İranın mollası, yoxsa Azərbaycanın intelektuallığı

iranin-mollasi-yoxsa-azerbaycanin-intelektualligi
Oxunma sayı: 641

Son 250 ildə elm bir din halına gəlib. Müsəlmanlar Qurani-Kərimə, xristianlar İncilə iman etdikləri kimi elmlə məşğul olanların böyük əksəriyyəti Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinə qeyd-şərtsiz inanırlar. Yaxşı yadımdadır, hələ bakalavr dərəcəsində oxuyarkən biologiya fakültəsində təhsil alan tələbələrin hamısının bir nəfər kimi Darvin nəzəriyyəsinə etiqad etdikləri diqqətimi çəkmişdi. Həmçinin, hərbi fakültədə oxuyanların demokratiyaya inanmadıqları da nəzərimdən yayınmamışdı. Gələcəyin hərbçiləri demokratiyaya inanmadıqlarını onunla əsaslandırırdılar ki, döyüş meydanında hər kəsin ağzından bir avaz gəlsə, müharibədən qalib çıxmaq mümkün deyil.

Mənim yiyələnmək istədiyim coğrafiya elmində isə məsələ fərqli idi. Belə ki, elmin bu sahəsində nə Darvin nəzəriyyəsini qebul etmə şərti var, nə də döyüş meydanında zəfər qazanmaq üçün demokratiyani rədd etmə zəruriyyəti. Hətta bir neçə dəfə müəllimlərimiz bizə “Sizin bəxtiniz gətirib, biologiyada oxusa idiniz nəzəriyyəyə bir elmi dəlil kimi inanmalı olacaqdınız”-deyirdilər.
Tələbəliyin ilk dövrlərində müəllimlərimin bu dedikərinin arxasında nə durduğunu anlaya bilməmişdim. Lakin zaman keçdikcə onların nəyə ehkam etdiklərini görməyə başladım ve insanların özlərinə həyat tərzi olaraq seçdikləri müxtəlif dinləri silmək, o cümlədən dini onların həyatından çıxarmaq uüçün elmin bir din səviyyəsinə qaldırılmasının şahidi oldum. Tam qətiyyətlə söyləmək mümkündür ki, dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərində bir qayda tətbiq olunmaqdadır: dinə inanıldığı kimi elmə də inanılmalı, hətta nəzəriyyələr belə elmi sübut kimi qəbul edilməlidir. Lakin elə həmin o Qərbdə elmin sadəcə bir tədqiqat üsulu və əldə olunan nəticələrin məcmuası, nəzəriyyənin isə yalnız ehtimallardan ibarət olduğunu söyləyənlər də az deyil.
Uzun illər Amerikanın keçmiş prezidenti Ronald Reyqanın siyasi məsləhətçisi isləmiş, Harvard və Kembric kimi dünyanın 2 ən məşhur universitetlərindən məzun olmuş Patrik Glinn (Patrick Glynn) 1999-cu ildə "Allah: Varlığının dəlilləri-Post Sekülyar bir dünyada inanc və ağılın uzlaşmasi" (God: The Evidence-The Reconciliation of Faith and Reason in a Postsecular World) adlı kitab nəşr etdirir. O, burada Darvin nəzəriyyəsinin elmə zidd olduğunu sübut edən dəlillər göstərmişdir. Eyni zamanda Glinn Darvinizmin bir çox Qərb ziyalıları arasında qeyri-şərtsiz, düşünulmədən qəbul olunduğunu da yazmışdır.

Digər bir müəllif, Ricard Milton da (Richard Milton) 1992-ci ilde nəşr etdirdiyi “Darvinizm mifinin çökməsi” (Shattering the myths of Darwinism) adlı kitabında Darvinin irəli südüyü təkamül nəzəriyyəsinin heç bir sübutu olmadığı halda ona bu qədər inanılmasının təəssüf ve təəccüb doğurduğunu söyləmişdir.

Məqalənin ilk cümləsinde elmin son 250 ilde bir din halına gəldiyini yazmışdım. Yer kürəsinin təbii sərvətlərinin bölüşdürülməsi tarixini izləyənlər 250 rəqəmini təsadüfən işlətmədiyimi bilirlər. Bu tarixi az-çox izləyənlər təsdiqləyərlər ki, həqiqətən də XVIII əsrin ortalarından başlayan elmin dinə çevrilməsi dünyanın bölüşdürülməsi ilə bir vaxta təsadüf edir. Afrika, Uzaq Şərq, Şimali və Cənubi Amerika, eləcə də Qafqaza edilən hücumlar alman filosofu Kantın 1780-ci ilde yazdığı “Fakültələrin Münaqişəsi” (Kantın bu əsərinin alman dilinde adı “Der Streit der Fakültäten”) dir. Mən isə onu Mary J. Gregorun 1992-ci ilde çap etdirdiyi “The Conflict of the Faculties” adlı tərcüməsindən oxumuşam) əsəri ilə təxminən üst-üstə düşür. O, eyni adlı əsərində yazır: “Universitet rəhbərlərinin əmrlərinə tabe olmayan heç olmasa bir müstəqil fakültə olmalıdır. Bu fakültə göstəriş verməməlidir və həqiqətin aşkar olunması üçün müstəqil bir tədqiqat aparmalıdır. Bu fakültədə ağıl danışmaq haqqına malik olmalıdır. Ağıl təbiət etibarı ile müstəqildir ve göstərişlər ilə hər hansı bir şeyin doğru sayılmasını qəbul etməz.”

Kant, Glinn ve Miltonun dediklərini Azərbaycanda da müşahidə etmək çətin deyil. Dindarı cahil, dini isə mövhumat kimi cəmiyyətə təqdim etmək istəyənlər, elmin ancaq dinsizlik, imansızlıq olduğu halda inkişaf etməsinin mümkün olmasını bizlərə aşılayır, bu ad azmış kimi elmi dinin səviyyəsinə qaldırmağa cəhd edirlər. Hətta onu da iddia edirlər ki, son 100 ildə edilən kəşflərin heç biri müsəlman ölkələrindən gəlmir. Bu iddiada həqiqət vardır, lakin məsələnin kökünə azacıq diqqət edilsə, elmin inkişafının səbəbi heç də deyildiyi kimi dinsizliyin durmadığını söyləmək olar. Ən sadə bir misal ilə “elmin kökündə dinsizlik durur” iddiasının nə qədər cəfəngiyyat olduğunu əsaslandırmaq mümkündür.

Azərbaycan dünyada əhalisinin 50%-dən çoxu müsəlmanlar olan 47 ölkədən biridir. Bu ölkədə müəllimlərin aylıq məvacibi təxminən 150-250 AZN manat, elmi işçilərin aylıq maaşı isə 100-150 AZN manatdır. Və Azərbaycanda minimum həyat səviyyəsini təmin etmək üçün bu rəqəmlər nə qədər gülüncdürsə, 150-250 manat maaş alan müəllim ve ya elmi işçidən hər hansı elmi kəşf gözləmək də bir o qədər cahillikdir. Həmçinin, bu məqamda elmin inkişafının dinsizlikdə, imansızlıqda olduğunu iddia edənlərə başqa bir misalı göstərməyi də vacib sayıram.“Nyi Saientis" (New Scientist) jurnalı 2008-ci il dekabr tarixli sayında (səh.76) Böyük Britaniyanın hər il elmi araşdırmalara 2.8 milyard funt sterlinq ayırdığı göstərilmişdir (elmi araşdırma ilə təhsil qarışdırılmasın-müəllif). Heç şübhəsiz zərrə miqdarı elmi anlayışı olanlar mənimlə razılaşar ki, elmin inkişafı dinsizlikdə ve imansızlıqda deyil, məhz elmə ayırılan qayğıdadır. Və ən qəribəsi isə odur ki, Qərb dünyanın təbii sərvətlərini bölüşdürmək üçün elmi dinin səviyyəsinə qaldırıb onu insanların həyatından cıxarmaq istəyirsə, Azərbaycandakı elmi dinin yerine qoymaq istəyən həmvətənlərim haranın təbii sərvətlərinə sahib olmaq istədikləri naməlumdur. Məsələnin o tərəfi naməlum olsa da, məlum olanı odur ki, bu zümrə hər fürsətdə dinə hücum edir, din ile elmin uzlaşmadığını iddia edir, mollanın mənasını öz xislətləri ilə uyğunlaşdırıb dindarlarımıza “İran mollası” ləqəbi yaxaraq sanki Azərbaycanda XXI əsr elmi nailiyyətlərinə molla kəlməsinin mane olduğunu cəmiyyətə təlqin etməyə cəhd edirlər. Lakin burada da necə deyərlər “kələfin ucu görsənir”.

