İslam Partiyası Rafiq Tağı ilə bağlı mövqe açıqladı

islam-partiyasi-rafiq-tagi-ile-bagli-movqe-aciqladi
Oxunma sayı: 678

Noyabrın 19-da yazıçı Rafiq Tağı Bakıda bıçaqlanıb. Beş il əvvəl yazıçı “Avropa və biz” yazısına görə dindarların tənqidinə, təqibinə məruz qalmışdı. 2006-cı ildə yazı ölkə mətbuatında dərc olunduqdan sonra Rafiq Tağının əleyhinə bəyanatlar verilmişdi. Həmin bəyanatlardan birinin müəllifi Azərbaycan İslam Partiyası olmuşdu.

Rövşən Əhmədov 2006-cı ildə Azərbaycan İslam Partiyası sədrinin birinci müavini idi.

Partiya rəsmisi kimliyindən asılı olmayaraq hər bir insana qarşı yönəlmiş amansız davranışın təəssüf hissi doğurduğunu qeyd edib: “Əgər bıçaqlanma faktı varsa, bu, həyata sui-qəsd deməkdir. Rafiq Tağının günahının nədən ibarət olmasına baxmayaraq ona belə münasibət bəslənməməlidir. Ölkənin qanunları var və əgər lazımdırsa, o, qanunlar çərçivəsində günahlandırılmalıdır. Əgər Rafiq Tağı insanların inanclarına hörmətsizlik edirsə, yenə də qanunlar çərçivəsində, sivil qaydada cəzalanmalıdır. Bundan ötrü məhkəmə var. Fərdi qaydada kiminsə kimisə cəzalandırması Azərbaycan qanunlarına, eləcə də bəşəri qaydalara ziddir”.

Rövşən Əhmədovun qənaətinə görə, ölkədə xaos yaratmaq, təxribat törətmək istəyən xeyli qüvvə var: “Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda təqibə, təzyiqə, repressiyaya məruz qalan dindarlardır, Azərbaycan İslam Partiyasıdır. Azərbaycan cəmiyyətində Rafiq Tağı kimiləri çoxdur. Hesab edirəm ki, Rafiq Tağı kimiləri də nəyisə dəyişmək qüdrətində deyilər. Lakin belə adamları əlində oyuncağa çevirib öz istədikləri vəziyyəti yaratmaq, sərfəli nəticə əldə etmək niyyətində olan qüvvələr var. Təəssüf ki, belə adamlar üçün Rafiq Tağı və onun kimilər göydəndüşmədir. Rafiq Tağıya qəsd edənlər də Azərbaycanda islamı təqib edən qüvvələr üçün bir alətdir.

Bu hadisə ölkə dindarlarına qarşı yönəlmiş təxribatdır. Burada maraqlı qüvvələr var. Belə vəziyyətlərdən sonra düşmən ovuna çıxmağa başlayırlar. Belə bir ehtimal var. Bu təxribat dindarlara, islam dininə qarşıdır. Yəni irəli sürülən ittihamlar sübuta yetirilə bilmir, dəlilsiz-sübutsuz həbslərin nəticəsində isə rüsvay olurlar. Belə olanda isə Rafiq Tağı kimilərini ortaya çıxarırlar və deyirlər ki, gördünüzmü, biz bu təhlükəni nəzərdə tuturduq”.