İşdən qovulan müstəntiq ifadə verdi - “Yol polisləri dedi ki, sürücü yoxdur”

isden-qovulan-mustentiq-ifade-verdi
Oxunma sayı: 3644

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə müstəntiq Vüqar Abbasov şahid qismində ifadə verib. 

İlk başda bu iş V.Abbasovun icraatında olub. O isə qəzanı R.Rəhimovun törətdiyini bilsə də, işi başqa istiqamətdə aparıb və qəzanı ailənin sürücüsü Əmrulla Şahbazovun törətdiyinə dair ifadələr alıb. Daha sonra buna görə vəzifəsindən qovulub. 

O məhkəmədə ifadə verərək deyib ki, məlumat daxil olan kimi hadisə yerinə gedib: "Mən ora çatanda maşının nömrəsi üstündə yox idi,  baqajdan çıxdı. Yol polislərindən soruşdum, dedilər sürücü yoxdur.

Şahidlər qəzanı cavan uşağın törətdiyini dedilər. Həmin cavan oğlanı tapa bilmədik. Polislər mənə yaxınlaşıb qəzanı törədən şəxsin burda olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, Rəhim ortalıqda yox idi. Meyiti morqa aparıb oradan idarəyə getdim. 

Sonra Əmrulla adlı biri gəlib hadisəni özünün törətdiyini dedi. Orada Əmrullanı dindirdim və yalan danışdığını bildim. Dərhal cinayət işi açdım. Araşdırma zamanı Rəhim özü cinayəti etiraf etdi.

Rəhim 20 gün axtarışda olub. Hadisə günündən atası ilə danışıb deyirdik ki, Rəhimi gətir. 20 gün sonra gəldi, amma əvvəlcə etiraf etmirdi. Atası da qəzanın Rəhimin törətdiyini dedi, amma oğluna kömək etməyimi istədi. Biz isə istintaqın maraqlarına uyğun davdandıq". 

R.Rəhimov isə gizlənmədiyini, hər gün universitetə dərsə getdiyini deyib: "Jurnalda davamiyyətimə baxıb görə bilərsiz. Bir dəfə mən universitetdə olanda əməliyyatçılar gəlib dostlarımı mənim yanımdan ifadə vermək üçün apardılar, amma mənə bir kəlmə də demədilər".