Bəri başdan “agent ovuna cıxan” həmvətənlərimə deyim ki, mənim İran ile heç bir bağlılığım yoxdur. Heç şiə qardaşlarım ilə də eyni məzhəbdən belə deyiləm. Orta məktəb illəri Sovet dövrünə düşdüyü üçün Nurçu məktəblərində də oxumamışam və Fətullah Gülənə münasibətim bir mənalı deyildir. Sələfi qardaşlarım da məndən inciməsinlər, Səudiyyə Ərəbistanını idarə edən Səud ailəsini də Muhammed bin Vahabin davamçısı hesab edirəm. Bu baxımdan ateist zümrəsi heç düşüncələrini yorub məqalənin müəllifini İrana və ya Turana bağlamasınlar.

“Kələfin ucu görsənir” məsələsi isə belədir. Dörd həftə bundan əvvəl Qərb universitetlərindən birində bir neçe ay sürən diplom işi müdafiə etdim. Azad mövzu seçmək imkanı olduğundan “Xəzər dənizinin Azərbaycan sahillərində səviyyəsinin enmə və qalxmasının sahilyanı bitkilərə təsiri” mövzusunu seçmişdim. Hətta adı gedən tədqiqat üçün Azərbaycana da gəldim. Daha sonra müşahidə məntəqələri müəyyənləşdirdim, müxtəlif bitkilər topladım və laboratoriyada həmin bitkilərin tərkibini təhlil etdim və s. Tədqiqat haqqında geniş yazmaq istəmirəm. Amma əldə etdiyim nəticələr onu qəti şəkildə deməyə əsas verir ki, həmvətənlərim bizləri “İran mollası” deyərək aşağılamalarına baxmayaraq, İran süni peyklərin vasitəsi ile təbiət hadisələrinin, o cümlədən Xəzər dənizinin müşahidəsinə görə Azərbaycandan 20 il qabaqdadır. Başqa sözlə ifadə etsək, İran mollaları süni peyklərin idarə olunmasında işlədilən bütün dəzgahlarını söndürüb Azərbaycan intellektuallarının bu sahədə onlara çatmasını gözləməli olsalar, düz 20 il sərasər gözləməli olacaqlar.

Araşdırma daha cox texniki mövzu olduğu üçün təfərrüatına girmədən qısaca bir neçə kəlmə yazıb İran mollalarının Azərbaycan intellektuallarından hansı məsafədə öndə olduqlarını göstərmək istəyirəm.

Hal-hazırda Yer kürəsinin səmasında 100-ə yaxın süni peyk uçur. Bu peyklərin içində beynəlxalq miqyaslı layihələrin istifadəsinə görə əsasən ABŞ və Fransanın birgə istehsalı olan Envisat, Jason-1 ve Jason-2 adlı süni peykləri xüsusi olaraq okean sullarının müşahidəsi üçün buraxılmışdırr. Həmçinin, yaxın gələcəkdə daha inkişaf etmiş AltiKa, Sentinel – 3 ve HY-2 adlı süni peyklərin də istifadəsi nəzərdə tutulur. Qısacası, planetimizin okean sulları ilə bağlı aparılan hər hansı tədqiqat üçün adı gedən peyklərin əldə etdiyi məlumatlar istifadə oluna bilər.

Lakin bir neçə dövlət öz ərazisində baş verən təbiət hadisələrini tədqiq etmək üçün ABŞ və Fransanın peyklərindən istifadə etmirlər. Rusiya, Çin, Hindistan, İsrail və s. belə dövlətlərə daxildirlər. Və bizim azərbaycanlı intellektualların istehza nöqtəsi olan İran mollaları da ABŞ və Fransanın deyil, öz süni peyklərindən istifadə edirlər.
Belə ki, İranın nə az, nə çox, düz 5 süni peyki vardır ki, bunlardan biri sadəcə və sadəcə təbiət hadisələrinin müşahidəsi üçün nəzərdə tutulub və yaxın gələcəkdə daha 18 peykin buraxılması gözlənilir.

Dünyanın qabaqcıl elmi tədqiqat mərkəzlərinin apardığı araşdırmaları nəşr edən beynəlxalq elmi jurnallar da vardır. Bunlardan bir neçəsini yazıb oxucuların diqqətinə çatdırmaq istəyirəm: “International Journal of Remote Sensing”, “Journal of Climate”, “Earth and Planetary Science Letters”, “Journal of Geophysical Research”, “Quaternary Science Reviews”, “Sedimentary Geology”, “Marine Geology”, “Photogrammetric Engineering & Remote Sensing”, “Journal of Coastal Research”, “Quaternary International” və s.

