İslamçıların işini bitirdilər

islamcilarin-isini-bitirdiler
Oxunma sayı: 685

Hakim hökmü elan edərkən bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Rufulla Axundzadə, Fəramiz Abbasovun evindən silah-sursatın çıxması, Mövsüm Səmədovun yanvarın 2-də dövlət əleyhinə çağırışlar etməsi, eləcə də Rufulla Axundzadənin İran İslam Respublikasının “Səhər” kanalında çıxış edərək dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməsi və digər ittihamlar öz təsdiqini tapıb.

Hakim Mövsüm Səmədovun AİP Baş Məclisinin 2 yanvar iclasındakı çıxışından bu sitatı gətirib və həmin sitatı dövlət çevrilişinə çağırış kimi dəyərlənidirib: “Mövsüm Səmədov Məhəmməd Peyğəmbərdən sitat gətirib ki, “Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun!”. Məgər bu gün o vaxt gəlib çatmayıb? Buna görə də Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun. Əgər bir şəxslər bizim dinimizə, bizim mənəviyyatımıza, bizim axirətimizə əl uzadarlarsa, biz də onların dünyasına əl uzadarıq. Bu gün Azərbyacan xalqı belə bir zalım rejimin və onun Yezid sifətli rəhbərin gərək hakimiyyətinə son qoysun”.

“Media forum” saytı xəbər verir ki, Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Fəramiz Abbasov 11 il, Rufulla Axundzadə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dəyanət Səmədov və Firdovsi Məmmədrzayevə 10 il müddətinə həbs verilib. Hökmə əsasən onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurdular.

Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülmüşdü.

Hakimin hökmü elan etməsi islamçıların yaxınlarının etirazı ilə qarşılanıb. Fəramiz Abbasovun qızı, eləcə də Rufulla Axundzadə etiraz səslərini qaldırıblar.