İslam Partiyası bəyanat verdi

islam-partiyasi-beyanat-verdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, partiya Xaçmazın Aslanoba kəndində 2 azyaşlı qızını zorlayan 39 yaşlı Mehman Qocayevin törətdiyi əməli kəskin pisləyərək narahatlığını ifadə edib. AİP qeyd edib ki, belə halları cəmiyyətimizdə baş verən ciddi əxlaq problemlərinin olduğunun göstəricisidir: “Bu kimi olaylar cəmiyyət üçün çox böyük və utandırıcı ləkədir və bu, cəmiyyətin kökünü baltalayan hadisədir”.

İslam Partiyası bu kimi hadisələrin əsas səbəbi kimi cəmiyyətdə İslam maarifinin qarşısının alınmasını göstərib: “Əksər telekanallarda və digər təbliğat vasitələrində mənəviyyatımızın tam əksinə təbliğatın aparılması, bundan əlavə adi etik qaydaları və İslam dəyərlərinin cəmiyyətdə təbliğ olunmaması və bunlara süni şəkildə məhdudiyyətlərin qoyulması belə hadisələrə rəvac verən amillərdən hesab oluna bilər. Təbii ki, fərd olaraq içində vicdan və Allaha inam daşımayan şəxs, istənilən mənəviyyatsız əmələ imza ata bilər. Bunun üçün cəmiyyətdə milli və mənəvi dəyərlər daha çox təbliğ olunmalı, insanların dini maariflənməsini genişləndirmək lazımdır. Əks halda gələcəkdə də belə tükürpədici olayların baş verəcəyi gözlənilə bilər. Çünki, müsəlman olaraq, İslam dinindən nə qədər uzaqlaşırıqsa, onun dəyərləri düzgün qiymətləndirilmirsə (bu dəyərlər cəmiyyəti fundamental kökünə bağlayır və İslam əxlaqını təlqin edir), belə neqativ hallar da baş vermək ehtimalını çoxaldır”.

AİP bu kimi halların son günlər “Dini etiqad və vicdan azadlığı” haqqında qanuna mürtəce dəyişikliklərin nəticəsi hesab edir. Partiya islam dininin maariflənməsini məhdudlaşdıran dəyişikliklər insanlarda dinə qarşı qorxu yaratdığını bildirib:

“Hesab edirik ki, ziyalılar, ictimai təşkilatlar, uşaqların hüquqlarının qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatları, Qafqaz Müsəlmanları İdarəsi bu vəhşiliyə göz yummamalı və dərhal münasibət bildirib, yaxından maraqlanmalıdırlar.”

AİP siyasi təşkilat olaraq, bütün cəmiyyəti Xaçmazda baş verən hadisəyə biganə olmamağa çağırır.

Səidə