İrana bağlılıqla ittiham olunan Nardarandan - Reportaj+Fotolar

irana-bagliliqla-ittiham-olunan-nardarandan
Oxunma sayı: 3453


Hər il Məhərrəm ayının 10-cu günü, Aşura günü gələndə bütün diqqətlər Bakının Nardaran kəndinə yönəlir. Əksər media orqanları, televiziyalar məhz bu kənddəki əzadarlıq məclislərini işıqlandırır, kimi tənqid edir, kimisə sadəcə yayımlayır. 

Cəmiyyətdə necə qiymətləndirilməsindən asılı olmayaraq, əminliklə demək olar ki, Nardaran kəndində İslam dini Azərbaycanın digər bölgələrindən fərqli şəkildə yaşanır. 

Bu il də Nardaran kəndinin adı Aşura məclisləri ilə bağlı xüsusi hallandırıldı. Mətbuatda Aşura məclisində İran bayrağının dalğalanması, İrandan xüsusi sinə vuranların gətirilməsi haqqında xəbərlər yer aldı. Hətta bu məsələ müvafiq dövlət qurumları səviyyəsində müzakirə olundu. Bundan əvvəl də ictimai rəydə  Nardaran kəndinin İrana bağlı olması, bu dövlətin təsiri altında olması və sair haqqında iddialar var idi. Bəs, həqiqətdə Nardaranda vəziyyət necədir? Kənddə İran bayrağı asılıbmı? Bu kəndi İrana bağlayan hansı cəhətlər var, yoxsa bütün bunlar sadəcə illuziyadır? Cəmiyyətdə yaranan bu suallara aydınlıq gətirmək üçün “Yeni Müsavat” qəzetinin əməkdaşları Nardaran kəndinə üz tutub. 

Nardaran kəndi ilə Bakının mərkəzini birləşdirən yeganə ictimai nəqliyyat vasitəsi 189 saylı marşrut avtobusudur. Metronun “Koroğlu” stansiyasının yaxınlığındakı dayanacaqda biz də bu avtobusa əyləşib Nardarana üz tutduq. Elə avtobusa minən kimi, bu marşrutun məhz Nardarana getdiyini ifadə edən məqamlar gözümüzdən qaçmadı. Başında araqçın olan avtobus sürücüsü ilk baxışdan dindarlara məxsus görkəmi ilə diqqət çəkirdi. Avtobusun hər tərəfinə yapışdırılan dua və dini kəlamlar, “Hər gün Aşura, hər yer Kərbəla” şüarı da bu nəqliyyat vasitəsinin məhz din ocağına doğru yol aldığını bildirirdi.

Avtobus Nardaran kəndinin içərisinə doğru irəlilədikcə, yolboyu üzərində  “Ya Hüseyn” yazılmış bayraqlar, divarlarda İslam peyğəmbəri Həzrəti Məhəmmədin (ə) və şiələrin 12 imamının hədisləri bu kənddəki ab-hava haqqında təəssürat yaradan ilkin göstəricilər idi.

Yolboyu qarşımıza çıxan qadınların demək olar ki, hamısı qara çadraya bürünüb. Nardaran Azərbaycanda qadınların kütləvi şəkildə çadraya büründüyü yeganə  bölgədir. Məhz bu fakt Nardaranın İranla müqayisə edilməsi üçün əsas yaradan amillərdəndir.

Nardaran kəndinin tarixinə gəlincə, yerli sakinlər bunu 7-ci imam Museyi-Kazımın (ə) qızı Rəhimə xanımın (ə) buraya gəlişi ilə hesablayırlar. Bu hesabla Nardaran kəndinin 1300 ildən çox yaşı var. Hazırda kənd sakinlərinin sayı  9 mindən çoxdur. İlk baxışdan yolboyu sıralanan birmərtəbəli evlər, köhnə hasarlar bu kəndin camaatının maddi durumu ilə bağlı təəssürat yaradır. Nardaranın mərkəzi küçələrində çoxmərtəbəli, dəbdəbəli evlərə rast gəlmədik. İnsanların əksəriyyətinin qapısında Sovet istehsalı olan “Vaz 2106" , ”Vaz 2107" markalı avtomobillər dayanıb. Küçələrdə səssizlik hökm sürür. Tək-tək hallarda qara çadralı qadınlar və dükan-bazarın qarşısında toplaşmış kişilərə rast gəlmək olar. 

Nardaranda kəndin mərkəzi küçələrini birləşdirən meydanlar da İslam peyğəmbərinin və 14 məsumun adını daşıyır. Kəndin ən böyük meydanı olan “İmam Hüseyn” meydanında qara bayraqlarla yanaşı Azərbaycan bayrağı da dalğalanır. Divarlarda müqəddəs kəlamlarla yanaşı milli qəhrəman Mübariz İbrahimovun da şəkli vurulub. Digər meydanlar “Məhəmməd peyğəmbər”, “İmam Əli”, “Fatimeyi Zəhra”, “İmam Həsən” və digər müqəddəslərin adını daşıyır. 

