İsmayıllıda yenidən gərginlik başladı - Yenilənir

ismayillida-yeniden-gerginlik-basladi-yenilenir
Oxunma sayı: 644

İnsanlar 15-20 nəfərlik qruplarla rayon mərkəzinin əsas meydanlarına toplaşmağa cəhd göstərirlər.

Onların ümumi sayının hələlik 200 nəfərdən bir az artıq olduğu deyilir. Vətəndaşlar rayon mərkəzindəki məscidin önünə toplanıblar. Artıq toplumun içərisindən “istefa” şüarları səsləndirilməyə başlanıb. Polisə isə döyüş hazırlığı əmri verilib. “Toqquşma ehtimalı böyükdür, çünki camaat polisin meqafonla etdiyi xəbərdarlıqlara baxmayaraq, dağılışmır”, deyə müxbirimiz yaranan vəziyyəti dəyərləndirib.

Bu cümlələri deyərkən, onun telefonundan atəş səsləri gəlməyə başladı. “Səs bombası atırlar”, deyə müxbirimiz bildirdi. Az sonra isə məlumat aldıq ki, əraziyə toplaşanlar polis gücü tərəfindən oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, artıq İsmayıllıya çox sayda hərbi texnika və canlı qüvvə yeridilib./musavat.com/

Xatırladaq ki, təxminən bir saat əvvəl İsmayıllı sakinləri “Qafqazinfo”ya zəng vuraraq icra başçısı Nizami Ələkbərov istefa verməsə, saat 20:00-da yenidən aksiya keçirəcəklərini, hətta başçının evini belə yandıracaqlarını bildirmişdilər.

***

20.04

İsmayıllıda olan Azadlıq qəzetinin əməkdaşı xəbər verir ki, rayonda etiraz aksiyasının növbəti dalğası başlayıb. Bu dəqiqələrdə yüzlərlə rayon sakini İH binasına doğru yürüş edib. Polis və təhlükəsizlik qüvvələri yürüşün qarşısını almaq üçün müqavimət göstərir. Əhaliyə qarşı zor işlədilir. Səs bombaları və gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olunur. Həbs edilənlər var.

Bölgə müxbirimiz Elçin İsmayıllının verdiyi xəbərə görə, rayon mərkəzinə yaxın Mican kəndindən təxminən 200 nəfər "İstefa" şüarları ilə İH binasına doğru yürüyürlər. Məlumatlara görə, rayonun bir neçə istiqamətindən İH binasına doğru əhalinin axını başlayıb. Polis və təhlükəsizlik qüvvələri insanları binanın yaxınlığına buraxmamaq üçün səfərbər olunublar və zorakılıq işlədirlər.

***

İsmayıllıda icra hakimiyyətinin binası qarşısında sakinlər maşınlarla polisə hücum edib. "AzadlıqRadiosu"nun müxbiri xəbər verir ki, 7-8 maşınla polisə hücum olub. Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə etməklə onların qarşısını ala bilib.

Gözyaşardıcı qaz ətrafa yayıldığından nəfəs almaq mümkün deyil.

***
Bu dəqiqə (20.30) aldığımız xəbərə görə, İsmayıllıda vəziyyət yenidən gərginləşib. Mərkəzi küçələrə toplaşan insanlar İcra Hakimiyyəti başçısının ünvanına "İstefa" şüarları səsləndirirlər.

***

Musavat.com xəbər verir ki, İsmayıllıda havaya atılan atəş səsləri gəlir. İnsanlar İcra Hakimiyyəti binasına doğru keçmək istəyirlər, ancaq polislər mane olurlar. Polislər gözyaşardıcı qazdan istifadə ediblər. Gənclər köhnə təkərlərdən barrikada qurur və onları yandırırlar.