İsmayıllı xəstəxanasından açıqlama gəldi - “Heç bir ölüm hadisəsi yoxdur”

ismayilli-xestexanasindan-aciqlama-geldi-hec-bir-olum-hadisesi-yoxdur
Oxunma sayı: 689

İsmayıllıda baş vermiş son hadisələr nəticəsində rayon mərkəzi xəstəxanasına 10 nəfərə qədər yaralı gətirilib. Onlardan 3-ü polis əməkdaşı olub. Yaralıların xəsarəti yüngül idi və əksəri ilkin tibbi yardımdan sonra amblator müalicəyə buraxılıb. Vəziyyəti ağır olan bir nəfər Bakıya aparılıb. Məlumatı “Media forum” saytına rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinin müdiri Firudin Ağayev verib.

Firudin Ağayev hadisələrlə bağlı hazırda xəstəxanada müalicə alan şəxsin olmadığını deyib.

Hadisə zamanı ölənlərin də olması barədə sosial şəbəkələrdə, bəzi saytlarda yayılan xəbərlərə gəlincə, həkim bu məlumatların əsassız olduğunu deyib: “Tam boş xəbərlərdir. Şayiədən başqa bir şey deyil. Tək bir nəfərin vəziyyəti ağır olub və onu Bakıya – Kliniki Tibbi Mərkəzə yollamışıq. İki qabırğasında sınıq vardı. Rayon sakinidir, oteldə işləyən şəxslərdən biridir. Kütlə otelə hücum edəndə darvaza aşıb və darvazanın altında qalıb. Heç bir ölüm hadisəsi yoxdur. Evə buraxdığımız xəstələrin kimisinə daş dəymişdi, kimisi yıxılıb əzilmişdi. Yəni bu kimi xəsarətlər idi”.

Firudin Ağayev hadisə zamanı kəskin qaz zəhərlənməsi şikayəti ilə xəstəxanaya müraciət edənin olmadığını deyib: “Cəmi iki nəfər qaz zəhərlənməsi ilə müraciət edib, amma onların da zəhərlənməsi kəskin olmayıb, vəziyyətləri yüngül idi”.

Həkim hadisələrin gedişatında Bakıdan rayona iki təcili yardım maşınının gəldiyini bildirib: “Səhiyyə nazirinin müavini Elsevər Ağayev, nazirliyin digər səlahiyyətliləri telefonla zəng edərək xəstəxanadakı durumla maraqlanıblar”.

Şöbə müdiri iki gün ərzində xəstəxanada çalışan tibbi heyətin səfərbər olduğunu, istənilən yardım üçün hazır vəziyyətə gətirildiyini vurğulayıb.