İşdən çıxarılan məmur üçün muştuluq

isden-cixarilan-memur-ucun-mustuluq
Oxunma sayı: 757

Raminə Eyvazqızı

Ziya Məmmədov işindən uzaqlaşdırılanda onun Quran kitabına sarıldığını gülüş obyektinə çevirmişdilər. Niyə də olmasın ki? Azmıdır fəqir-füqəranın pulunu yeyib, namaza oturan kişilər? Ömrüboyu qonşuya bir dilim çörək verməyənin sonradan xəstəyə əl tutduğunu eşidəndə dodağımızı dişləyirik. Kimsə həyatının hansısa mərhələsində imana gəlir, vicdanını pöhrələndirib edir, Xan çinarı. Bəziləri bu dünyaya vicdansız gəlir, onun nə olduğunu bilmədən ölürlər. Bədbəxtdilər də.

Bir neçə gün əvvəl Yasamalın icra başçısı vəzifəsindən azad edildi. 2006-cı ildən vəzifəsini icra edən şəxsin işsiz qalmasına sevinən, muştuluq paylayanı oldu. Nə səbəbdən görəsən?  İbrahim Mehdiyevin səlahiyyətləri əlindən alındı deyəmi? 11 il az vaxt deyil, o kəsin bu illər ərzində gələcəyi üçün xeyli planlar qurmağa vaxtı olub. Çox istəyərdik ki, belə şəxslər işdən ayrılanda sərvətləri barədə məlumatla kreslosunu tərk etsin. Hardadı bizdə o bəxt ki, qalaq-qalaq xəbərlər verək İbrahim müəllimdən. Azərbaycanda icra başçısı  ilə görüşmək müşkülü təmiz, milli "ikra"nı (kürünü) dadmaq kimidir. Əslində vəzifədən getmək şəxsin böyük depressiyasına səbəb olur.

Bu da o deməkdir ki, belə adamların sonrakı gününə gülməyə, sevinməyə dəyməz. Məncə, vəzifədən gedənlər üçün psixoloji yardım mərkəzi açılmalıdr. Çox(!) sabiq illərdir qazandığını sonradan sağlamlığına xərcləməli olur. Eks-vəzifəlinin içində yaranan boşluq kasıbın soyuducusundakı boşluqdan betər olur. Ən əvvəl gözəgörünməz, ələ düşməyən şəxsin birdən-birə adiləşməsi onun psixoloji gərginliyinə gətirib çıxarır.  Vaxtiylə qarşısında əyilənlərin artıq beli düzəlir, əmr qullarının çoxu şəxslə münasibəti normala qaytarır. Ekslə əlbir olanların sıraları azalır, səlahiyyətlərini bilən keçmiş vəzifə yiyəsinin küskün günləri başlayır. Artıq ondan alqı-satqı məsələləri barədə fikir də soruşmurlar, haqq-hesab barəsindəki təcrübəsindən bəhrələnmirlər. Sabiqsə, o anlar üçün çox darııxr. Xüsusən, əli ilə qoyduğu obyeklərə ziyarətin həsrətini çəkir.

Vəzifədən getməyin də belə acınacaqlı tərəfi var. Hamı sabiqlik dövrünün ilk etapını asanlıqla yola vermir. Hamı Tağı müəllim kimi işindən ayrılandan sonra Dubayı yol alıb dincəlmir. Baxmayaraq ki, keçmiş metropoliten rəisinin işdən çıxmasını təbriklə qarşılayan çoxu sonrakı vaxtlarda onun yoxluğuna təəssüf etdi. Tağı Əhmədov cənabları artıq işsizlər sırasında da deyil.

Misir Mərdanov nazir vəzifəsini boşaldanda da, "şükür" duasını deyənlər indi onun verilən suala necə gəldi cavabı üçün darıxırlar. Ona görə də, hansısa məmurun işindən getməsini arzulamazdan qabaq yerinə gələcək baradə düşünmək lazımdır. Gəlin, Allahın qarğışına keçməyək.

İndi də növbəti eksləri gözləyirəm. Hətta ürəyimdən keçən, vəzifəsindən uzaqlaşdırılmalı məmurların gələcəyinə dua etməyə də başlamışam. Xüsusi ilə təhsil, səhiyyə, mədəniyyəti göy əskiyə bükənlərin sıralarının təmizlənməsini istəyirəm. Sizin də arzularınızı əla bilirəm, bunu deməkdən qorxmuram. Niyə qorxmalıyam ki? Bir az ədalət istəklisiyik, o qədər. Mahatma Qandi demiş, ədalətsiz olub insanları arxamca sürüməkdənsə, ədalətli olub tək qalaram!