İslamçıların şikayəti təmin olunmadı

islamcilarin-sikayeti-temin-olunmadi
Oxunma sayı: 667

Fevralın 29-da Ali Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədrinin müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin kassasiya şıkayətlərinə baxılıb. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak edib.

Vəkil Anar Qasımlı “Media forum” saytına açıqlamasında şikayətin təmin olunmadığını deyib: “Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası keçirilərkən işə məhkəmə istintaqı qaydasında baxılmasını istəmişdik. Bu istəyimizə “yox” deyildiyindən Ali Məhkəməyə şikayət vermişdik. Şikayət təmin olunmadı”.

Prosesə hakim Hafiz Nəsibov sədrlik edib.

2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

İslamçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.