Təssəvvür edin ki, azərbaycanlı intellektualların təbiət hadisələrini müşahidə edən süni peykinin olmaması bir yana, bu təbəqə son 20 ildə adlarını sadaladığm bu qədər jurnallardan yalnız birində Xəzər dənizinin tədqiqinə aid bir məqalə çap etdirə biliblər (Jurnalın adı “Marine Geology”, məqalənin adı “Development of the Kura delta, Azerbaijan; a record of Holocene Caspian sea-level changes”, nəşr olunduğu il 2005, 222–223 cild, səh. 359–380, müəllifləri Robert M. Hoogendoorn, Jelle F. Boels, Salomon B. Kroonenberg, Mike D. Simmons, Elmira Aliyeva, Aliya D. Babazadeh ve Dadash Huseynov). O da 7 müəllifdən cəmi 3-ü azərbaycanlıdır.

Azərbaycanlı intellektuallar sadəcə beynəxalq elmi jurnallarda deyil, həmçinin nəşr olunan kitablarda da neft kimi əvəzsiz təbii sərvətlərin məskəni olan Xəzər dənizinə laqeydlik göstərirlər. Son 12 ildə ingilis dilində Xəzər dənizinin səviyyəsinin müşahidə olunmasına aid sadəcə bir kitab çap olunmuşdur. O da bir kitabın ancaq bir bölümü, özü də 8 müəllifdən yalnız biri azərbaycanlı olaraq (Həmin kitabın adı- “Coastal Altimetry”, nəşr olunduğu il- 2011, çap olunduğu yer-Berlin, kitabın müəllifləri- S. Vignudelli, A. G. Kostianoy, P. Cipollini, J. Benveniste, Xəzər dənizinə həsr olunmuş bölümün müəllifləri isə- A. V. Kouraev, J. F. Cretaux, S. A. Levedev, A. G. Kostianoy, A. I. Ginzburg, N. A. Sheremet, R. Mammedov və E. A. Zaxarova).

Bu məqamda istər-istəməz haqlı bir sual meydana çıxır: Axı, nece olur ki, 1813-cü ildən bura dünyəvi, dinin dövlətdən ayrı olduğu və dindarların dövlət siyasətinə təsir imkanı sıfıra bərabər olan Azərbaycanımızda indiyə qədər nə təbiət hadisələrini müşahidə edən bir süni peyk, nə süni peyklərdən əldə olunan məlumatları təhlil eden elmi tədqiqat mərkəzi, nə də bu tədqiqatları aparacaq mütəxəssislər yoxdur?

Qarşı tərəfin nə deyəcəyini bilirəm. Bunlar nəfəs belə dərmədən deyəcəklər ki, 1813-cü ildən bura Azərbaycan Demokratik Cumhuriyyətinin mövcud oldugğ 23 ayı çıxmaq şərti ilə Azərbaycan Rus İmperializminin işğalına məruz qalmışdır və son 20 ildə tüğyan edən rüşvətxorluq elmin inkişafına mane olur. Onda digər bir haqlı sual əmələ gəlir: Yaxşı, son 20 ildə tüğyan edənlər başa düşdük, bəs Rus İmperialzmini pisləyib, sonra da bu mənfur imperializmin Qafqazdakı canişininə mirzəlik edən Mirzə Fətəli Axundovu niyə bir dəyər olaraq cemiyyətə təqdim edirsiniz?

Əslində mən bu və buna bənzər sualların cavablarını bilirəm. Və burada yazmaqda da məqsədim bizlərə “İran mollası” ləqəbi yaxan intellektualları sorğu-sual etmək də deyil. Mənim işim hər zaman olduğu kimi müsəlmanlar ilədir.

Ey mənim müsəlman qardaşım, sənin dinin bəşəriyyət tarixində yeganə dindir ki, kitabının ilk sözü “Oxu” kəlməsi ilə başlayır. Sənin Peyğəmbərin (s.a.s.) ən üstün peyğəmbərdir ki, “Elm Çində belə olsa, onu öyrənin. Çünki elm öyrənmək hər müsəlmana fərzdir”(fərz, əmr deməkdir- Müəllif)- deyə bizləri elm öyrənməyə təşviq edir. Bu baxımdan, oxu! Qarşındakılar Allahdan qorxmurlarsa, səndə şeytandan qorxma, oxu!