Yol boyu rəngli boyalarla müqəddəs kəlamların yazıldığı divarlar bizi Nardaran pirinə -Rəhimə   xanım ziyarətgahına doğru aparır. 

189 saylı marşrut avtobusunun son dayanacağı  xalq arasında Nardaran piri kimi tanınan Rəhimə xanım ziyarətgahıdır. Ziyarətgah ərazisinə görə, Bakının ən böyük məscidlərindən biridir. Cümə günü olması səbəbindən ziyarətə gələnlərin də sayı çox idi. Burada ilk baxışdan yerlilərlə və kənardan gələn ziyarətçiləri fərqləndirmək mümkündür. 

Orada bizi Rəhimə xanım ziyarətgahına rəhbərlik edən Hacı Ədalət Əlizadə qarşıladı. Məscidin tarixi, Nardaran kəndinin özəllikləri haqqında danışan müsahibim gəlişimin məqsədini bilən kimi söhbəti uzatmadan birbaşa İran məsələsinə keçdi: “Nardaran kəndinin tarixi qədimdir. Bizim qədimdən gələn ənənələrimiz var və bu gün də ona sadiq qalmışıq. O cümlədən də Bakı kəndlərinin içində bizim kəndimiz ən dindar kənddir. Ona görə bizi cürbəcür qüvvələrə bağlamağa çalışırlar. İddialar var ki, Nardaran İrandan idarə olunur, burada İran bayrağı asılıb və sair. Bura Aşura gününün ən gözəl keçirildiyi yerdir. Həmin gün Nardarana gələnlərin arasında müxbirlər, mətbuat nümayəndələri də var idi. Ancaq onlar gedib olmayan şeyləri də Nardaranın adından yazırlar. Biz istərdik ki, bura gələn mətbuat adamları gedib qəzetdə, televiziyada dəqiq məlumatlar versinlər. Biz niyə nəyisə İrandan götürməliyik? Azərbaycanın İslam dini ilə bağlı heç kimə ehtiyacı yoxdur. Ən gözəl din də bizdədir. 70 il Sovet hökumətinin təzyiqləri altında sınmadı bu din. Biz bunu yaşatdıq, indi niyə gedib İrandan din gətirək? Sadəcə məsələ odur ki, hər bur namaz qılan bir müştəhidə təqlid etməlidir. Bu vacibdir. Azərbaycanda bu cür müştəhidlər yoxdur, bu səbəbdən biz də İranda yaşayan ayətullahlara təqlid edirik. Əgər Azərbaycanda olsa idi, öz müştəhidlərimizə təqlid edərdik. Ancaq bizi hər sahədə İrana aid etmək yanlışdır. Əgər hər dindar İrana bağlı olsa idi, onda Suriya, İraq və digərləri də İrana bağlıdır deyərdilər. 

Nardaranın bütün divarlarında peyğəmbərimizin, imamlarımızın kəlamları yazılıb. Hamısını latın əlifbası ilə yazmışıq ki, gənclər oxuyub maariflənsinlər, tərbiyələnsinlər. 

Bəziləri deyir ki, divarlara İran şüarları yazıblar, xeyr bu peyğəmbərin və imamların kəlamlarıdır. Bunlar bütün bəşəriyyətə aiddir, təkcə İrana yox. Mən bəzi telekanallardan xahiş edirəm ki,  bizim haqqımızda yalan məlumat verməsinlər. 

Mətbuatda məlumat getdi ki, bura İrandan sinə vuranlar gətirilib. Ancaq belə bir fakt olmayıb. Bizdə sinə vuran yoxdur məgər? Biz yüzillərdir İmam Hüseynə əza saxlamışıq, bu gün də saxlayırıq, bunu bizə heç kim qadağan edə bilməz. Bayraq məsələsinə gəlincə, burada İran dövlətinin bayrağı heç zaman asılmayıb. Bu bayraqlar hamısı “Ya Hüseyn” yazılan bayraqlardır, qara bayraqlar Məhərrəm ayı səbəbilə  asılıb. Məhərrəm və Səfər ayları çıxandan sonra qara bayraqlar da yığılacaq. İmam Hüseyn (ə) İranının deyil, hər bir müsəlmanın imamıdır. İmam Hüseyn tərəfdarı olduğu üçün kimisə hansısa dövlətə bağlamaq düzgün deyil". 

Hacı Ədalətlə müsahibəni yekunlaşdırıb sakinlərlə söhbət etməyə çalışırıq. Deyirlər ki, Nardaran kəndinin özəllikləri Aşura günü mərasimlərinin keçirilməsi ilə bitmir. İnsanlar gündəlik həyatında da şəriət qaydalarına ciddi riayət edirlər. Nardaranda spirtli içki içmək qadağandır. Heç bir ərzaq dükanında və ya başqa yerdə spirtli içkilər satılmır. Küçədə içkili insan görəndə onu dərhal uzaqlaşdırırlar ki, heç kim görməsin. Toylarda birmənalı olaraq spirtli içki verilmir. İnsanlar daha çox dini toylara üstünlük verirlər, ancaq çal-çağırlı toy edənlər də az deyil. 

