İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib

iqtisadiyyat-naziri-goygolde-vetendaslari-qebul-edib
Oxunma sayı: 3745

İyulun 20-də İqtisadiyyat naziri Şahin Mustafayev Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbula gələnlər güzəştli kreditlərin verilməsi, turizmin inkişafı, heyvandarlıq, bitkiçilik, tikinti materialları istehsalı müəssisəsinin tikintisi, sanatoriya-müalicə fəaliyyətinə lisenziya verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Göygöldə keçirilmiş qəbulda Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər. Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, ixracın genişləndirilməsinə dəstək mexanizmlərindən razılıqlarını ifadə ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev Göygöldə keçirilən vətəndaş qəbulu çərçivəsində Gəncədə fəaliyyət göstərən “NB Satınalma və Ticarət” MMC-nin Süni Mərmər və Qranit İstehsalı Zavodunun tikintisi ilə tanış olub.