İşlədiyi şirkətdən 134 min oğurlayan qadının məhkəməsi olub

İşlədiyi şirkətdən 134 min oğurlayan qadının məhkəməsi olub
Oxunma sayı: 1642

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, ona bu işdə kömək edənlər – Tural Quliyev və Asif Abdullayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məlum olub ki, istintaqın əvvəlində həbsə salınan dəstə üzvləri sonradan ev dustaqlığına buraxılıblar.

Prokurorun elan etdiyi ittiham aktına münasibət bildirən adıçəkilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər. S.Məmmədova bu günkü iclasda ifadə vermək istəmədiyini deyib. 

T.Quliyev isə ifadə verərək cinayəti necə planladıqlarını danışıb: “Səidəni bir ilə yaxındır tanıyırdım. Şirkətdə 50 min manata yaxın kəsri vardı. Mən ona mərc oyunlarına pul qoymağı təklif etdim, oynadıq, amma amma uduzduq. Sonra başqa plan qurduq, Səidə işdən çıxma vaxtını bizə dedi. O taksiyə minəndə Asiflə mən çantasını alıb qaçdıq. Orada 53 min manat var idi”.

Məhkəmə T.Quliyevə məxsus və cinayət zamanı istifadə olunan “Niva” markalı avtomobilin üzərinə həbs qoyub. Müdafiə tərəfi şirkətin mülki iddia qaldırmadığını bildirərək buna etiraz edib. 

Rəsmi məlumata görə, Bakıda yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. 

Soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub. Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi