İrandan narkotiki “orijinal” üsulla gətirdilər - Video

irandan-narkotiki-orijinal-usulla-getirdiler
Oxunma sayı: 2327

Narkotik vasitə və psixotrop maddələrin daha bir “orijinal” gizlətmə üsulu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “Biləsuvar” gömrük postunda İrandan Azərbaycana birlikdə piyada gələn 4 nəfər Azərbaycan vətəndaşı piyada xətti ilə gömrük nəzarəti salonuna daxil olub.

Öncə onlardan 2 nəfəri əl yüklərini birlikdə gömrük nəzarətinə təqdim ediblər. Rentgen aparatında yoxlanılarkən monitorda həmin yüklərə daxil olan 1 ədəd qazan dəstinin içində şübhəli predmetlərin olması müşahidə edilib. Sözügedən vətəndaşlarla birlikdə gələn digər 2 nəfər də ardıcıl olaraq əl yüklərini rentgen aparatına qoyublar. Yoxlama zamanı, həmin yüklərə daxil olan daha 1 ədəd qazan dəstinin içində də şübhəli predmetlərin təsviri görünüb.

Daha sonra bütün əl yüklərinə təkrar baxış keçirilib. Nəticədə, ilk yoxlanılan qazan dəstinin içindəki iki qazandan birində sellofan bükümlə birgə çəkisi 412 qram olan heroin aşkar edilib. Digər qazanda isə iki ədəd sellofan bükümdə - ayrı-ayrılıqda bükümlə birgə çəkisi 53 qram olan metamfetamin və 188 qram heroin aşkara çıxarılıb.

Növbəti əl yüklərinə daxil olan qazan dəstinin içindəki iki qazandan birində isə sellofan bükümlə birgə çəkisi 409 qram olan heroin, digərində isə sellofan bükümlə birgə çəkisi 252 qram olan metamfetamin aşkarlanıb. Beləliklə, bu cəhdin qarşısının alınması nəticəsində ümumilikdə 1009 qram heroin və 305 qram metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.