İŞİD bir rus şəhərində belə terror törətmədi...

isid-bir-rus-seherinde-bele-terror-toretmedi
Oxunma sayı: 5076

İlqar Altay

Türkiyədən sonra Avropanın siyasi paytaxtı Brüsseldə də kütləvi insan və qan itkisinə qadir bombalar partladıldı. Kriminoloji yöndən aydın göründü ki, cinayət aktlarının motivində məqsəd daha da çox ictimai-siyasi sarsıntı, qorxulu və qisaslı cavab hissi yaratmaqdır. O da göründü ki, bu hadisə də növbəti dəfə İslam Dövləti İŞİD-in adı ortaya atılmaqla, onun üstünə yazılır!

Yaxşı dəbə düşüb son vaxtlar, bəzi hibrid - "yarı soyuq-yarı isti" mūharibə aparan dövlətlərin xüsusi xidmət orqanlarının müxtəlif regionlarda terror təşkil edib İŞİD, PKK kimi terror qrupların üstünə yıxması. Bu, təxminən, qanunsuz "qara" biznes quranların qanun və nəzarətdən kənar "OFŞOR" adlanan zona arxasında gizlənməklə "əməl" və "qazanclarını" yumalarına bənzəyir. Sorğu yox, sual yox.

Cox maraqlıdır ki, bu İŞİD-i Qərb, Aropa və Türkiyədən daha çox Rusiya bombaladı. Özü də bunu bütün dünyaya rəsmi bəyan etməklə birmənalı nümayişkaranə etdi. Gözlənilirdi ki, bu addım İŞİD-i Rusiyaya qarşı daha şiddətli cihada çəkəcək. Amma ki, nədəndirsə, İŞİD bu müddətdə bir rus əsirin, girovun tutub başını kəsmədi, bir rus hərbi təyyarəsini belə vurub salmadı, bir rus şəhərində terror törətmədi. Qəribə deyilmi?

Və təbii ki, buradan da suallar yaranır. Nədən, son aylar Türkiyənin iki ən mühüm, İstanbul və Ankara şəhərlərinin mühüm mərkəzi yerlərində az bir intervalda, dalbadal böyük dağıdıcı gücə malik, xüsusi hazırlıqla, plan və professonallıqla hazırlanmış bomba terroruna cürət edildi? Nədən bu cürət Türkiyənin səmasına girmiş Rusiya SU-24 hərbi təyyarəsini vurmasından əvvəlki dövrlərdə edilmirdi?

Nədən, oxşar dəst xəttli partlayışlar paralel olaraq Avropada da törədilir? Özü də bu dəfə, Türkiyə ilə miqrant razılaşması əldə edib, türklər üçün Şengen zonasına yenicə vizasız giriş icazə qərarı verən Avropa Birliyi paytaxtında!

Bu halda, qarantiya varmı ki, bu cür terror və təxribatlar, ən münaqişəli, məsuliyyətli anda qardaşlıq haqqının, Türkiyənin yanında olduğunu rəsmi bəyan etmiş Azərbaycanda, Bakıda da baş verməyəcək? Bunlar sırf məntiq və faktlardan yaranan, arxasında qaranlıq və təhlükəli məqamlar görünən, xüsusi yanaşma və araşdırma, konkret cavablar tələb edən vacib suallardır.

Çünki arxasında hansısa sadəcə dəstə və ya təşkilatın yox, dövlət səviyyəli gücün dayandığı müşahidə olunan misli görünməmiş bir terror dalğasının qarşısını məhz ifşa ala bilər. Dünya ictimaiyyəti qarşısında bu kimi suallara aydınlıq gətirə biləcək ifşa!