İsmayıllılar əsas tələblərini açıqladı – “Rayondan rədd olsunlar”

ismayillilar-esas-teleblerini-aciqladi-rayondan-redd-olsunlar
Oxunma sayı: 651

Dünən İsmayıllıda baş verən və bütün ölkə gündəmini zəbt edən hadisə ilə bağlı redaksiyamıza bu dəqiqələrdə maraqlı məlumat daxil olub. “Qafqazinfo”ya zəng vuran bir qrup İsmayıllı sakini gecəki insidentin əsas səbəb və tələblərini açıqlayıb.

Sakinlər bildirib ki, hadisəyə səbəb konkret olaraq icra başçısı Nizami Ələkbərov, qardaşı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və digər bir nazirin oğlunun ( həmin şəxsin nəqliyyat naziri Ziya Məmmədovun oğlu olduğu iddia olunur) dünən İsmayıllı camaatını təhqir etməsi və rayonun mərkəzində 3 “hummer” markalı avtomobillə İsmayıllı sakinlərinə “var-yox” söyüşü söyməsi olub: “Bu uşaqlar rayonun mərkəzində dedilər ki, İsmayıllıda kişi yoxdur, sizin var-yoxunuz...”

Sakinlərin sözlərinə görə, hazırda onların qarşısını kəsən İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayevə olan hörmətləridir: “Rayon camatı polis rəsinə hörmət bəsləyir. Onun xahişini nəzərə alıb müəyyən vaxta qədər gözləməyə qərar verdik. Əsas tələbimiz odurki, icra başçısı və onun rayonu zəbt edən qohumları İsmayıllıdan rədd olsunlar. Əgər Nizami Ələkbərov istefa verməsə, biz bildiyimizi edəcəyik”.

Sakinlər daha sonra qeyd ediblər ki, bu gün saat 20:00-da yenidən aksiya keçirməyi planlaşdırırlar. Onlar bu dəfə icra başçısının evini yandırmaq niyyətində olduğunu əlavə ediblər. “Bizim aksiyamız dövlətə qarşı deyil. Biz prezident İlham Əliyevdən Nizami Ələkbərov barəsində ölçü götüməsindən başqa heç bir tələb istəmirik. Biz prezidentin siyasətindən narazı deyilik, icra başçısı barədə ölçü götürülməsini xahiş edirik. Sadəcə Ələkbərovların rayondan qovulmasını istəyirik”.