“Qafqazinfo” “Lent.az”a istinadən xəbər verir ki, onlarla sürücü Iraqın məhz bu ərazilərindən daha da irəli getməyə qorxurlar. Səbəb “Iraq və Şam Islam Dövləti”nin (IŞID) nəzarət etdiyi bölgələrdə törətdiyi əməllərdir.Dünən Duhok, Zaho və ümumilikdə Iraqın Ibrahim Xəlil keçid məntəqəsində 2 mindən çox TIR olub: “IŞID Bağdad-Kərkük yolu üstündə hərəkət edən avtobusları dayandırıb. Həmin avtobusda olan və Iraqda fəhlə kimi çalışan 60 nəfəri əsir götürüb. Əsir götürülənlərdən 20 nəfərə yaxını Türkiyə vətəndaşıdır.
Onların hara aparıldığı bəlli deyil. Məlumata görə, fəhlələr Iraqdakı vəziyyətin gərginləşməsi səbəbindən öz evlərinə qayıdırmış".
IŞID Bağdad-Kərkük yolunu bağlaya bilib. Bu yolun üstündəki strateji yaşayış məntəqələrindən olan, türkmənlərin yaşadığı Bəşir kəndi dünən səhər IŞID-in əlinə keçib. Dünən axşamdan başlayan döyüşlərdən sonra kəndi qoruyan təhlükəsizlik qüvvələri Bəşiri atıb qaçıblar.
Hazırda döyüşlər başqa bir türkmən kəndi olan Tazehurmatu ətrafında gedir. Tazehurmatunun ələ keçməsindən sonra Kərkükün yolu IŞID üçün tam açılacaq. Bəşir kəndinin təxminən 2 minədək sakini də kəndi qoyaraq qaçıb. Qaça bilməyənlər isə təkcə qocalar və xəstələrdir: “Kərkükdəki qaynaqlardan aldığımız xəbərə görə, şəhərdə həyəcan yaşanır. Əhali panika içindədir. Telafer və Mosulda baş verənlər onları qorxudub. Şəhəri müdafiə etmək üçün isə birləşmiş komandanlıq yoxdur”.
Bu arada o da məlum olub ki, IŞID-ə qoşulan BƏƏS (Səddam Hüseynin partiyası) tərəfdarları Iraqda Səddama 2006-cı ildə edam hökmü çıxaran hakim Rauf Əbdül Rəhmanı əsir götürüb.
“Bəyan edirik ki, Rauf Əbdül Rəhman üsyançıların əlindədir”, - deyə BƏƏS-in baş katibi Izzət Ibrahim əd-Duri “facebook” səhifəsində yazıb.
Rəsmi mənbələr isə son vaxtlaradək Kürd muxtariyyətinin ədliyyə naziri işləmiş Rauf Əbdül Rəhmanın əsir düşməsini hələlik təsdiqləməyib.
Iran prezidenti Həsən Ruhani IŞID-ə qarşı Iranda qeyri-rəsmi səfərbərliyin olduğunu etiraf edib. “AzNews.az”ın məlumatına görə, Iran prezidenti IŞID-in Iraqda terror əməliyyatları ilə bağlı mövqeyini açıqlayıb.H.Ruhani bildirib ki, Iran Iraqdakı müqəddəs yerlərin müdafiəsi məsələsində tərəddüd etməyəcək: “Müqəddəs yerləri terrorçulardan qoruyacağıq”.Iranın Azərbaycandakı səfirliyi Iraqda baş verənlərə münasibət bildirib.
Bəyanatda deyilir ki, BMT-dən tutmuş, bütün regional və beynəlxalq qurumlar, dünya səviyyəsində təsirli ölkələr Iraqın baş nazirinin ölkəsinin sərhədlərinə nəzarət etmək və terroristlərə kömək çatdırılmasının qarşısını almaq üçün müraciətinə səs verməlidir: “Iraq dövlətini dəstəkləmək üçün bəyanatların verilməsi və siyasi mövqe bildirilməsi lazımdır, lakin kifayət deyil. Bu gün Iraq beynəlxalq terrorizmlə mübarizənin mühüm səngərlərindən biridir və bütün ölkələr öz imkanları çərçivəsində Iraq dövlətinin istəyinə və ehtiyacına kömək etməlidirlər”.