“İsa Qəmbərlə Əli Kərimlinin arasındakı əmmaməni...” - Murad

isa-qemberle-eli-kerimlinin-arasindaki-emmameni-murad-
Oxunma sayı: 1350




Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Murad Könhəqalanın “Qafqazinfo”ya müsahibəsi

- Murad bəy, Siz ədəbi çevrədə əsasən sarkazmla yazan biri kimi tanınır, şeir, nəsr yazır, publisistika ilə məşğul olursunuz. Bu gün bir yazar kimi sizi Azərbaycanda narahat eləyən əsas problem nədir?
- Vaxt var idi, gündəlik yazdığım məqalələrlə demokratik müxalifətin hakimiyyətə gəlməsini dəstəkləyirdim. Bu arada onu da deyim ki, mən heç bir siyasi partiyanın üzvü olmamışam, yəni heç bir partiya nizamnaməsindən asılı deyiləm. Sadəcə, bir qələm adamı kimi partiyadan daha çox məsuliyyət hiss edirəm və cəmiyyətdə baş verən ictimai-siyasi olaylara öz münasibətimi bildirirəm. Bu gün isə həzm edə bilmədiyim əsas məsələ İran rejimi tərəfindən Azərbaycan cəmiyyətində dinin və hurafatın sürətlə yayılmasıdı. Adətən, belə missionerlər elmsiz əhalisi və rüşvətxor hakimiyyəti olan ölkələrdə daha rahat iş görə bilirlər. Bakıda üç dənə normal kitab mağazası görməzsən, ancaq hansı metronun həndəvərinə baxsan, hurafat yayan şəriət kitabları, dini-simvolik əşyalar satılır. 21-ci əsrdə yaşayan, elmə söykənən sovetlərin maarifçi mədəniyyətindən qopan azərbaycanlıya təzədən göz muncuğu, təsbeh, möhür, canamaz sırıyırlar. Kişilər hicab davası aparır, çadradan yenicə qurtulmuş qadınlara təzədən quldarlıq dövrünün libasını geyindirmək istəyirlər.

Demək olar ki, bütün məscidləri özünün siyasi ofisinə çevirən İran, Azərbaycanda yetişdirdiyi manqurt qoşununa çox arxayın görünür. Odur ki, hərdən İran mollaları Azərbaycandakı mövcud hakimiyyəti yıxıb şəriətə söykənən rejim qurmaq istədiklərini dilə gətirə bilirlər. Mollalar Azərbaycandakı manqurtlara külli miqdarda pul buraxır. Sosial şəbəkələrə nəzər salmaq kifayət edər ki, bunu hiss edəsən. İrantəmayüllü, mollabaş saytlar Azərbaycanda at oynadır. Hətta buradakı ən güclü hakerləri də ələ ala biliblər. Bir yandan da Türkiyə telekanallarının göstərdiyi seriallar mətbəxdən çıxmayan Azərbaycanlı anaların beynini yuyur. Hər cümləsi “inşallah”, “maşallah”la başlayan türk filmlərinin təsiri analardan övladlara keçir. Məktəbdən gələn şagird evdə onu qarşılayan anasının addımbaşı söylədiyi “inşallah” və “maşallah” kəlmələrinin xofundan qurtula bilmir...

