözügedən şəxslər-Mehman Vahabzadə və Samid Mikayılov dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək bu ittihamın düzgün olmadığını bəyan ediblər. Mehman Vahabzadə və Samid Mikayılov hətta zərərçəkmiş şəxs kimi tanınmalarına etiraz olaraq istintaqa yazılı etiraz da ünvanlayıblar. Bildiriblər ki, İsmayılovun və qeyrilərinin onları qanunsuz azadlıqdan məhrum etməsi barədə irəli sürülən ittihamlar həqiqətə uyğun deyil. 

Göstərilən faktlar və zərərçəkmiş kimi tanınan şəxslərin yazılı müraciətləri BƏƏ-nin hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra D.İsmayılovun həbs edilməsinə lüzum görülməyib və o, sərbəst buraxılıb. İnterpol Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu D.İsmayılovu Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə axtarışa versə də, Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları D.İsmayılovun həbsini reallaşdırmaqdan və ekstradissiyasından imtina edib.

Xatırladaq ki, 2011-ci ildə Dəyanət İsmayılov özü də bununla bağlı mətbuata açıqlama vermişdi. Onun sözlərinə görə,  Mehman və Samid ondan başqa 15 nəfər adama 3 milyon pul ”atıb”. Aldadılan şəxslər Mehman və Samidi telefonda təhdid edirlər: "Samidin atası yanıma gələrək katibəmin gözləri qarşısında yalvararaq, övladını ofisimdə saxlamağı xahiş edib". 

D.İsmayılov hər iki şəxsi girov götüməsini onları qorumaq məqsədi ilə əsaslandırmışdı: “Mənə bu adamların nə ölməsi, nə də tutulması sərf edir. Onları mən bilərəkdən gizlətmişəm ki, öldürməsinlər. Məqsədim olub ki, onlar işlərini yoluna qoyub, pul qazansınlar və pullarımı qaytarsınlar. Mahir və Samidin borclu olduğu adamların onları mənim yanımdan almaq üçün başqa yolları olmayıb. Onların mənə 1 milyon yarım borcları var. Mehman və Samid çox ağıllı adamlardır. Onların girov saxlanılmasından çox, işləyib mənə pullarımı qaytarması daha maraqlıdır. Bu şəxslər telefon biznesini Bakıda, Azərbaycanda ən yaxşı bilən adamlardır. Mənim işimi quran da onlardır. İndi iş olub, pul yeyilib. Onlar özləri gəlib mənə bu barədə deyiblər”.