İntihar böhranı və “Youtube” keyfi

intihar-bohrani-ve-youtube-keyfi-
Oxunma sayı: 658

-Emo nədi?
-Emo... nə bilim. Həyat məni sıxır. Valideynlərim başa düşmür...-fikrini çatdıra bilmir...
-Yaxşı, bunun biləyə nə aidiyyatı var?
-Doğramışam. İntihar etmək istəyirdim.
-Həyat gözəldi axı. Özün də gəncsən. Bu gözəl həyatda niyə yaşamaq istəmirsən ki?
-Bizim üçün həyat maraqlı deyil.
-Bəs düşünmürsən ki, atan, anan ağlayacaq? Ürəklərinə dağ çəkiləcək? Yazığın gəlmir onlara?
- Mən öləndən sonra cəhənnəmə ağlasınlar. Mən ki onları görməyəcəm...

16 yaşlı bu “pink” geyimli, diqqətçəkən emo qızı yenə xatırladım. 19 yaşlı gəncin facebookda status yazıb intihar etməsindən sonra. Onunla yayda Sahil bağında tanış oldum. Ağacların altında otun üstündə oturub fikirli-fikirli otu yolub tökürdü. Emo olduğunu dərhal hiss etdim. Beləcə söhbətə başladıq. Gəncin psixoloji problemi vardı. Ətrafdan təcrid olunmuşdu. Guya kimsə bunu başa düşmür, bütün günü ağlayır, dərd-qəm içindədi... Sektaların səfeh ideologiyaları gəncləri yolundan azdırmaqda, insanlar isə onlara kənardan qəribə nəzərlərlə baxıb keçməkdə... Telefon nömrəsini aldım, sonra anası ilə əlaqə saxladım, məlum oldu ki, evlərində qızın (adını yazmıram) intihara cəhd etməsindən xəbər tutan olmayıb. Və beləcə onu müalicə etdirib sağlam həyata qaytardılar. Artıq emo deyil. Axmaq bir iş tutduğunu indi yaxşı dərk edir. Ali məktəbə hazırlaşır...

***

Ölkədə intihar gəncləşir. Təxminən üç ay öncə gözəl bir gənc qızın intihardan öncə sevgilisinə yazdığı mesaj və həyat dolu qızın gözəl siması gözlərimin önündən getmir... Geridə gözüyaşlı ana, beli gün-gündən bükülən ata, gecə-gündüz ağlayan bacı, qardaş buraxdı getdi. Niyə gənclər intihar edir? Nədir bunun səbəbi?

Psixoloqlar gənclərin intihar etməsini psixoloji problemlərlə, qənaətbəxşolmayan maddi durumla və sevgi uğursuzluğu ilə əlaqələndirirlər. Son zamanlar bu “resept”ə bir də dinin yanlış qavranılması halı əlavə olunub. Vəziyyətdən çıxış yolunu belə insanların yaxın ətrafının diqqətli olmasında görürlər. Problemli insanlara hər kəs bacardığı köməkliyi göstərməlidir. Onları düşdükləri böhrandan mütləq çıxarmaq lazımdır. Gərəkirsə, həkimə müraciət edilməlidir. Burda qəbahətli və qeyri-adi heç nə yoxdu... “Bizdə bu məsələdə qətiyyən təbliğat aparılmır. İntihardan sonra geridə qalanların durumunu dərk etmək lazımdı. İntihara meylli, cəmiyyətdən təcrid olunan insanları necə deyərlər, dərhal “kəşf etmək” lazımdır.”-psixoloq Mətanət Həsənova deyir.

***

Böyüklərin intiharının səbəbi birmənalı olaraq yoxsulluqdur. Əfsanələrə görə, yeni iş yerləri durmadan artır. Gerçəkliyə görə, bu iş yerləri olimpiya komplekslərində, Heydər parklarında süpürgəçi, bağban ştatlarından başqa bir yerdə gözə dəymir... Bunları boş verək. Zatən, boşuna danışırıq. Gəlin, heç olmasa, gənclərimizi xilas etməyi bacaraq... Bunun bir yolu tapılmalıdı. Hər necəsə tapılmalıdı...

Yadıma mövzu ilə bağlı qədimlərdə baş verən bir hadisə düşdü. Vaxtilə Yunanıstanın Mileta şəhərində gənclər, xüsusən qızlar arasında intihar geniş vüsət alıbmış. Bu intiharların səbəbini tapmaq mümkün olmurmuş. Hər gün neçə-neçə ailə gözü yaşlı qalır, gənclər isə buna məhəl qoymadan həyatla vidalaşmaqda davam edirmişlər. Nəhayət, uzun götür-qoydan sonra şəhərin padşahı belə bir fərman verir: intihar edən gəncin meyidi çılpaq halda meydandan asılsın... Bu fərman qəbul edildikdən dərhal sonra kütləvi şəkildə baş alıb gedən qırğının qarşısı alınır. Bundan sonra insanların-ata-ananın, tanış-bilişlərin gözü qarşısında çılpaq halda meydandan asılmasının necə utancverici bir hiss olmasını dərk etmək gənclərdə özünü büruzə verən kütləvi psixozun hipnozunu aradan qaldırır...

Dövr o dövr deyil... Daha modern şəkildə çıxış yolu tapmağı bacarmalıyıq. Zənnimcə, MM-də “youtube” keyfini çıxarmaq haqda düşünməkdənsə, belə problemlərdən çıxış yolları müzakirə edilməlidi...