- Cəmiyyətdə kişilərin hegemon mövqeyindən çıxış etsək, onların qadınları qapamaq arzularını hardasa başa düşərik. Amma maraqlı burasıdır ki, məktəbli övladının azadlığını əlindən alaraq hicab tələb eləyən qadınlar da çoxdur...
- Bəs, bütün dinlər belədi, dəə! Əvvəlcə insanları manqurtlaşdırıb qul halına salır, sonra da onların başına istədiyi oyunları gətirə bilir. Məsələn, əlində araq badəsi mənimlə islam dininin haqq olduğu barədə mübahisə eləyənlər çox olub. Belələrindən soruşuram, müsəlmansansa niyə içirsən? İçirsənsə, içməyi sənə qadağan edən dini niyə müdafiə edirsən? Deyir, içkinin bura nə dəxli var, mən müsəlmanam. Deyirəm, müsəlman olmağını necə sübut edə bilərsən, namaz qılırsanmı? Deyir, yox. Deyirəm, bəs, sənin peyğəmbərin deyib ki, islamın sütunu namazdı. Sən namaz qılmır, islamın qoyduğu qadağalardan azad yaşayırsansa, niyə mənə yalandan özünü müsəlman göstərməyə çalışırsan? Sonra deyirəm, bəs yaxşı, necə oldu ki, sən müsəlman oldun? Deyir, mən anadangəlmə müsəlmanam. Deyirəm, ay bədbəxt, insanın hansısa dini qəbul eləməsi üçün o dini mükəmməl öyrənməsi və qəlbən qəbul eləməsi gərəkdi. Zorlama dindarlıq olmur. Yeddi yaşlı qız uşağına niyə zorla hicab geyindirirsən? Qoy, o uşaq hələ gedib təhsil alsın, həddi-buluğa çatsın, sonra özü seçim eləyər, hicab ona lazımdı, ya yox. Əlbəttə, qadınların islamı müdafiə eləməsi çox acınacaqlıdı. Xəbərləri yoxdu ki, bu din yalnız qadın azadlığını məhdudlaşdırmaq üçündü. Bir dəfə bir xanım mənimlə mübahisədə islamı müdafiə edirdi. Hicabsız, qoluaçıq köynəkdə qarşımda duran həmin xanıma dedim, ay yazıq, müdafiə elədiyin o din sənə başıaçıq, qoluaçıq gəzməyə icazə vermir! Sən bu vəziyyətdə müdafiə elədiyin dinin qanunlarına görə qurşağa qədər torpağa basdırılmalı və kişilər tərəfindən daşlanıb öldürülməlisən. Sonra ondan soruşdum ki, sən ərinin dördüncü arvadı olmağa razısanmı? Xanım susaraq dərin xəyallar içində məndən ayrıldı, ancaq hiss elədim ki, din xofu onun canından hələ uzun müddət çıxmayacaq. Demək istəyirəm ki, cəmiyyətdə din tərəfdarları əsasən elmsiz, dünyagörüşü olmayan, hətta inandıqları kitabdan belə xəbəri olmayan adamlardır. Biz türklərdə dinə bağlılıq o qədər yalançıdı ki, hətta sosial şəbəkələrdə öz səhifələrini Boz Qurd şəkilləri ilə bəzəyənlər belə ərəbi müqəddəs tutub dindən basıb-bağlayırlar. Halbuki, Boz Qurd simvolu Cənubda islama qarşı bir hayqırtıdı. Çox biabırçı bir haldı ki, Türkeşin ölümündən sonra Türkiyədə MHP-çilərin dindarlaşması bizim millətçilərə də keçdi.

- Necə düşünürsünüz, hakimiyyət nədən bu şeylərin qarşısını ala bilmir?
- Müstəqilliyimizin ilkin dövrlərində, Elçibəyin vaxtında İran çox çalışsa da, buralarda qətiyyən söz sahibi ola bilmədi. Çünki, Azərbaycan insanının müqəddəs hissləri millətçilik, xalqın milli azadlığı üzərində köklənmişdi. İran rejimi bizə yalnız bir yolla təzyiq edə bilirdi, yəni, Ermənistana yardım göstərməklə Azərbaycana zərbə vurmaq yolunu tutmuşdu. Elçibəydən sonra gələn hakimiyyət isə, bölgədə İran mollalarının və Türkiyənin neomolla rejiminin mövqelərinin güclənməsinə məhəl qoymadı. Bizimkilər fikirləşdi ki, əşi, əhalinin başını hurafatla qatmaq, real vəziyyətdən, siyasətdən gen saxlamaq üçün dinin yayılması əla vasitədir. Düşünmədilər ki, ən azı, paytaxtımızı əhatə eləyən bütün böyük kəndlər iranmeyilli mərsiyəxanlardan ibarətdi. Buna görə də indiki hakimiyyət keçmiş din siyasətinin səhvləri ilə üz-üzə qalıb. Dindarlar o qədər güclənib ki, artıq hakimiyyətə primitiv hücumlardan belə çəkinmir. Hakimiyyət isə İranın bölgədəki nüfuzundan ürpənərək, hələ ki onu yalnız sərt tənqid eləyən dindarları həbs etməyə üstünlük verir. Zənnimcə, Milli Təhlükəsizlik Nazirliyimiz İranın buradakı casuslarını sərt cəzalandırmalıdı.

- Sosial şəbəkələrdəki fəaliyyətinizdən bilirəm ki, Azərbaycandakı siyasi müxalifətin dindarlarla əlbir olmağından heç də razı deyilsiniz.
- Hamımıza məlumdur ki, ölkədə iki siyasi partiya özünü əsl müxalif güc kimi təqdim edir. Və həmin partiyaların kurasiyasında olan qəzetlərin baş redaktorları həccə gedir, namaz qılırlar. Yəni, bu baş redaktorlar Azərbaycanın işıqlı gələcəyini seyidlərin cəddindən və ya imam Hüseynin ruhundan diləyirlər. Buna görə də elmə, realist fəlsəfəyə söykənən və bizim yardım umduğumuz Avropa və qərb dəyərli güclər heç vaxt indiki müxalifətin xəttini dəstəkləyə bilməz. İsa Qəmbərlə Əli Kərimlinin arasındakı əmmaməni sivil dünya təfəkkürü heç vaxt alqışlamayacaq. Ümumiyyətlə, bütün dinlərin – ilkinliyini çıxmaq şərtilə - sonrası insanı həyat mübarizəsindən, tərəqqidən çəkindirməyə xidmət edib. Özüm şahidi olmuşam, sosial şəbəkələrdə 10-12 yaşlı qız uşaqları ilə evlənən müsəlman kişilərin şəkilləri yayımlanarkən yerli müsəlmanlarımız daş atıb başlarını tutub ki, bu əsl islam deyil. İslamın hansı eybəcərliyini ifşa edirsənsə, dindarlar deyir, yoox, bu əsil islam deyil. Soruşuram, bəs bu əsil islam deyilsə, niyə bu eybəcər işlər xristian ölkələrində yox, yalnız müsəlmanlar olan yerdə baş verir? Mənim fikrim budur, bütün dinlər balaladığı hurafata cavabdehdi, vəssalam! Keçək bu tərəfə, hamı bilir ki, İsa Qəmbər hacıdı. Əli Kərimlinin baş redaktoru namaz qılır, mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə hər gün “facebook”da ərəb “müqəddəslərinin” kəlamlarını paylaşır. Natiqə “ələmgəzdirən” ayamasını da mən vermişəm. İslam hara, demokratiya hara? Mən ölüm, mən həyatımda “Hicaba azadlıq!” - kimi absurd bir şüar eşitməmişəm. Bizim siyasi müxalifət elə bilir, Hacı İlqarın köməkliyi ilə hakimiyyətə gəlib rahat siyasət yeridəcəklər. Xəbərləri yoxdu ki, dindarların dəstəyi ilə hakimiyyətə gəlsələr sonradan İranın əlindən dövlət ala bilməyəcəklər. Həmişə demişəm, dindar İsa Qəmbərdən, dinə meylli Əli Kərimlidən İlham Əliyevin korrupsioner, mafioz rejimini üstün tuturam. Qoy, məvacibimiz az olsun, lakin öz sevgilisi ilə görüşdüyünə görə insanları daşlayıb öldürən, minbərlərdən ulayan, qadınları çadraya bükən, azyaşlı qızları özünə arvad eləyən, burnunu qadının paçasının arasına soxmağı əxlaq və elm sayan, oğrunun əlini kəsən, müasir texnologiyadan adam asmaq üçün istifadə eləyən quldarlıq quruluşunun hökmləri ilə fəxr eləyən bir zehniyyət başımız üstünü almasın!

