“İslam deyəndə hamı qorxmağa başlayır”

islam-deyende-hami-qorxmaga-baslayir
Oxunma sayı: 1255



“Qafqazinfo” xəbər verir ki, bunu ANS-ə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, bu gün İslam deyəndə hamı qorxmağa başlayır. Həm Avropada, həm başqa tərəflərdə: “Vaxtilə İslam deyəndə, peyğəmbər deyəndə Nur yada düşürdü, ehtiram yada düşürdü, İndi İslam deyəndə qılınc yada düşür, qaranlıq yada düşür. Bu fikri kim yaradıb? O adamlar yaradıblar. Bunlar küfr edirlər. Bir müsəlmanın, bir müsəlmanın qanını axıtmağa ixtiyarı yoxdur. Ümumən, müsəlman olmasa da günahsız insanı öldürmək çox böyük günahdır. Mən yenə də tövsiyyə edərdim ki, bizim insanlarımız başa düşsünlər. Öz vətəni dura-dura, Azərbaycan qala-qala bəzi insanlar gedib orda vuruşurlar. Ölənlər də var. Özlərini şəhid adlandırırlar. Onlar şəhid deyil. O insanlar bilsinlər ki, bizim burda, işğal altında Qarabağ torpağımız var. Şəhid o adamdır ki, öz ailəsini, öz namusunu, öz qeyrətini, öz vətənini və öz torpağını qoruyarkən ölsün. Bu axı din deyil”. 

Şeyx televiziya efirindən həmin insanlara müraciə də edib: “Allahı istəyən, Qurana inanan, peyğəmbərə inanan, 124 min peyğəmbərə inanan, bizi birləşdirən Qurandır və getdiyiniz bizi birləşdirən yol deyildir. Bu gün öldürmək yol deyil, Allahu Əkbər deyib kiminsə boynunu kəsmək yol deyil, qarət eləmək yol deyil. Ona görə də mən bir daha istərdim ki, bizim insanlarımız, bu gün ramazan ayı başladı, bu ayın xatirinə onlar qılınclarını yerə qoysunlar, qayıtsınlar ailələrinə, insanlara qiymət versinlər. Onlar çox gözəl bilirlər ki, bir insanı öldürənin, bütün insanları öldürən qədər günahı vardır. Allah yaradan məxluqu öldürmək, Allaha qarşı getmək deməkdir. Allaha üsyan eləməkdir. Aldadırlar sizi, səhv yola aparırlar. Bu yoldan tez tövbə edin və geri qayıdın. Mən əsas azərbaycanlıları nəzərdə tutram. Çünki mənim vətənimdir və mənə maraqlıdır. Bu vətənin torpağının 20 faizi ermənilər tərəfindən işğal olunub. Bizim məscidlərimiz var, ziyarətgahlarımız var, atalarımızın qəbirləri var. Bunların üstündən keçərək gedib orda məscidləri dağıtmaq, insanları öldürmək, bu böyük günahdır və olmaz”.