İşləməyi ayıb bilən qadınlar

islemeyi-ayib-bilen-qadinlar
Oxunma sayı: 2055

Dünya Sakit

Bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri bir açıqlama ilə diqqətə gəldi. Cənab nazir demişdi ki, Azərbaycanda işsiz qadınların çoxu özləri işləmək istəmədikləri üçün işsizdirlər. Və xeyli sayda insan, o cümlədən də mən naziri qınayaraq, bu fikrin doğru olmadığını, əslində iş olmadığı üçün qadınların işsiz qaldıqlarını dedik...

Amma və lakin son 2-3 həftə ərzində 90-a yaxın qadınla təmasda olduqdan sonra naziri qınamaqla böyük bir yanlışa yol verdiyimi dərk etdim. Etiraf edirəm ki, Səlim müəllim haqlıymış: Azərbaycanda 25-35 yaş arası, işləmək, ailəyə dəstək olmağı ağlına belə gətirməyən çoxsaylı qadınlar təbəqəsi formalaşıb: onlar kişilərin əziyyətlə evə gətirdiyi az pulla bir qarnı ac, bir qarnı tox yaşamağa razıdılar. Haradasa işləyib güzəranlarını yaxşılaşdırmaq, evin kişisinə dəstək olmağı isə ağıllarına belə gətirmirlər.  

Övladımın məktəbəqədər hazırlığa getməsi ilə bağlı son həftələr ərzində məktəbdə istər-istəməz gənc analarla təmasda oluram. 3 hazırlıq qrupunda 90-a yaxın uşaq var və onların anaları arasında işləyən cəmi 4-5 nəfərdir. Mən bildiyim,  28 nəfərlik qrupda işləyən yalnız 2 anadır. Qalan uşaqların heç birinin anası işləmir. Və bu işləməyən anaların işləyənlərə necə yuxarıdan aşağı, toxunulmazlar kastasının nümayəndəsi kimi baxmalarını görmək bir ayrı “aləmdir”.

Yaşı 25-35 arası olan bu qadınların arasında ali təhsilliləri də var, orta təhsilliləri də. Bir neçə dəfə söhbət düşüb işləməklə bağlı. Çoxusu işlə ev işlərini çatdıra bilməyəcəklərini deyirlər. İlk əvvəl bəlkə evdəkilərin işləmələrinə icazə vermədiklərini düşünürdüm. Lakin zaman keçdikcə söhbət düşür və hər dəfəsində də əksəriyyəti bu fikri qətiyyətlə rədd edirlər, işləmək istəsələr həyat yoldaşları, yaxud digərləri tərəfindən hər hansı etiraz olmayacağını deyirlər. “Bəs nə əcəb işləmək istəmirsiniz” soruşanda isə elə təəccüblənirlər, sanki işləsələr nəsə dəhşətli bir əməl tutmuş olacaqlar. Halbuki onların əksəriyyətinin dolanışığının kifayət qədər aşağılığı açıq hiss olunur: həyat yoldaşları bazarda, yarmarkada satıcı, yükdaşıyan, tikintidə fəhlə, hətta əmək bazarında günəmuzd iş axtaran olanlar çoxdur. Bu cür ağır işdə işləməklə ailəyə gətirilən qazancı o analar elə rahatlıqla lüzumsuz yerə xərcləyirlər ki... 

Ana var ki, həyat yoldaşının şəhərdə fəhlə işlədiyi yerdən evə gecəyarısı gəldiyini, uşaqlarının üzünü düz-əməlli görə bilmədiyini deyir, amma uşaq üçün lazım olan ləvazimatları alarkən gedib ən bahalılarından yapışır. Kimsə daha ucuzundan almağı təklif edəndə isə az qalır xalq düşməni elan eləsin. Ana var, əlavə yığılan pulu verməyə imkanı olmadığını deyəni hamının arasında biabır edir. Dəhşət burasıdır ki, belələrinə kiminsə imkanının olmaya biləcəyini başa salmaq olmur. Arqumenti də bu olur ki, “mənim yoldaşım da zülümlə qazanır pulu, niyə mən verirəm o biri vermir”.

Özündənrazı, işləməyi ayıb bilən belə qadınların rüşvət verməyə nə qədər həvəsli olduqlarını görməyə göz gərək. Müəllimlər günü ərəfəsində heç kimdən pul götürməyəcəyini deyib, analara pul yığmağı qadağan edən bir müəlliməni azı 2 həftə müzakirə etdilər. Sözün həqiqi mənasında, adama düşmən kimi baxırlar hələ də. Onları gördükcə, daha çox əmin oluram ki, Azərbaycanda rüşvət, korrupsiya mühitini qidalandıranlardan biri də məhz belə analardır. Bir aya yaxın müddətdə bir dəfə də olsun müəllimin tədris üsulu, uşaqlara bilik aşılama bacarıqları barədə danışmayan, aldığımız kitablardakı tapşırıqlarla bağlı müzakirə açmayan bu anaların evdə övladlarına nə öyrətdiklərini təsəvvür etmək çətin deyil.  

Düzünü deyim, son bir ayda gələcəyimizdən qorxularım birəbeş artıb: bu anaların yetişdirdiyi cəmiyyətdə baş çıxartmaq övladlarımız üçün çox çətin olacaq, çox...