İş üçün gözəl qız axtaranlar...

is-ucun-gozel-qiz-axtaranlar
Oxunma sayı: 6318

Nərmin Dadaşova

Sosial şəbəkədə iş elanlarının paylaşıldığı səhifələr var. İşə ehtiyacı olan dost-tanışı xəbərdar etmək üçün demək olar ki, mütəmadi olaraq həmən səhifələrə baş çəkirəm. Bir az əvvəl, Xırdalandakı parniklərdən birinə toxum səpmək üçün  xanım işçinin  axtarılırması ilə bağlı elan diqqətimi çəkdi. Şərtlərə görə xanım 35-40 yaşlarında,  sahə üzrə təcrübəsi olan, çevik və xoş görünüşlü olmalıdır.  Bir də deyirəm, təcrübəli, çevik və xoş görünüşlü. Allah eşqinə, əziz adam, bu diskriminasiyanın səbəbi nədir? Pomidorlar dahamı gözəl yetişəcək toxumu gözəl qadının əlindən səpilsə?  Sahədə, parnikdə, yerdə oyuq açıb toxum  basdıran, bu yorucu işi görən qadın niyə mütləq şəkildə gözəl olmalıdır?  

Ərinməyib iş elanının sonunda yazılmış əlaqə nömrəsinə zəng etdim. İşə çox ehtiyacım olduğunu, ancaq xarici görünüşümün qənaətbəxş olmadığını dedim (halbuki elə deyil). Gənc, boğazını arıtlayıb, yerlərinin  artıq dolduğunu, işçi axtarası olmadıqlarını təəssüf hissi ilə vurğulayıb, ürəyimi qırdı.  Niyə, hansı səbəbdən “gözəl” işçi axtardıqlarını soruşanda isə, “kim istəyəree eybəcər adamla işləsin” deyibən matımı-mutumu qurutdu. 

Gözəl ölkəmin münbit torpağı, nə qədər tərəvəz yetişdirir, ilahi. Ümumiyyətlə bu gün “iş elan”larında çox zaman məhz qadın işçinin axtarılması həqiqəti ilə üz-üzə gəlirik. Nəzərə alsaq ki, xidmət sektorunda qadınlar vətəndaşlara qarşı daha diqqəli və səbirli davranış nümayiş etdirirlər , daha məsuliyyətli və işgüzardırlar, işəgötürənlərin bu prinsiplərini hardasa başa düşmək mümkündür. Ancaq, “qadın işçi axtarılır”  elanının əvvəlində “gözəl” sözü artırılanda məsələyə olan baxış bucağı bir qədər dəyişir. Ən azı ona görə ki, insan orqanizmi, üz cizgilərindən, qaşının qalın ya nazik olmasından, çəkidən, boydan, rəngdən asılı olmayaraq qidalanma tələb edir. Yəni, eybəcərlər  də pul xərcləyir -acır, susayır, geyinir, kommunal xərclər ödəyir, ictimai nəqliyyatdan istifadə edir. 

Burdan üzümü, çirkin qadınlarla işləmək istəməyən parnik müdirinə tuturam: Onca tərəvəzin, pomidor-xiyarın içində beynin bu qədər vitaminsiz qalması yaxşı əlamət deyil, hocam. Özünüzdən muğayət olun.