İntihar həddinə çatdırıblar...

intihar-heddine-catdiriblar
Oxunma sayı: 1313

Fərid Hüseyn

İki ildir Masazır kəndində qalıram. İki ildir adamları hər gün bezgin, bıkmış görürəm. Qəbiristanlığın yanından keçə-keçə özünə ölüm arzulayanları da görmüşəm... hamı bezib...

Deməli, 569 nömrəli (əvvəllər 169 nömrəli) marşrut hamını təngə gətirib. Uşaqlar məktəbə, bağçaya gedə bilmir, bu marşrutdan istifadə edən hamı işə gecikir... Yollar it günündə... Adamlar danışır ki, Nəqliyyat Nazirliyi yolları düzəltməyi marşrutu işlədənlərə tapşırıb... Onlarınsa gücü – pulu çatmır... Bu marşrutla bir dəfə şəhərə gələn adamın böyrəyindən daş düşür...

Uşaqları qucaqda aparmaq mümkün deyil...

Əvvəl 10 dəqiqədən bir gələn marşrutlar daha yarım saatdan gec gəlir...

Avtobusların hər üçündən biri hər gün yolda qalır...

Bu avtobusların yolda daynamasını Allah göstərməsin...

Avtobusların çoxunun “zamok”u işləmir deyə sərnişinlər dayanan yerdəki kabinəni qaldırıb ordan simləri birləşdirib işə salırlar...

Bütün camaat narazıdır və dəfələrlə yolları bağlayıblar, etiraz ediblər, amma xeyri yoxdu... Kasıb bir kəndin gücü marşrutun yiyəsinə çatmır...

Marşrutun sahibi rəsmən camaata meydan oxuyur...

Bu yazını yazmağıma səbəb bu bezginlik deyil, dünən şahidi olduğum hadisədir... Sürücü təkərlərdə bolt olmadığına görə maşını sonuncu dayanacaqdan çıxarmaq istəmirmiş, məcbur ediblər ki, axşam gündəlik verməlisən, bizə dəxili yoxdur, ustaya getsən də, gündəlik (pul) yazılacaq... Adam beş-on manatın dərdindən maşını tərpətməyə, o biabırçı yolda sürməyə və 20-30 adamı ölümlə üz-üzə qoymağa vadar edilib... bir gündə eyni yolu iki dəfə getdiyimə görə həmin marşrutdan iki dəfə istifadə etdim, təkərin laqqırtısı qulaq deşirdi... Hamımızı ölümə aparırdılar...

Bir gün, iki gün Allah rəhm edir, hər nə cürsə bəla üz vermir... Sonra eşidəcəyik ki, qəza oldu və 20-30 adam öldü... ondan sonra komissiya yaradılacaq, araşdırma ediləcək və əgər günahkar tapılsa cəzalandırılacaq...

Hər gün həyatımızı riskə atırlar...

Bir sıra sahələrdə olduğu kimi nəqliyyat sahəsində də xalqımızı Allah qoruyur... Yoxsa hər gün 1000 adam qırılar yollarda... Hər gün hansısa ölüm xəbərində haqqımızda bəs edəcəklər “ümidi” ilə yaşayırıq...