İranla ticarət dövriyyəmiz 16% artıb

iranla-ticaret-dovriyyemiz-16-artib
Oxunma sayı: 1107

İqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, Ş. Mustafayev İranın İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

O, bildirib ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir: “Son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. Son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb”.

Ş. Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib: “İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və 2017-ci ildə 363 min nəfərə çatıb”. 

Məsud Kərbasian sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib.