İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

irandan-azerbaycana-kulli-miqdarda-narkotik-kecirilmesinin-qarsisi-alindi
Oxunma sayı: 2313

Azərbaycan gömrükçüləri İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısını alıblar.

 “Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib.

Burada yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına idarə etdiyi "VAZ 21074" markalı, 10-XV-977 dövlət qeydiyyat nişanlı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşiş qətranını İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib.

Sonuncu isə həmin narkotik vasitəni şərti alıcı kimi cəlb edilən gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü – azərbaycanlı Eyvazov Mahir Hüseyn oğlu və iranlı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar və məhkəmənin qərarı ilə həbs ediliblər.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilin sentyabr-oktyabr aylarında sövdələşib, kriminal niyyətlərinin həyata keçirilməsinə də elə həmin vaxtdan başlayıblar.

Hazırda cinayət əməllərinin törədilməsində iştirakları istisna edilməyən digər şəxslərin müəyyən edilmələri istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.