Nardaran kəndinin qadınları küçəyə başı açıq çıxmazlar. Əksəriyyəti  baş örtüsü kimi qara çadradan istifadə edən qadınlar 12-13 yaşlarından başlayaraq tam şəkildə hicaba keçirlər. Nardaran küçələrində nadir hallarda başı açıq qadına rast gəlinir, bu da o deməkdir ki, o hansısa evə kənardan qonaq gəlib. Ancaq sakinlər qonağa hörmət xatirinə bu cür hallara göz yumurlar. Həmsöhbətlərim deyir ki, Nardaranda qızların təhsildən uzaqlaşdırılması haqqında deyilənlər yalandır, burada ali məktəblərdə oxuyan qızlar da var və hər kəs onlara rəğbət bəsləyir. Elm öyrənməyin İslamda da bəyənildiyini deyən Nardaran camaatı övladlarına təhsil verməyə çalışdıqlarını bildirdilər. 

Nardaran sakinləri ilə söhbət zamanı onların hökumət nümayəndələri ilə münasibətlərini də soruşduq. Etiraf etdilər ki, kommunal xərclərin ödənilməsi ilə bağlı məmurlarla mübahisələri olur. Bunun da səbəbi odur ki, kənd camaatı işsizdir, maddi durumları aşağıdır. Kommunal borclarını vaxtında ödəmədiklərinə görə, kəndin qazı, işığı kəsilir və bu da insanlarda narazılıq yaradır. 

Onu da qeyd edək ki, Nardaranda hələ də böyük-kiçik münasibətləri qorunub saxlanır. Nardaran ağsaqqallar vasitəsilə idarə olunur, onların sözü hər kəs üçün keçərli sayılır. Hər hansı məsələ haqqında danışmaq üçün ilk söz ağsaqqala verilir, sonra onun məsləhəti ilə kimsə söz ala bilər. 

Sakinlər bizə müsahibə verərkən də bu qaydaya riayət etdilər. Növbəti müsahibimiz Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov oldu. 

Mətbuatın yazdığı qeyri-dəqiq informasiyalardan narazı qalan axund bizi görərkən də münasibətini gizlətmədi: “Bu kənd də Azərbaycanın bir bölgəsidir. Ancaq buranı fərqi odur ki, Nardaranda Əhli-beyt nümayəndəsi olan Həzrəti Rəhimə xanımın nuru parlayır, insanları mömindir, Allaha və peyğəmbərinə, öz mili dəyərlərinə bağlıdırlar. Bizim kəndin yeganə özəlliyi odur ki, biz öz dəyərlərimizə köklü surətdə bağlıyıq. Biz Avropaya inteqrasiya adı altında dinimizdən imtina etməmişik. Bu gün Avropa dəyərlərini çılpaqlıq kimi qəbul edirlər. Tolerantlıqdan danışanlar özləri buna əməl etmirlər. 

Bu çox əsassız sözdür ki, Nardaran haradansa idarə olunur. Ona qalsa, çox insanlar haqqında şayiələr dolaşır, hətta yüksək vəzifəli şəxslər haqqında da çox sözlər deyirlər. Kiminsə əlində Nardaranla bağlı hər hansı fakt varsa, bunu hüquq-mühafizə orqanlarına təqdim etsinlər. ”Ya Hüseyn" kəlməsini İranda, İraqda, Səudiyyə Ərəbistanında, Suriyada, Pakistanda, Türkiyədə və başqa İslam torpaqlarında səsləndirirlər. Bu o deməkdi ki, hansı  tərəfdə daha güclü səslənirsə, biz həmin tərəfin adamı olmalıyıq? Kimin əlində sənədi-sübutu və cəsarəti varsa biz onunla müzakirə etməyə hazırıq. Bu məsələyə dövlət orqanları da müdaxilə etməlidir və bu fikirləri səsləndirən şəxsləri cəzalandırmalıdır. Çünki, bu cür əsassız ittihamlar onlar üçün səslənə bilər.  Bu insanların məqsədi  böhtanın, iftiranın qarşısını almaqdır, yoxsa qarışıqlıq salmaqdır? Nardaran camaatı bu sualın cavabını tapa bilmir". 

Nardaran kəndində işimizi yekunlaşdırıb qayıdırıq. 189 saylı avtobus Nardaran pirindən qayıdan ziyarətçilərlə doludur. Avtobus Nardaran kəndindən uzaqlaşdıqca, çadralı qadınlar, divarlardakı şüarlar, qara bayraqlar da azalır. Geridə qalan və öndən gələn mənzərə insanda müqayisə üçün imkan yaradır. Müqayisənin nəticəsi isə insana görə dəyişir.