“İranın addımı mənasız işdir”

iranin-addimi-menasiz-isdir
Oxunma sayı: 653

Bu sazişin ləğvi barədə xəbərlərin İranla Azərbaycan arasında yaşanan gərgin ictimai-siyasi fonda yayılması həm də İranın Azərbaycan torpaqlarına iddiası anlamına gəlir. Belə ki, İran tərəf Azərbaycanı “ana İrandan ayrı düşən vətən” sayır. Bu məsələ ilə bağlı görkəmli tarixçi professor Cəmil Həsənli Turana şərh verib.

“Azərbaycan artıq oturuşmuş dövlətdir, BMT-də, Avropa strukturlarında yeri var, odur ki, bu müqavilənin ləğv edilib-edilməməsi heç nəyi dəyişmir”, - deyə C.Həsənli bildirib. Onun fikrincə, bu sənədin ləğvi Azərbaycanın ərazi bütövlüyünü, dövlət olaraq varlığını şübhə altına ala bilməz, bu, həm də mənasız işdir. Həmin sənəd imzalanan zaman indiki İran dövləti yox, başqa dövlət olduğunu deyən C.Həsənli İranın Azərbaycana iddialarının əsası olmadığını deyib. “Həm də bu müqavilə ləğv edildikdən sonra kimin kimə iddiasının daha çox olacağı məlum deyil”, - deyə C.Həsənli İranda 35 milyon azərbaycanlı yaşamasına işarə edib. Onun fikrincə, İranın atmaq istədiyi addım məntiqdən yox, ətrafında baş verən beynəlxalq hadisələrdən irəli gələrək, hiss-həyəcan üzərində qurulub. “İranın daha ciddi problemləri var, yaxşı olar ki, həmin problemlərini həll etsin, aşağı-yuxarı 200 il öncə bağlanmış müqavilənin ləğvinə ümidli olmasın, çünki bu müqavilənin ləğvi heç nəyi dəyişmək gücündə deyil”,- deyə C.Həəsnli İrana tövsiyə verib.

O həm də xatırladıb ki, həmin müqavilənin subyekti təkcə Azərbaycan deyil, həm də indiki Ermənistan ərazisi olub. Həmin ərazilərdə isə başqa dövlət qurulub. “Görəsən İran Ermənistana da ərazi iddiaları irəli sürəcək?”, - deyə professor qeyd edib.