İrandakı seçkilər nə vəd edir?

irandaki-seckiler-ne-ved-edir
Oxunma sayı: 649

Məlum olduğu kimi İran İslam Respublikasında prezident seçkilərinə təqribən 1 ay vaxt qalır və namizədliklərin irəli sürülməsi prosesi artıq sona çatmışdır. Seçkilər və namizədlər nə vəd edir? Seçkilərin soydaşlarımıza təsiri necə ola bilər? Bu suallarla Ümid Partiyasının Xaricdə Yaşayan Həmvətənlər və Diaspora ilə İş üzrə sədr müavini Rüfət Muradlı partiyanın mətbuat xidmətinə bu barədə açıqlama verib.

“Mətbuatdan da bilirsiniz ki, mayın 11-də prezidentliyə namizədliyin irəli sürülməsi prosesi başa çatdı. Təkcə son gün 320 nəfər namizədliyini irəli sürüb ki, bununla ümumi say 686 nəfərə çatıb. Təbii ki, son qərarı mayın 16-dək Nigəhban Şurası(Konstitusiyaya Nəzarət) verəcək. Bu quruma da 2009-cu il prezident seçkilərində mühafizəkar qanadı dəstəkləyən Ayətullah Cənnəti rəhbərlik edir. Yəni indiki seçkiləri 4 il öncə ilə müqayisə etdikdə də böyük dəyişikliyin baş verəcəyinə inanmaq qeyri-məntiqi görünür. Bir halda ki, ötən seçkilərdə islahatçıların daha qabarıq simaları iştirak etdi. Hazırkı namizədlərdən Haşimi Rəfsəncaninin seçki marafonuna qoşulması seçkiyə nəsə rəng qata bilər. Amma onunla Ayətullah Xameneyi arasında olan ixtilaf seçilmək üçün onun şansını zorlayır. Son günlər başqa bir namizəd, Tehranın hazırkı meri Qalibaf da bu ixtilafın olması barədə hətta Xomeyninin da vaxtilə nigaran olduğunu dilə gətirdi. Əslində Haşimi Rəfsəncaninin qeydiyyata alınması belə sual işarəsi altındadır. Mühafizəkarların namizədlərindən olan dini rəhbərin müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti də seçkidə iştirakını belə əsaslandırıb: ”Seçkidə ona görə iştirak edirəm ki, rəhbərlə bir sırada olmayanların hakimiyyəti ələ keçirməsinə mane olum”. Digər tərəfdən hazırkı prezident Əhmədinejadın dəstəklədiyi, hələ vaxtilə özünün 1-ci müavini təyin etdiyi, lakin böyük qalmaqallara səbəb olduğu üçün sonradan PA-nın ofis rəhbəri təyin etdiyi İsfəndiyar Rəhim Məşayi faktorunu da nəzərə almalıyıq. Bu adam uzun müddətdir ki, mühafizəkar ruhani kəsimlə açıq konfrontasiyaya səbəb olan bəyanatları ilə yadda qalıb. Son günlərədək Əhmədinejad özünün ostan səfərlərində və bəyanatlarında açıq aşkar öz kadrını , yəni daha çox irançılıq mehvərinə təkid edən Məşayini təbliğ edib. Əslində Məşayi bir neçə ildir ki, özünü prezident seçkilərinə hazırlayırdı. Namizədliklərini irəli sürənlərin içərisində Səid Cəlili, S.Əbuturabifərd, Mənüçöhr Müttəki, Həsən Ruhani, Baqiri Lənkərani, Möhsün Rzayi, habelə islahatçılardan Məhəmmədrza Arif kimi adlar da var. Əslində hakimiyyətin bu seçkilərdə özünün maksimum daha çox namizədilə iştirak edəcəyi gözlənilir. Seçkidə namizədlərin bolluğu təbii ki, seçki aktivliyinin təmin olunmasına da xidmət edən faktordur. Çünki bu ilki seçkilər cinahların mübarizəsi baxımından 2009-cu il seçkilərilə fərqli atmosferdə keçiriləcək.

- Rüfət bəy İran ərazisində 35 milyon Azərbaycan türkü yaşayır. Təbii ki, bu baxımdan seçki bizim üçün daha çox maraq doğurur. Sizcə, bu seçkilər soydaşlarımıza nə vəd edir?

- Baxın, 2005 ci il seçkilərində əslən Marağadan olan o vaxtkı İdman Komitəsinin sədri Möhsün Mehrəlizadə də namizəd idi. Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında birinci oldu, amma ölkə səviyyəsində sonuncu. Əslində Mehrəlizadə güneyli soydaşlarımızın namizədi deyildi, amma bununla belə milli mənsubiyyətinə görə Azərbaycan vilayətlərində kifayət qədər səs qazana bildi. Hakimiyyət də bu faktoru bilir. Yəni hələ inqilabın ilk illərindən Mehdi Bazarqanın baş nazirliyi dönəmindən son baş nazir Mirhüseyn Musəviyədək, eyni zamanda Xameneyinin prezidentlikdən rəhbər təyin edilməsinədək bu amil bu və ya digər şəkildə nəzərə alınmışdır. Təbii ki, hakimiyyətdə təmsil olunan etnik türklər milli maraqlara etinasız və quruluşun mənafeyinin keşiyində dayananlar olmuşlar. İrandakı mövcud seçkilərdə nəinki Güneyin haqlarını, əslində bütün millətlərin haqlarını müdafiə edə biləcək bir namizədin də qeydiyyata alınması belə mümkün deyil. İrandakı seçki qanunvericiliyində “quruluşa sədaqətini və bağlılığını əməli şəkildə göstərməyənlərin” namizədliklərinin qeydə alınmaması üzrə müvafiq bənd istənilən namizədin qeydiyyata alınmaması üçün kifayət edəcək bəhanədir. Ona görə hər hansı “utopiya”ya qapılmaq mənasızdır. Bir də məsələyə başqa prizmadan nəzər salaq. Əgər bu gün Avropa Şurasının üzvü olan, Avro-atlantik məkana inteqrasiya yolunu tutan Azərbaycan Respublikasında demokratik seçki keçirə bilmiriksə, İran kimi dünyaya qapalı, teokratik bir rejimdə soydaşlarımızın dəsdəklədiyi, milli düşüncəli, insan haqlarına dəyər verən bir namizədin qeydiyyatdan keçib seçilə bilməsini düşünmək sadəlövhlük deyilmi?

- Bəs seçkilərdə mövcud namizədlərdən kimlərin daha çox seçilmə şansı var?

- Bununla bağlı yaxşı olar namizədlərin qeydiyyata alınması prosesini gözləyək. Mayın 16-dək bütün namizədlərin “ələk”dən keçirilməsi prosesi başa çatacaq və seçkiyə buraxılanların adları açıqlanacaq. Hər halda mayın 21-dək kimlərin seçkiyə buraxıldığı məlum olacaq. Məhz ondan sonra konkret namizədlərin imkanlarını bir daha dəyərləndirmək olar.