- İstərdim, bir az da ədəbiyyat söhbətinə qayıdaq. Murad bəy, son günlər ədəbi çevrədə Səməd Vurğun haqda müxtəlif fikirlər səsləndirirlər. Sizin Səməd Vurğuna münasibətiniz necədir?
- Polemikaları əvvəldən izləyə bilməsəm də, bu söhbəti ADP sədri Sərdar Cəlaloğlunun başlatdığını bilirəm. Bəri başdan deyim ki, mən Səməd Vurğunu bir şair və şəxsiyyət kimi çox sevirəm. “Azadlıq” radiosundakı söhbətlərində Sərdar bəy deyirdi ki, guya Səməd Vurğun öz müasirlərini rejimin ayağına verib. Halbuki, mövcud olan bütün arxiv materiallarında Səməd Vurğunun heç bir həmkarı haqda mənfi ifadəsi yoxdu, ola da bilməz. Düzdü, Səməd Vurğun yazılarında Məhəmməd Əmin, Əhməd Cavad, Hüseyn Cavid kimi tanınmış şəxsiyyətlər barədə sərt fikirlər səsləndirib. Ancaq şairi ittiham edənlər bilməlidi ki, həmin yazarlar “gedər-gəlməzə” göndərildikdən sonra Səməd Vurğun o sözləri əhəmiyyətsiz kəlmə kimi yazıb. Üstəlik, o ağır repressiyalardan xilas olan Səməd Vurğun, həm də çoxlarının həyatını xilas edə bilib. Düzdü, sual edə bilərlər ki, “gedər-gəlməzə” yollananlar haqda belə şeylər yazmaq düzgündürmü? Ancaq mənə bu sualı mafioz Rəsul Quliyevi uzun müddət özünə şef seçən Sərdar Cəlaloğlu, ya da Səməd Vurğunun yaradıcılığından xəbərsiz Aqşin Yenisey verərsə, onların suallarının qarşısına “quş” qoyaraq cavab vermərəm. Aqşin deyir, Səməd Vurğunun Qorki yaradıcılığından xəbəri olmayıb. Bu cocuq bilmir ki, Səməd Vurğun Moskvada keçirilən SSRİ Yazıçılar İttifaqının qurultayında baş məruzəçi kimi çıxış edib, məruzələrini də həmişə rusca özü yazıb. Allahın xəngəl sinisini dınqıldada bilməyən gənc şairin nəzərinə onu da çatdırım ki, Səməd Vurğun həm də gözəl skripka ifaçısı olub.

- Üstündən xeyli keçsə də aydınlıq gətirmənizi istərdim. Əkrəm Əylislinin “Daş yuxular” əsərinin və onu müdafiə edənlərin qarşısına sərt sözlərlə çıxdınız. Bu nə demək idi, gənclərin ustad adlandırdığı Murad Köhnəqala bədii təxəyyülü qəbul etmədi, yoxsa millətçilik hissi ona üstün gəldi?
- Mövzu ilə bağlı yazdıqlarımdan əlavə, Əkrəm Əylisli tərəfdarlarıyla üz-üzə oturub söhbət də etmişəm. Mənə deyirlər, bilirsənmi, bu, yazıçıdır, yazıçıya icazə vermək lazımdır, öz təxəyyülünün məhsulunu ortaya qoysun, ona maneə olmaq olmaz, belə şeylər azad sözə təzyiqdir və s. Mən də deyirəm, əzizlərim, bəs yazıçının bir millətə şər atmaq ixtiyarı varmı? Gözümüzün qarşısında olan tarixi saxtalaşdırmaq yazıçılıqdırmı? Ümumiyyətlə, yazıçı nəinki öz millətinə, hətta düşmən bildiyi bir millətə də iftira atmamalıdı. Məsələn, mən bir türk yazarı kimi heç vaxt erməni xalqı haqqında şər-böhtan yaza bilmərəm. Bütün epoxalarda aydın, ziyalı insanlar təmsilçisi olduğu xalqın eybini göstərərək onu tənqid eləyib, gülüb, hətta məzələniblər də. Lakin dünyanın heç bir yazarı öz millətinə qarşı Əkrəmsayağı qələt qarışdırmayıb. Bu adam haradansa eşidib ki, öz millətinə böhtan atanda, təhqir edəndə dünyada məşhur olmaq olur, başlayıb səfehləməyə. Halbuki planetin heç bir nöqtəsində bu metod bəyənilmir. Bu adam erməni vəhşiliyini gözləri ilə görmüş bir nəslin əsəbləri ilə oynayır. Özü də deyir ki, mənə 37-ci il repressiyası tətbiq edirlər. Adama deyərlər, ay qurumsaq, bəs sənə kim haqq verib ki, camaatın əsəbində “37” qurasan? Bu liliput Orxan Pamukun ağzını yalamaq istəyib. Orxan heç olmasa arxivi qaldırdı, dedi, baxın, türklər üç yüz min yox, üç yüz əlli min qırıb. Bəs sən nə yazmısan? Yazdıqlarının hamısı fatalist nurçu + daşnak düşüncələridi. Yazır ki, azərbaycanlılar ermənilərə zülm etdiklərinə görə Allah da onların övladlarından heyf alacaq. Belə ayətullah məntiqi ilə yazıçı hara qədər gedə bilər, inşaallah? Özü də fikir vermişəm, onu müdafiə eləyən kəslər, bir vaxtlar Ramil Səfərovu söyən adamlardı. O zaman Ramilin hadisəsində bütün mətbuata car çəkmişdilər ki, bəs, deməzsənmi, zabitimiz bizi Avropanın göbəyində biabır eləyib. Guya bunların Avropa göbəyindən başları çıxır. Bunlar başa düşmür ki, avropa dəyərlərində miskinlik, əyilmək, yaltaqlanmaq maddələri yoxdur. Avropalılar bayrağını təhqir eləyən birisini öldürməyən zabitə nifrət eləyər, tüpürərlər. Avropalı insan sənin kimi zəlil olub bayrağa “semiçka” bükmür. Napoleon, Hitler kimi şəxsiyyətlər yetişdirmiş Avropa, məzlum, itaətkar şərqlinin üzünə qusmaq belə istəmir. Avropalılar bayraq üstündə baltalayanları sevir! Üstəlik Ramili söyənlərin içərisində “hır”nan “zır”ı qanan birinə rast gəlmədim.
Bəli, mən millətçiyəm, millətçi olmayanları da normal şəxsiyyət saymıram. Mənə deyin görüm, bir azərbaycanlı zabit alman, fransız, yaxud norveçli zabitinin yanında onun dövlət bayrağı ilə çəkməsini silə bilərmi? Bilirsənmi, bayrağını təhqir eləyəni susdurmayan heysiyyətsiz hərbçini Avropada hansı aqibət gözləyir? Bütün heyət yığılıb həmin zabitin başına işəyər!

- Murad bəy, bir məsələ də mənim üçün qaranlıq qalıb. Azad Yazarlar Ocağını nə üçün atıb getdiniz?
- Bu söhbətə azacıq uzaqdan başlamaq istəyirəm. Bir vaxtlar Rasim Qaraca da, mən də Rusiyanın müxtəlif şəhərlərində yaşayırdıq. Sonralar mən Bakıya yığışdım. Köhnə dostum Həmid Herisçi ilə tez-tez görüşürdük. Sonra Rasim də Bakıya köçdü. Bir dəfə ədəbiyyatımızı yeniləşdirməkdən ötrü can qoyan Rasimə yeni bir ədəbi birlik yaratmaq istəyim haqda fikrimi söylədim. O zaman birlik-zad yaratmaq Həmid Herisçinin heç umrunda da deyildi. Rasim xeyli tərəddüd elədi, “əşi, bunun nə xeyri var?” - deyə etiraz da elədi. O zamanlar mən “Azadlıq” qəzetində məqalələr yazırdım, qələm dostlarımız da qəzetin həyətindəki çayxanada başıma yığışırdı. “Türk Törə Ocağı”nın başqanı Elxan Zal Qaraxanlı, “Azad Söz” jurnalistlər birliyinin sədri Qənimət Zahid də həmişə ora gəlirdi. Qənimət bəyin “İnturist” mehmanxanasında ikiotaqlı bir ofisi vardı. Elxan Qaraxanlı ilə orada görüşərək, yeni ədəbi birlik yaratmaq barədə qərarımı söylədim. Elxanla Qənimət mənim fikrimi dəstəklədilər. Sonra bu məqsədimi yenidən Rasimə və Həmidə dedim. Biz gələcək planlarımızı qurmaq üçün Qənimət bəyin kirayələdiyi həmin mehmanxanadakı ofisdə görüşürdük. Bir gün səhər gəlib dedim, yaratdığımız Birliyə ad tapmışam. “Azad” sözünü Qənimət bəyin təşkilatından, “ocaq” sözünü isə Elxan bəyin “ocağ”ından götürüb öz birliyimizin adını “Azad Yazarlar Ocağı” qoyuram. Hamı razılaşdı. Sonra dedim, “Ocağ”ımıza aramızdakı ən gənc yazarı “Ocaqbaşı” təyin etməliyik. Ocağa rəhbərlik eləməyi o zamanlar bizə meyillənən ən gənc yazar Səlim Babullaoğluya həvalə etmək istəyimi bildirdim. Təklif etdim ki, enerjili gəncləri növbə ilə “Ocaqbaşı” seçək. “Sədr” sözündən zəhləm getdiyinə görə Ocağın sədri yox, Ocaqbaşısı olar deyirdim...

