“İslatdı torpağı axan qızıl qan” – Rəsulzadə

islatdi-torpagi-axan-qizil-qan-resulzade
Oxunma sayı: 957

“Qafqazinfo” 28 May Respublika günü münasibəti ilə Məhəmməd Əmin Rəsulzadənin “Mayıs duyğuları” şeirini təqdim edir:

MAYIS DUYĞULARI

İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi mayısın,
Azərbaycan istiqlala girmişdi.

Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu,
Azərbaycan moskovların əlində,
Əsarətin zəhrini dadmış oldu.

Azərlər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
"Hürriyyət" fikrinə candan vuruldu.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən sabahkı bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar demək partlaq olacaq,
verdiyimiz qurbanların bahası
bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan istiqlala girəcək.