“iOS 12” ilə gələn yeniliklər - Fotolar

ios-12-ile-gelen-yenilikler
Oxunma sayı: 2628

Dünən “Apple” şirkəti “iOS” cihazlar üçün yeni “iOS 12” versiyasını rəsmi olaraq təqdim etdi.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu, 64bit cihazlar üçün nəzərdə tutulan yenilənmə idi. Yəni, “iPhone 5S” və “iPhone 6” cihazları da “iOS 12”dən istifadə edə biləcəklər.

Bundan öncəki versiyada “iPhone 5S” və “iPhone 6” smartfonlarında gözlə görüləcək dərəcədə yavaşlama və qeyri-stabillik müşahidə olunurdu. Hətta “iOS 11” versiyasına sahib bir çox cihazların enerji saxlamasında da azalma olmuşdu. Bu, “iPhone 5S” və “iPhone 6” istifadəçilərinin haqlı narazılığına səbəb olmuş və “Apple” şirkəti daha sonra telefonları yavaşlatdığını qəbul etmək məcburiyyətində qaldı.

Şirkət bu dəfə “iOS 12” versiyasını təqdim edərkən bu kimi halların aradan qaldırılacağını, versiyanı dəstəkləyən ən köhnə modellərdə performans artışı və sürətlənmə olduğunu vəd etmişdi. Bu yenilənmə ilə tətbiqlərin 40%, kameranın 70%, klaviaturanın isə 50% daha sürətlə açılacağı qeyd edilmişdi.

Aparılan testlər nəticəsində müşahidə olunub ki, bu versiya “iOS 11”dən daha sürətli və stabil işləyir. Enerji sərfiyyatı daha da yaxşılaşdırılıb. Cihazınızdakı batareyanın istifadə ömrü yaxşı vəziyyətdədirsə, “iOS 11”ə nəzərən daha çox enerji saxlamaq imkanına malik olacaqsınız. Tətbiqlərin və telefonun açılma müddəti qısalıb, 3 və daha çox tətbiqdə eyni zamanda işləyirsinizsə, telefonda artıq donmalar müşahidə olunmayacaq. Klaviatura daha səlis və axıcı açılır.

Performans

“iOS 12” indiyə qədər yayımlanmış ən sürətli versiyadır. “iOS 11” dəstəkləyən bütün cihazlar bu versiya ilə daha stabil, sürətli və axıcı olub.

Fotolar

Fotolar proqramında mövcud olan bölmələr yenilənib. Artıq bu bölmədə “Sizin üçün” və “Axtar” bölməsi mövcuddur. “Sizin üçün” (For you) bölməsində cihaz sizə şəkillər arasından seçimlər edərək “xatirələr” yaradır. Həmçinin şəkilləriniz arasında keçmiş tarixlərinə görə paylaşımlar etməyinizi “məsləhət görür”. “Axtar” bölməsi təkmilləşdirilmiş axtarış etməyinizə yardımçı olur. Belə ki, bu bölmədə şəkillər arasında ada, çəkildiyi yerə, kateqoriyalara və qruplara uyğun axtarış edə bilərsiniz. Sistem şəkillərinizi ona uyğun olan kateqoriyalara bölür.

Kamera

Portret modu daha da təkmilləşdirilib və artıq kamera ilə QR kodları skan etmək mümkün hala gəlib.

Mesajlar

Yeni “Animojilər” əlavə olunub və “Memoji” sayəsində bu emojilər daha da özəlləşdirilə bilinir. Yeni kamera effektləri ilə video mesaj göndərən zaman müxtəlif filtrlər, mətn yazıları və stikerlərdən istifadə edə bilərsiniz. “Animoji” mesajları ilə artıq 30 saniyəyə qədər çəkiliş aparmaq mümkündür.

Ekran vaxtı (Screen time)

“iOS 12” ilə gələn ən yeni və önə çıxan xüsusiyyətlərdən biri də ekran vaxtıdır. Bu bölmə vasitəsilə cihazda keçirdiyiniz zamana nəzarət edə bilər, müxtəlif tətbiqlərin istifadəsinə müddət limiti qoya bilər, ekran sönülü halda yalnız istədiyiniz tətbiqlərdən bildiriş ala bilərsiniz. Bundan başqa burada siz hansı tətbiqdən daha çox istifadə etdiyinizi, istifadə müddətinizi, telefonu kiliddən çıxarıb, kilidə salma sayını, ümumi nə qədər bildiriş aldığınızı və bu bildirişlərin sayının tətbiqlər üzrə bölünməsini statistikalar və cədvəllərlə görə bilərsiniz.

Narahat etmə modu

Narahat etmə rejimi artıq daha da yaxşılaşdırılıb. Cihazda quraşdırılan “Bed time” zamanı cihaza heç bir bildiriş gəlmir və telefon sizi bu müddətin başlanğıc və sonunda xoş sözlərlə qarşılayır.

Qrup bildirişləri

“iOS 12” ilə bildirişləri artıq qruplandırmaq mümkündür. Belə ki, hər hansı tətbiqdən 2 və ya daha çox bildiriş aldıqda, o, bildiriş mərkəzində həmin tətbiqlərə xas qruplar halında sizə təqdim olunur. Bundan başqa bildiriş mərkəzindən bildirişlərin tənzimləmələrini də idarə edə bilərsiniz.

“Siri qısayollar”

Bu xüsusiyyət vasitəsilə “Siri”yə əlavə etdiyiniz əmrlərə daha tez çata bilərsiniz. Məsələn “Siri”yə “Sabah saat 8-ə zəngli saat qur” əmrini daxil etsəniz, “Siri”yə səslənib bu ifadəni səsləndirdikdə, “Siri” qısa müddətdə saat tətbiqində zəngli saat quraraq dediyinizi edir. Bu yeniləmə ilə “Siri” daha da təkmilləşib və “ağıllanıb”.

“Apple News”, “Stocks” və “Voice Memos” tətbiqlərində köklü interfeys və funksionallıq dəyişiklikləri edilib. Həmçinin “iBook” tətbiqi artıq “Books” adlandırılıb və onun da interfeys dizaynı yenilənib. Bu yeniləmələr ilə tətbiqlər daha da təkmilləşdirilib və istifadəsi asanlaşdırılıb.

Bundan başqa “Car Play” artıq 3-cü tərəf naviqasiya tətbiqlərini də dəstəkləyir. “iOS 12”də ARKit 2.0 iOS tətbiqləri içərisində artırılmış reallığın daha çox faydalı olma potensialına malik olan yeni funksiyalar əlavə edilib. Üz izləmə və obyektlərin göstərilməsi təkmilləşdirilib və yeni 3D obyektlərin aşkarlanması mümkün hala gəlib.

“Apple”, “Pixar” ilə yanaşı inkişaf etdirilən yeni USDZ fayl formatını tətbiq edir. Bu, AR aktivlərinin sistem daxilində “Safari”, “Mesajlar”, “Mail” və daha çox istifadə olunmasına imkan verəcək. “Apple” USDZ-ə dəstək vermək üçün “Adobe” kimi bir çox şirkətlə işləyir.

Yeni ARKit 2.0 dəyişikliklərinin bir hissəsi olaraq, “Apple” obyektlərin, xətlərin və dördbucaqlıların ölçülməsi üçün artırılmış reallıq imkanlarından istifadə edən “Measure” adlı yeni bir tətbiq təqdim edib. Bu tətbiq vasitəsilə siz real mühitdə mövcud olan əşyaların ölçüsünü ala bilərsiniz. Tətbiq “iPhone 7” və daha sonrakı iPhone cihazlarında aktivdir.

“iOS 12” bütün cihazlar üçün aktivdir və hazırda endirib cihazınıza qura bilərsiniz.