“İqtidar Əli İnsanovun azad edilməsindən ehtiyat etmir” - Fəzail Ağamalı

iqtidar-eli-insanovun-azad-edilmesinden-ehtiyat-etmir
Oxunma sayı: 4373

14 ilə yaxındır həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun da Novruz bayramı ərəfəsində imzalanacaq əfv fərmanı ilə azadlığa çıxma ehtimalı var. Ölkə iqtidarının yüksək ranqlı keçmiş məmurunun hökumətə təhlükə olub-olmadığına dair də fikirlər səslənir.

"Qafqazinfo" xəbər verir ki, məsələylə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Musavat.com-a açıqlama verib: “Bu gün azadlıqdan məhrum edilmiş hər bir soydaşımızın, o cümlədən də Əli İnsanovun da Allah qapısını açsın, azadlığa qovuşsun, ailəsi ilə bərabər olsun. Mətbuatdan Novella xanımın açıqlamalarını oxudum. Belə fikir söyləyir ki, Əli İnsanov mart ayında azadlığa çıxa, yəni ölkə prezidenti onu əfv edə bilər. Əlbəttə, bu, ölkə prezidentinin səlahiyyətindədir. O, zaman-zaman ən müxtəlif cinayətlərə yol vermiş soydaşlarımızı əfv edib, onları azadlığa qovuşdurub. Hətta ömürlük azadlıqdan məhrum edilmiş insanları da cənab prezident əfv edib. Bilirsiniz ki, belə məhbuslardan Surət Hüseynov, Nəriman İmranov, Rəhim Qazıyev kimiləri ölkə başçısı tərəfindən azad edilib. Əli İnsanov onlar kimi bu dövlətə ziyan vurmasa da, 2005-ci ildəki əməllərində cinayət tərkibi olduğuna görə həbs edildi və bu günə qədər də həbsdədir. Onu azad etmək səlahiyyəti cənab prezidentdədir. Ölkə başçısı humanist addımlarını hər zaman atıb. Eyni zamanda, bu addımlar Əli İnsanova da şamil oluna bilər. Onun həbsdən azad edilməsində iqtidarı ehtiyatlandıracaq heç nə yoxdur. Ola da bilməz.

Çünki ölkə prezidenti cəmiyyətdə kifayət qədər böyük dayaqlara malikdir. Xalqımızın mütləq əksəriyyəti, 80%-dən yuxarı 10 ay öncə cənab prezidentə səs verib, yenidən ona etimad göstəriblər. Həmin etimadı İlham Əliyev yüksək səviyyədə doğrultmaqdadır. Əli İnsanovun azadlığa çıxdıqdan sonra nə edəcəyi öz seçimidir; necə istəsə, o cür də həyatına davam edəcək. İstəsə elmlə, istərsə də siyasətlə məşğul olar. Azərbaycan demokratik ölkədir. Heç kəsə fəaliyyətində məhdudiyyət qoyulmadığı kimi, Əli İnsanova da qoyula bilməz. Düşünürəm ki, o siyasətə qoşulsa belə, siyasətdə sizin düşündüyünüz kimi geniş spektrli sosial bazanı yığa bilməyəcək. Çünki vətəndaşlarımızın mütləq əksəriyyəti bu gün cənab prezidentlə bərabərdir, onun sosial dayağı kimi onu birmənalı şəkildə müdafiə edir. Ölkəmizin bütün regionlarında olan soydaşlarımız kimi əslən qərbi azərbaycanlıların da mütləq əksəriyyəti cənab prezidentlə bərabərdir, onunla bir yerdədir, onun siyasətini yüksək səviyyədə dəyərləndirir, ən çətin anlarda onunla bərabər olublar. Bundan sonra da belə olacaq. Buna qətiyyən şübhə yoxdur. Hər halda Əli İnsanovun Allah qapısını açsın. Bundan sonra nə seçim edəcəksə, bu onun şəxsi işidir”.