İsgəndər Cavadovun proqnozu

isgender-cavadovun-proqnozu
Oxunma sayı: 646

Bakı – Rəvan
Çempionatın startı da göstərdi ki, bizi böyük sürprizlər gözləyir. Burda kimin qələbə qazanacağını demək çətindi. Baxmayaraq ki, “Bakı” bu görüşün favoriti hesab olunur. Amma Aleksandr Starkovun yetirmələri mövsümə uğursuz başlayıblar. Demək olar, hər oyunda xal itirirlər. Çempionluğa oynayan komanda belə çıxış etməməlidi. “Bakı” qol vura bilmir, özü isə çox buraxır. Fikrimcə, “zolaqlılar” nəhayət, qələbə qazanmalıdılar. “Rəvan”ın “Xəzər Lənkəran”a qarşı oyununu gördüm və düşünürəm ki, onlar da rəqibləri üçün hədiyyə deyil.

İnter – Simurq

Sergey Yuran hələ istədiyi komandanı yarada bilməyib. Transferlərə rəğmən, “Simurq”un problemləri qalmaqdadı. “İnter” qələbə qazanmalıdı. “Bankirlər”in artıq 3-4 mövsümdü birgə top qovan formalaşmış heyəti var. Onlar səhv etməməlidilər. Həm büdcəsinə, həm də heyətinə görə favorit “İnter”di. Amma meydanda nə olacaq, o, məlum deyil. Mənə elə gəlir ki, bakılılar problemsiz 3 xal götürəcəklər.

Xəzər Lənkəran – Neftçi

Bu, elə oyundu ki, kimin qələbə qazanacağını öncədən müəyyənləşdirmək mümkün deyil. Hər iki komanda çempionluğa oynayır. “Neftçi” son turda AZAL-a uduzsa da, bu, hələ heç nə demək deyil. Amma unutmamalıyıq ki, “Xəzər Lənkəran” evdə səfərdəkindən daha yaxşı oynayır. Kim daha yaxşı hazır olacaqsa, o da qələbə qazanacaq. Bu, derbidi, heç kim uduzmaq istəmir. Lənkəranlıların bu mövsümkü oyunu xoşuma gəlsə də, sabitlik yoxdu. Onlar həmişə mövsümə yaxşı başlayırlar, sonradan əldən verirlər. “Neftçi”yə gəlincə, onlara da AZAL-a məğlubiyyətdən sonra ancaq qələbə lazımdı. Proqnoz vermək çətindi, hər iki komanda eyni gücə malikdi.

Qəbələ - Turan

“Turan” ilk növbədə problemlərini həll etməlidi. Əgər onlar Premyer Liqada çıxış edirlərsə, futbolçularının pullarını ödəməlidilər. Matça gəlincə, favorit “Qəbələ”di. Toni Adamsın komandası ilk 4 turda yaxşı futbol sərgiləyib. Fikrimcə, onlar bu oyunu da qələbəylə başa vuracaqlar. Hər şey elə ilk hissədəcə həll olunacaq.

Sumqayıt Şəhər – Qarabağ

“Sumqayıt Şəhər” gənc komandadı. Qarşısında hansısa ciddi hədəf yoxdu. Heyəti gənclərdən qurulduğundan təcrübələri də azdı. Amma gələcəkdə sözünü deyəcək yaxşı oyunçulara malikdi. Bu görüşün favoriti isə “Qarabağ”dı. Əlbəttə, yığmadan qayıdan futbolçularda yorğunluq özünü göstərə bilər. Amma istənilən halda “Qarabağ” qələbə qazanmağa borcludu. Baxmayaraq ki, Ağdam klubunun xal itirməsinə də təəccüblənmərəm. Sadəcə, Qurban Qurbanovun komandası çempionluğa oynayırsa, xal itirməməlidi.

Kəpəz – AZAL

Son turda “Kəpəz” “Bakı”ya qarşı parlaq oyun sərgilədi. Həmin qələbədən sonra gəncəlilər daha inamlı oynayacaqlar. AZAL isə “Neftçi” üzərindəki qələbədən sonra eyforiyaya qapılmamalıdı. Bu qələbə hələ heç nə demək deyil. İnanmıram ki, “təyyarəçilər” bu oyunda problemsiz qələbə qazanacaqlar. “Kəpəz” heç-heçə edə bilər. Özü də oyun Gəncədə olduğundan meydan sahiblərinin yaxşı dəstəyi olacaq. AZAL yəqin ki, bu oyunda xal itirəcək.