“İraqda tam təhlükəsiz şəraitdə olacaqlar”

iraqda-tam-tehlukesiz-seraitde-olacaqlar
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Trend-ə eksklüziv müsahibəsində İraqın xarici işlər naziri Huşyar Zibari deyib. "Digər ölkələrdən olanlar kimi, Azərbaycandan olan zəvvarlar da İraqda tam təhlükəsiz şəraitdə olacaqlar", - Zibari bildirib.

Nazirin sözlərinə görə, bu səfər çox vacibdir, belə ki, bu, İraq XİN rəhbərinin Azərbaycana ilk səfəridir. "Gün yarım ərzində biz ölkə Prezidenti, Baş nazir, XİN rəhbəri, eləcə də rabitə naziri ilə görüşlər keçirdik. Bu bizə qarşı olan yüksək hörmətin göstəricisidir" , - nazir qeyd edib.

Zibari bildirib ki, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. İraq və Azərbaycan enerji, mədəniyyət, ticarət, investisiyalar və turizm sahəsində əməkdaşlıq edirlər. O deyib ki, azərbaycanlı zəvvarlar xüsusilə İraqı ziyarət edirlər. "İkitərəfli münasibətlərin inkişafı üçün biz hüquqi baza yaratmalıyıq. Bizim üçün Azərbaycanla əməkdaşlığın bütün sahələrinin inkişafı prioritetdir", - o bildirib.

Zibarinin sözlərinə görə, ikitərfli münasibətlərin inkişafı üçün Azərbaycan Bağdadda səfirliyini açmalıdır. "Azərbaycan Prezidenti və Baş naziri bizi əmin etdilər ki, İraqda səfirliyin açılması üçün bütün zəruri addımları atacaqlar", - o vurğulayıb.
Nazirin sözlərinə görə, İraq ölkədə sabitliyin bərpa edilməsində 150 azərbaycanlı sülhməramlının iştirakına görə Azərbaycana təşəkkür edib. Zibari bildirib ki, Azərbaycanlı sülhməramlılar strateji bəndlərin, xüsusilə də Hadit bəndinin təhlükəsizliyini təmin edilməsi missiyasını uğurla yerinə yetiriblər.

"Onların iştirakı hətta rəmzi olsa belə, böyük əhəmiyyət kəsb edib. Biz İraqın diktator rejimindən azad edilməsində Azərbaycanın bu köməyini yüksək qiymətləndiririk. Bu da ikitərəfli münasibətlərin daha da genişlənməsinə imkan yaradıb" , - XİN rəhbəri vurğulayıb.
İraq XİN rəhbərinin Azərbaycana ikigünlük rəsmi səfəri dekabrın 23-də başlayıb.