İşəgötürənin “ərdəsən” sualı

isegoturenin-erdesen-suali
Oxunma sayı: 2777


Arada əmək yarmarkalarının keçirilməsiylə bağlı elanlar eşidirik. İş-güc axtaran qadınlı, kişili ümidini itirmədən ora baş çəkir, bacarıqlı olan özünə uyğun iş tapır, ya da üzüqara geri qayıdır. Deyilənə görə, indi işəgötürənlərin bir qismi belə fırıldaq üsula əl atır, yeni işçini qəbul edir, bir müddət işini gördürür, sonra isə onu bəyənmədiyi səbəbindən azad edir. Bu daha çox işləmək həvəsiylə alışıb yanan, pul qazanmağa çalışan tələbələrə və yeni məzun olmuş gənclərə aid edilir.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi bar-bar bağırır ki, işə qəbul zamanı əmək müqaviləsi adlı sənəd tərtib olunmalıdır. Bu sənəd işçinin hüquqlarını təmin edir. Sənəddə hər iki tərəfin davranış qaydaları(əxlaq normalarından başqa) da öz əksini tapır.Təəssüf ki, bu gün ən ağır işdə işləyənlərin belə bu sənədi yoxdur. Hələ özbaşına iş axtaran üçün yeni problem də çıxır. Kələklə məşğul olan iş tapan firmaların fəaliyyətini hələ demirəm.  

 Kişilərlə müqayisədə işə düzəlmək müasir qadın üçün ən əsas problemlərdəndir. Ən çox da boşanmaların artdığı bir vaxtda dul qalmış qadınların iş tapması qəliz məsələyə çevrilib. Belələrinə təəssüf ki, tamam başqa gözlə baxırlar. Belə xanımların dilə-dişə düşmək kimi təhlükəsi olduğundan, uyğun iş mühiti tapması çətindir.

Niyə qadın hüquqlarının heç də az təbliğ olunmadığı ölkədə gərginlik hökm sürür? Əvvəla bizim ailələrdə qadının işləməsi bəzi kişilər üçün qürur məsələsinə çevrilir. Belələrinin düşüncəsinə görə, arvadın yeri mətbəx( indi o biri otaqlar da ola bilər, inkişaf gedir) və uşaqlarının “başıüstüdür”. Hətta ailə büdcəsi özünü doğrultmayanda belə, qadının “mən də işləmək istəyirəm” istəyini bağırmasına əsas verə bilməz. Qadın yalnız bu arzusuna məcburiyyət qarşısında çata bilər, o da Allah qorusun, evin kişisinin başına bir bəla gəlsə. Bir ailə tanıyıram ki, kişi qadını  həmişə qoruya-qoruya qalmışdı, bu heç qısqanclıq da deyildi, qadının ali təhsili vardı, amma əri iflic keçirdikdən sonra restorana aşbaz düzəlməli oldu. İndi görün, bu, evdəki kişi üçün nə böyük “dərddir”.

Bu gün istənilən xanım iş üçün müraciət etdiyi yerdə ən əvvəl onun üst-başına və görüşünə diqqət yetirirlər. Bu bütün sahələrdə belədir. Ya satıcılıq üçün, ya da həkimlik üçün. İkincisi onsuzda pulla düzələn məsələdir. Bütün hallarda iş görüşünə gələnin ağlı, düşüncə və biliyi arxa planda qalır. Sadə bir misal. Bu gün tanınmış geyim mağazalarına vurulan elanlarda ən çox gənc qızlar tələb olunur. Özü də bu qızlar gözə girən, cazibədar olmalıdır. İstənilən iş görüşünə gələn xanıma, qarşı tərəfdən birbaşa bu suallar verilir: “ərdəsən?”, “nişanlısan?”. Əvvəllər bu sualın ədəb ərkanı vardı, ailə vəziyyəti barədə məlumat istənilərdi. Ya da heç bunun fərqi olmazdı. Bu məsələnin diqqətdə tutulmasının məntiqi cavabı var. İşəgötürən işçisinin ailə problemiylə bağlı özünü sığortalıyır. Amma gəlin görək, hazırda xanımlara iş görüşündə sual bu məqsədləmi verilir? İşəgötürən çox halda kişilər olur, onlarınsa(söhbət əxlaq anlayışı olmayanlardan gedir)özlərinə görə marağı olur, bu marağı siz məndən yaxşı bilirsiz. İşçi xanımın ərdə olmaması müdir, ya da sahibə yeni imkanlar, sərbəst davranış verir.  Belə işbazlar üçün namus, qeyrət məsələləri köhnəlmiş mövzulardır. Onlar üçün işə ehtiyacı olan xanımı ələ almaq, lap çirkin də çıxsa ondan istifadə etməkdir. Etiraf edək ki, belə əclaflar günümüzdə var, onlar üçün yaş-baş heç bir rol oynamır, kiminsə sahibsiz olmadığını da yaxşı bilirlər, amma pulla bəzi qızları, xanmları yolundan çıxarmaq üzrə ustadırlar. Bu yerdə qadınlar da az aşın duzu deyillər. Sözü uzatmadan bildiyim bir neçə faktı göstərirəm.

Bir gənc qız bu yaxında mebel mağazasına işə düzəlib. İşəgötürən atası yaşında imiş. Gözəgəlimli qız mağaza sahibinin xoşuna gəlib, kişi də ona “qızım”la müraciət edib. Bir həftədən sonra qız işindən özü ayrılıb. Dediyinə görə, mağaza sahibi ikinci iş həftəsində ondan başqa şeylər gözləyib, hətta qızı otağına çağırıb, “əl-qol da atıb”.

Yaşadığımız binanın altında bir təndir var. Orada ağıllı başlı, uzun ətəkli xanım işləyirdi. Günlər keçdi bu xanım yavaş-yavaş “açılmağa” başladı. Artıq qısa ətək, başı daranmış birinə çevrildi. Hə, sonra məlum oldu ki, bu qadın təndir yerinin sahibi( özü də ailəli) ilə artıq binamızın ikinci mərtəbəsində kirayə qalırlar.

Məni daha çox təəccübləndirən isə bu yaxında aptekdə eşitdiklərimdir. Ticarət mərkəzində işləyən gənc (16-17yaşlarında) qız əzcaçıdan hamiləlik testi istədi. Əzçaçı da ondan soruşdu ki, “özün üçün alırsan?”. Qız nə çaşdı, nə də özündən nə isə uydurmağa tələsdi.  “Kimə alacam özümə alıram”, dedi. Ardınca məlum oldu ki, bu gənc qızın ailəsi rayonda yaşayır, bir neçə ildir öz mağaza sahibi ilə yaxınlıq edir. Hətta o aptektən çıxanda özünə təsəlli verirmiş kimi,”ini təmiz qız qalıb ki” dedi. Evə gələnə qədər belə qızların ailələri barədə fikirləşirdim.  Axı nə baş verib? Xüsusən də, rayondan baş götürüb şəhərə axışan qadınlar, axı nə var bu Bakıda? Bir də axı çirklənmək üçün pul, imkansızlıq, pis şəraət bəhanə ola bilməz. Doğrudan da, bu zamanda təmiz adı qorumaq müşkül məsələdir. Bu, bəlkə də bizim sınağımızdır.