İş adamı tariximizi silib üstündən bina tikdi

is-adami-tariximizi-silib-ustunden-bina-tikdi
Oxunma sayı: 3282

Azər Qismət

Mənim arxeoloqlara yazığım gəlir. Hərdən düşünürəm ki, bu işlə məşğul olanın dizlərində təpər, ürəklərində vətənə sevgi hissi, eymi zamanda böyük səbr olmalıdır. Sovet vaxtı onlar barədə verilişlərə baxanda əziyyətlərini anlayırdım. Elə indi də anlayıram. Sadəcə, onda həmin peşə sahibləri barədə tez-tez filmlər çəkilərdi, əməkləri təfərrüatlarına qədər nümayiş etdirilərdi. Çömbəlib səbrlə torpağı təmizləsələr də, onların əməyinə yüksək qiymət verilərdi. Qəşəng müsahibələr də verərdilər. Deyərdilər ki, xalqımızın qədim tarixini üzə çıxarırıq. 

Ancaq son illər ərzində müşahidə etdiyim bəzi məsələlər çoxlu suallar doğrurur. Neçə ay əvvəl Cənub Qaz Dəhlizinin keçdiyi ərazilərdən birində - Goranboy rayonunda qədim yaşayış məskəni aşkarlandı. Ekskavator yeri qazanda çömçəsi nəyəsə ilişib. Sürücü texnikanı dayandırıb, rəhbərini çağırıb. İşlər müvəqqəti dayandırılıb. Elmlər Akademiyasına məlumat verilib. Aydın olub ki, burada qədim yaşayış məskəni yerləşirmiş. Arxeoloqlar neçə ay işləyib, bir sözlə əziyyət çəkiblər. Buna görə minnətdarıq. Cənub Qaz Dəhlizinin də istiqaməti nisbətən dəyişdirilib.

Lakin çox qəribə bir məsələ ortaya çıxır. Bu ərazi indiyə qədər niyə tapılmayıb? Niyə vaxtında araşdırılmayıb? Bu yerdə “ovcumuzun içini iyləmişdik?” sözünün heç yeri yoxdur. Arxeoloqlar tarixi bilgilərə görə təqdiqat aparırlar. Tarixçilər yazır ki, filan yerdə yaşayış məskəni olub, yaxud hansısa şahın filan yerdə xəzinə gizlətməsi ehtimalı var. Necə ki, hələ də Çingizxanın xəzinəsinin basdırıldığı ehtimal edilən bütün yerlər qazılır. Ola bilsin ki, kimsə təsadüfən nəsə tapıb arxeoloqlara xəbər verir, bu başqa mövzunun söhbətidir. Onlar işlərini tarixi mənbələrə əsasən qururlar.

Yaxşı ki, bu ölkədə yol çəkilir, boru uzadılır. Yoxsa, qədim məskənlərimizi necə tapardıq. Tutaq ki, sürücünün ekskavatorunun çömçəsi nəyəsə ilişməsəydi, biz o yaşayış məskənindən illərlə xəbər tutmayacaqdıq? Belə aydın olur ki, yox. Tikinti işlərinin aparılması arxeoloqların işini asanlaşdırır, amma özümüzdə də təşəbbüs olmalıdır. Bir də o məsələ aydın deyil ki, hansı məntiqlə arxeologiya işlərimizi fransız və ingilislərlə bir yerdə aparırıq? Əmin deyiləm ki, əcnəbinin nədəsə xeyri olmasa, gedib çölün düzündə əlini torpağa bulaşdırsın. Ya burda söhbət onların geniş təcrübəyə malik olmasından gedirsə, bəs illərlə formalaşdırdığımız öz təcrübəmiz hara getdi? Ya avadanlıqlarına görədirsə, onları niyə almırıq? Suallar çoxdur.

Suallardan biri də vaxtilə görülməyən işlər barədədir. Əfsuslar olsun ki, o işləri vatında görmədiyimizə görə indi əziyyət çəkirik. Erməni arxeoloqları neçə ay bundan əvvəl bəyan etdilər ki, Laçında piramida aşkarlanıb. Helikopterlə baxanda, təpələrin piramida formasında olduğu aydın görünür. Yəni, bunu təbiət etməyib, qədim adamlarımızın əli ilə həmin quruluşa gətirilib. Aydın məsələdir ki, ermənilər işğal etdikləri torpaqlarımızı özünküləşdirmək üçün torpağı qazıb üstü xaçlı errməni əlifbalı daşları, qabları, əmək alətlərini atıb üstünü torpaqlayırlar. Elə Ağdamın işğalından sonra guya belə daş abidələr tapmışdılar. Bir-iki satılmış xarici arxeoloqları da çağırıb bir yerdə kitab da yazdılar. Bunlar heç. Düşmən hər zaman işləyir, işğal etdiyi torpaqların özününkü olmasını isbatlamaq üçün bütün çirkin vasitələrə əl atır, dünyanın gözünə kül üfürməyi bacarır, elmi konfranslar keçirir, xarici tarixçiləri qonaq çağırırlar. Bunlar yenə davam edir. Bəs, Laçındakı piramidaya nə deyək? Sovet vaxtı özlərini öyən əksər arxeoloqlarımız məgər o boyda piramidanı görməyiblər? Niyə vaxtında tədqiqat işləri aparmayıblar ki, indi düşmənin alimləri bunu üzə çıxarırlar? Biz unutqanıq, olan tariximizə illərlə qiymət verməmişik. Deyək ki, ermənilər tariximizi öz adlarına çıxırlar. Ancaq bizim sapı özümüzdən olan iş adamlarımız da şəxsi maraqlarına görə tariximizi silirlər.

Neçə il bundan əvvəl həyəcanlı telefon zənginə əsasən çəkilişə getdik. Bu hadisə hardasa 2000-ci illərin əvvəllərində baş vermişdi. Yeni çoxmərtəbəli yaşayış binasının özülü qazılarkən ordan tarxi abidə aşkarlanmışdı. Yerin altında çiy kərpicdən tikilmiş otaqlar və saxsı qablar vardı. Sahibkar öz marağına görə bizi çəkiliş aparmaqdan imtina etdirməyə çalışırdı. Biz bu barədə 3 süjet verdik və tez-tez deyirdik ki, mövzunu yenə diqqətdə saxlayacağıq. Bunu ona görə edirdik ki, tariximiz silinməsin, aidiyyatı orqanlar məsulliyyəti artırsınlar. Sahibklar isə həmin yeri almışdı, bir tarixi abidəyə görə binasını digər yerdə tikməyə əlavə məsrəfləri çıxacaqdı. Şübhələndiyimiz məqam düz çıxdı. Tarixi abidənin üstündən beton tökdülər, həmin yerdə bina ucaltdılar. Sanki, heç belə tarixi abidə olmayıb. Bir iş adamının marağına görə abidə silindi. Bununla da daha bir abidəyə əlvida dedik. Hər abidəni qənimət bildiyimiz zamanda, Allah bilir hələ nə qədər izlərimiz silinib.

Bir xalqın tarixi onun maddi-mədəniyyət abidələri ilə ölçülür. Abidə yoxdursa, sən də yoxsan. Varsan, sadəcə olmamağın daha yaxşıdır.