İsmayıllıda müəmma - 20-ə yaxın inəyin süd vəzi kəsilib, yoxsa?..+ Video

ismayillida-muemma
Oxunma sayı: 4138

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzləri sanki kəsilərək yararsız hala salınıb. Nəticədə heyvanların süd vermək qabiliyyəti itib. Mal-qaranın süd vəzlərinin kimlər tərəfindən kəsildiyi və ya hansısa xəstəlik nəticəsində yararsız hala düşdüyü bilinmir.

“Qafqazinfo” Xəzərxəbər-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, müəmmalı hadisə son 10 gün ərzində baş verib. Xəsarət alan inəklərdən südlük heyvan kimi istifadə etmək mümkün olmadığına görə fermerlər çıxılmaz vəziyyətdə qalıb. Həmin heyvanların qiyməti kəskin aşağı düşdüyü üçün onları satmaq da qeyri-mümkündür.

Fermerlər məsələ ilə bağlı baytarlıq idarəsinə müraciət ediblər. Rayonun baş baytarı Barat Şahaliyev deyib ki, Girk kəndində yaralı heyvanlara baxış keçirilib, qan analizi və heyvanlardan lazımi nümunələr götürülüb. Hazırda nəticələri gözləyirlər.

Girk kəndində baş verən olayla bağlı İsmayıllı rayon Polis Şöbəsindən bildirilib ki, sakinlərin müraciəti əsasında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: