“İşdə maaş vermədilər, oğurluq etdik”

isde-maas-vermediler-ogurluq-etdik
Oxunma sayı: 718

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kontakt" və "Eurolux" şirkətlərindən oğurluq etməkdə təqsirləndirilən Saleh Mehdiyev, Tərlan Əhmədağazadə və İntiqam Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub. T.Əhmədağazadə anbarda fəhlə işlədiyini deyib:

"Anbarların giriş-çıxışını bilirdim. Borcum olduğu üçün oğurluq etdim. Orada fəhlə işləyirdim. Maaşım 300 manat idi, amma bir neçə ay idi maaş almırdıq".

Saleh Mehdiyev deyib ki, İntiqam Quliyevə birlikdə anbardan 2 kondisioner, 2 tozsoran oğurlayıblar: "Kondisionerləri 500 manata satdıq, pulu böldük. Ehtiyacımız var idi".

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

Qeyd edək ki, onlar anbardan 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlayıb. Bundan başqa, T.Əhmədağazadə "Xəzər İnşaat" şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyaları oğurlayıb.