“İsa Qəmbərlə Əli Kərimliyə görə həbsxanada yatmaga dəyməz”

isa-qemberle-eli-kerimliye-gore-hebsxanada-yatmaga-deymez
Oxunma sayı: 643

Azərbaycanda bir neçə ildir ki, müxtəlif sosial şəbəkələr ictimaiyyətin, xüsusilə də gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Bir qrup radikal gəncin Misir, Tunis, Liviya və digər Ərəb ölkələrində inqilabların “Facebook” sosial şəbəkəsindən başlamasından necə həvəslənməsinin hələ 2011-ci ildə şahidi olduq. Həmin ölkələrlə Azərbaycanı müqayisə etməyin ciddi səhv olduğunu ən müxtəlif ekspertlər dəfələrlə vurğulasalar da, həmin gənclər “Facebook”dan “Böyük Xalq Günü”, “Böyük Nifrət Günü” tipli çağırışlar edib, öz tərəfdaşlarını “inqilab”a səsləyirlər.

İndi də “Facebook”da yeni etiraz kampaniyasına start verilib: “Böyük Xalq Hərəkatı”. Onun “idarə heyətinin” isə Amerikada, Avropada və Azərbaycanda yaşayan fəallardan təşkil olunduğu bildirilir. Hərəkata Fransada yaşayan bloqçu Elnur Məcidli rəhbərlik edir. Həmin səhifədə hərəkatın əleyhinə çıxanlar da var. Bəzi istifadəçilər müxalifət liderlərini tənqid edir. Amma radikallar tənqid edən şəxsləri saxta profil açmaqda günahlandırırlar.
Məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı “Mərkəz”ə açıqlamasında bildirib ki, dünyada son 2 il ərzində sosial şəbəkələrdə insanların yazışması, ünsiyyət saxlaması adi hala çevrilib.

Keçən ilin martın 11-də “Facebook” sosial şəbəkəsində mitinqə çağırış olduğunu xatırladan N.Orduxanlı qeyd edib ki, həmin proses heç 100 nəfəri əhatə etmədi: “Amma o zaman qeyd olunmuşdu ki, minlərlə adam bu çağırışa dəstək verəcək. Həmin mart hadisələrində meydana cəmi 100 adam çıxmadı. İnanmıram ki, sosial şəbəkədən olan çağırışa kütləvi dəstək nümayiş olunsun. Çünki bilirsiniz ki, sosial şəbəkələrdə 1 nəfər 10-15 saxta profillər yaradıb, özünü başqa bir iştirakçı kimi də təqdim edə bilər”.
Bu formatın nədən irəli gəlməsilə bağlı fikirlərini paylaşan Orduxanlı dedi ki, həmin təşəbbüsü irəli sürənlər Əli Kərimlinin partiyasına mənsub gənclərdir: “Bu adamların məqsədi ölkədə qarşıdurmanı gücləndirmək, xüsusilə icazəsiz mitinq keçirməkdir. Mən bütün hallarda ölkədə mitinq keçirilməsinin, normal şəraitin yaradılmasının, sərbəst toplaşmaq hüququnun icra olunmasının tərəfdarıyam. Amma bu çağırışlara gəlincə, keçən il də göstərdi ki, bununla heç nəyə nail olmaq olmur. Xüsusilə həmin gənclərə üzümü tuturam ki, keçənilki nümunədən dəsr götürsünlər. Əli Kərimli, İsa Qəmbər kimi İctimai Palatanın (İP) rəhbərliyində olan bəzi şəxslərin təsirinə düşməsinlər. 2011-ci ildə bu məsələ ilə bağlı sonradan İP-nın mitinqi keçirildi. Nəticədə nə oldu? 5-10 nəfər gənc qanunsuz aksiyada iştirak etdiyi üçün həbs edildi. İsa Qəmbərlə Əli Kərimliyə görə ali təhsilindən xaric olunub, həbsxanada yatmağa dəyməz. İP-nın rəhbərliyində duran həmin şəxslər gənclər həbs olunanda onların istintaqını belə gözləmədilər. O dövrdə onlar kurorta istirahətə getdilər”.

Niyaməddin Orduxanlı deyir ki, xaricdə yaşayıb hansısa mitinqə rəhbərlik etməyin özü də absurddur: “Rusiyada baş verən son prosesləri Azərbaycana yönəldirlər. Tutalım, Hindistanda bir nəfər filin üzərinə çıxıb mitinq etmək istəsə, radikal müxalifət başlayacaq ki, fil inqilabı edirik. Başqa ölkələrdə nə cür inqilab olursa, onu etməyə cəhd edirlər”.