- Maraqlıdı, davam eləyin...
- Artıq çevrəmizdə Azad Yaşar, Nərmin Kamal, Nicat Məmmədov kimi gənclər vardı. Zaman keçdikcə “Ocağ”ımıza xeyli yazar üz tutdu. Mənim iştirakımla “Ocağ”ın cəmi iki konfransını keçirtdik. Həmçinin bu arada yenilikçi-inqilabi fikirlərimizi “Azadlıq” qəzetindəki nüfuzuma görə, orada çap etdirə bilirdik. Rasimin, Həmidin geniş müsahibələrini, AYO-çuların ədəbi səhifəsini qəzet artıq işığa çıxarırdı. Günlərin bir günü Elxan Qaraxanlı mənə dedi ki, bəs, Rasim Qaraca Ocağın sədri olmaq istəyir. Düzdü, əvvəlcə Rasimin bu ambisiyasından acıqlandım, lakin Elxan məni yumşaldaraq Rasimin Ocağa sədr olmasına razı saldı. Dedi, Rasim mənə yalvarır ki, Muraddan icazə al, qoy mən sədr olum. Razılaşdım. Beləcə biz uzun müddət Rövşən Hacıbəylinin rəhbərlik etdiyi “Azadlıq” qəzetinin, sonra Əvəz Zeynallının rəhbərlik etdiyi “Vətəndaş həmrəyliyi” qəzetinin içində özümüzə səhifələr alıb yazılarımızı, tezislərimizi çap elətdirirdik. Sözsüz ki, o vaxtlar AYB ilə qanlı düşmən idik. Sonralar Aqil Abbasın “Ədalət” qəzetində həftədə 4 səhifə konkret “Alatoran” adlı qəzet buraxdıq. Bu adı Azad təklif eləmişdi. Aqil bəy öz qəzetinin səhifələrində bizə tam azadlıq vermişdi. Burada əsasən Azad, Həmid, Rasim və mən öz yazılarımızla gənc ədəbi nəsli “pozmaqla” məşğul idik. Sonralar qarşımızdan “qara pişiyin tullanması” bizi yeni jurnal çıxarmağa vadar elədi. Artıq Azad, Həmid, Rasim, Nərmin, Elxan, Səlim kimi yazarlardan başqa Nicat, Seymur, Şərif, Aqşin, Yafəs, Sevinc kimi gənclər də ətrafımıza cəlb olunmuşdu. Jurnalın da adını qəzetlərdəki fəaliyyətimizin davamı olaraq “Alatoran” qoyduq. Rasim Qaraca yenə də özünü jurnala baş redaktor təyin elədi. Qara günlərimiz bundan sonra başladı. AYO-çuların yazılarına barmaq eləməkdən özünü saxlaya bilməyən Rasimdən həmişə mənə şikayətlər gəlirdi. Lakin Rasimin yeni-yeni imzalar kəşf eləməyinə və AYO-nu jurnal ətrafında dinamikləşdirdiyinə görə onun eyblərini öz aramızda bağışlayırdıq. Ancaq bir neçə sayının maraqlı çıxmasından sonra jurnal tənəzzül etməyə başladı. Artıq Rasim hər şeyi ələ alaraq idarə heyətinə bircə yazı göstərmədən yekəbaşlıqla jurnalı təkbaşına çap eləyirdi. Mən belə bir zəif jurnalın idarə heyətində olmağımdan utandığımı bildirdim və Rasimdən məni jurnalın yaradıcı heyətin rəsmi siyahısından silməyi tələb etdim. Rasim Həmidə şikayətlənərək “dost var-düşmən var” janrında Həmid vasitəsilə məni yumşaltmağa nail oldu. Əlbəttə bu, uzun müddət davam edə bilməzdi, jurnal getdikcə tənəzzülə uğrayırdı. Get-gedə ictimai-siyasi olaylar rəngarəng olur, ortada ziyalı mövqeyi qıtlığı yaranırdı. Həmin vaxtlar Rasimə deyirdim, biz bir təşkilat olaraq olaylara rəsmi mövqe bildirməliyik. Lakin, Rasim iki ayağını bir başmağa dirəyib, biz siyasi işlərə qoşulsaq AYO-nu yandırarıq, söyləyirdi. Mən o zamanlar “Azadlıq” qəzetinin “alovlu tribunu” idim. AYO-nun bütün üzvləri şəxsən mənim olduğum məclislərə həvəslə gəlirdi. Biz yığılıb zamanımızı saatlarla bir yerdə keçirirdk. Artıq Rafiq Tağı, Ağalar Məmmədov, Əli Əkbər, Firudin Allahverdi, Orxan Eyp, Qan Turalı, Mövlud, Kənan Hacı, Bəxtiyar, Elmir, İntiş kimi “əjdahalar” bizimlə həmrəy idilər. Günlərin bir günü hiss elədim ki, mən AYO-nu tərk eləməliyəm, ancaq səbəbini burada deməyəcəm. Pencəyimi çiynimə atıb AYO-nu tərk elədim. İndiyə qədər AYO-çular mənsiz çox toplaşıb, ancaq hamısı ayrı-ayrılıqda mənə deyir, AYO səninlə dağıldı. Əlbəttə, oradakı yazarların hər biri yeni təşkilat yaratmaq qüdrətindədi, lakin hələ də Rasimin xəbəri yoxdu ki, mən artıq AYO-nu buraxmışam. Burada kərkinməyin xeyri yoxdu.

- Bir vaxtlar müsahibənizin birində demişdiniz ki, üç kitabım çapa hazırdı, o vaxtdan heç bircə kitabınızı da görməmişik.
- Hazırda dörd kitabım çapa hazırdı. Şeirlər, hekayələr, roman, bir də seçmə məqalələrdi. Ancaq çap elətdirməyə həvəsim yoxdu. Həvəsləndirən olsa çap eləyəcəm, olmasa, şəxsən özümün yeni kitablarımı görmək arzum yoxdu. Adama deyərlər, mən yazdım, çap işlərini də siz görün, istəmirsinizsə, gedin tullanın!..

Aybəniz Ali