İş adamı bankdan öz pulunu ala bilmir

is-adami-bankdan-oz-pulunu-ala-bilmir
Oxunma sayı: 3690

Azərbaycanlı iş adamı Nazim Eynallı “Bank VTB”dən şikayətçidir. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya müraciət edən iş adamı bildirib ki, sözügedən bank ona hesabında olan pulu nağdlaşdırmaya icazə vermir: “Mən 5 ildən çox müddətdə Türkiyədə yaşamışam. Orada “Elnare tarım” adlı şirkətim var. Çox yaxşı da nəticələrimiz var. Rusiya və Avropa bazarlarına mal ixrac edirik. Bir il bundan əvvəl ölkə başçısı xaricdə yaşayan sahibkarlara müraciət etdi ki, onlar gəlib Azərbaycan iqtisadiyyatına fayda versinlər. 

Mən də 2016- cı ildə ölkə başçısının çağırışına cavab olaraq Şamaxıya gəldim. “Eynallı qardaşları MMC” adlı şirkəti yaratdım. 1 il ərzində 3 milyona yaxın məhsul satmışıq. Pullar da hamısı geri ödənib. Amma hesab müqaviləmizin olduğu “Bank VTB” bizə işləməyə imkan yaratmır. 1 ildə bu bank mənə 100 min dollar həcmində ziyan vurub. Maliyyə Bazarlarına Nəzarət Palatasının  göstərişinə əsasən , pulun nağdlaşdırma məsələsi əlvan metal və kənd təsərrüfatı məhsullarına aid deyil. Məndən əsassız şəkildə min cür sənəd tələb edirlər. Məhsul sifariş vermişəm, onun pulunu ödəmliyəm, ancaq hesabımdan pul çıxara bilmirəm. Beləliklə də həm məhsul zay olur, həm də sahibkara külli miqdarda ziyan dəyir. Bu şirkətdən 400-ə yaxın adam maaş alır. Niyə bu banklar bizim işləməyimizə mane olur? Axı biz həm də bu dövlətə xeyir veririk. Türkiyədə bankda insanın 1 dəqiqədən də az vaxtı gedir. Hesabında nə qədər pul istəsən nağdlaşdıra bilirsən. “Bank VTB” isə müştərini süründürür”.

“Qafqazinfo” məsələ ilə bağlı “Bank VTB” ilə əlaqə saxlayıb. Onlar məsələ ilə bağlı açıqlama verəcəklərini bildiriblər. 
 
Günel Türksoy